Martin İden. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Martin İden - Джек Лондон страница 4
Kitabxanaya çox gəldiyinə görə masa arxasında oturan adam artıq Martini tanıyır, ona xoş üz göstərirdi. Bir dəfə Martin bu dostcasına münasibətdən istifadə edib ona yaxınlaşdı.
– Bağışlayın, sizdən bir şey soruşmaq olarmı? – kitabxanaçı gülümsəyib başını tərpətdi. – Tutaq ki, gənc bir ledi ilə tanış olmusunuz, o da sizi evinə dəvət eləyib. Nə müddətdən sonra bunu etmək olar?
– Məncə, nə vaxt istəsəniz.
– Sözün düzü, məsələ başqa cürdür. – Martin hiss elədi ki, həyəcandan köynəyi tərləyərək kürəyinə yapışıb. – Bilirsiniz, mən adi matrosam, kübar cəmiyyətə elə də öyrəşməmişəm. Həmin qız mənim kimi deyil, universitetdə oxuyur…
Kitabxanaçı gülümsəyərək dedi:
– Məsləhət görürəm, qıza zəng vurub nə vaxt gəlməyi özündən soruşasınız.
– Doğru deyirsiniz, heç ağlıma gəlməmişdi.
Martin kitablarını yığışdırıb tələsik qapıya tərəf getdi. Problem həll olunmuşdu.
Verdiyi kitabları qaytarmaq bəhanəsilə Rufa zəng etdi.
– Nə vaxt istəyirsiniz, gəlin, – Ruf sakitcə cavab verdi.
Martini qapıda özü qarşıladı. Onun ütülənmiş şalvarı, hərəkətlərindəki yaxşılığa doğru dəyişiklik qızın gözündən qaçmadı. Rufun əlini sıxarkən yenə ürək çırpıntısı duydu. O qızardığı halda, Ruf öz həyəcanını büruzə vermədi.
Qonaq otağında əvvəlcə kitablardan danışdılar. Ruf Martinə necə kömək etmək haqqında düşünür, ona qarşı mehribanlıq, şəfqət duyurdu. Qəlbində sevgi doğulduğu ağlına belə gəlmirdi.
Lakin Martin Rufu sevdiyini və ömründə belə bir sevgi yaşamadığını bilirdi. O, gözəl olan hər şeyi, eləcə də poeziyanı sevirdi. İndi məhəbbət lirikasının qapıları qarşısında taybatay açılmışdı.
– Sizdən bir məsləhət almaq istəyirəm, – Martin tərəddüdlə dedi. – Mən kitablar haqqında danışmağı bacarmıram. Bu haqda çox baş sındırmışam. Bəlkə, lap əvvəldən başlamağım yaxşı olar? Uşaq yaşlarımdan işləməyə məcbur olmuşam. İndi isə kitabxanaya gedəndə, əvvəllər lazım olan kitabları oxumadığımı görürəm. Bilirsiniz, sizin evdə olan kitabları fermada, gəmidə tapmaq olmur. Özümü öymədən deyə bilərəm ki, heç də oturub-durduğum adamlar kimi deyiləm. Demirəm ki başqa matroslardan yaxşıyam, amma kitabları həmişə sevmişəm. İstərdim ətrafımda kitablar, tablolar, hər cür qəşəng şeylər olsun; adamlar sakit danışsın, təmiz geyinsin, fikirləri saf, aydın olsun. Mənim ömür boyu nəfəs aldığım havaya isə mətbəx iyi, spirt qoxusu, söyüş, mənzil kirayəsi haqqında söz-söhbətlər qarışıb. Siz ananızı öpmək üçün ayağa qalxanda mənə o qədər gözəl təsir etdi ki… Axı həyat təkcə sərxoşluqdan, dava-dalaşdan, ağır işdən ibarət deyil. İndi qarşımda bir sual durur: nədən başlamalıyam? Mən işdən qorxmuram. Gecə-gündüz çalışacağam. Bəlkə, cavab tapmaq üçün nahaq yerə sizə müraciət edirəm?
Ruf dərhal cavab vermədi. Bu qədər gücün əks olunduğu gözləri o heç vaxt görməmişdi. Bu gözlərin yiyəsi hər şeyi bacarar – Rufun gəldiyi qənaət belə idi.
– Özünüz bilirsiniz ki, təhsiliniz çatışmır. Gərək lap əvvəldən başlayasınız. Məktəbi bitirib universitet kursu keçəsiniz.
– Bunun üçün pul lazımdır, – Martin onun sözünü kəsdi.
– Hə, bunu fikirləşməmişdim. Qohumalarınızdan kimsə kömək edə bilməzmi?
– Ata-anam ölüb, iki bacım var: biri ərdədir, o biri də, yəqin, bu yaxınlarda ərə gedəcək. Mən bir yığın qardaşın ən kiçiyiyəm. Hamısı xoşbəxt həyat sorağı ilə dünyaya səpələnib. Böyük qardaşım Hindistanda ölüb. İkisi Cənubi Afrikadadır: biri balina ovlayan gəmidə işləyir, o biri səyyar sirkdə akrobatdır. Mən də on bir yaşımdan – anam öləndən bəri öz əlimin zəhmətiylə dolanıram. Deməli, yenə özümə güvənməliyəm. Yalnız nədən başlamalı olduğumu bilmək istəyirəm.
– Hər şeydən əvvəl, gərək danışığınıza fikir verəsiniz; çox vaxt nə dediyinizi başa düşmək olmur.
Martinin alnına muncuq-muncuq tər gəldi.
– Bilirəm, bəzən ağzımdan kobud sözlər çıxır…
– Sizin üçün qrammatikadan başlamaq daha yaxşı olar. İndi sizə dərslik gətirərəm.
Ruf qrammatika dərsliyini gətirib, stulunu onun yaxınına çəkdi. Martin əyilib kitaba baxmaq istəyəndə qızın saçları onun üzünə toxundu. Ürəyi şiddətlə döyündü. Onları ayıran uçurumun üzərindən bir anlıq körpü salındı. O, bütün varlığını sızladan təmasa yol verməmək üçün ehtiyatla başını kənara çəkdi, lakin qız heç nə sezmədi.
8
Bir neçə həftə keçdi, Martin hələ də qrammatikanı öyrənir, nəzakət qaydaları haqqında kitabı oxuyurdu. Əvvəlki dost-tanışlarından tamamilə uzaqlaşmışdı. Bu həftələr ərzində Rufla altı dəfə görüşmüşdü və hər görüş onu həvəsə gətirir, biliyini, dünyagörüşünü artırmağa çalışırdı. Ruf onun danışıq dilini, tələffüzünü düzəldir, hesabdan məşğələ keçirdi. Ancaq onların söhbəti tədris məşğələləriylə məhdudlaşmırdı; Martinin təzəcə oxuduğu şeirlərdən, yaradıcılığını öyrənməyə başladığı hansısa şairdən danışırdılar. Qız sevimli misralarını oxuyanda Martin özünü xoşbəxt hiss edir, hədsiz zövq alırdı.
Martinin oxuduğunu, eşitdiklərini tez qavraması Rufu sevindirir, oxuduğu şeiri necə yozması bəzən qızı heyrətləndirirdi. Bu gözlənilməz yanaşmanın, yozumun həyatdan gəldiyini, həyata söykəndiyini qız anlamırdı. Onu da başa düşmürdü ki, insan könlü ilə əylənmək təhlükəlidir. Martinə marağı artdıqca onun həyat tərzini dəyişməyi də bir o qədər şiddətlə arzu edirdi.
– Lap mister Betleri götürün, – bir gün Ruf dedi.– Əvvəllər heç nədə uğur qazana bilməyib. Atası bankda kassir işləyirmiş, ancaq bir müddət sonra Arizonada vərəmdən ölür. O vaxtdan Çarlz Betler tək qalır. Atası Avstraliyada anadan olduğundan Kaliforniyada qohumları yox idi. Mister Betler mənə deyirdi ki, mətbəədə işə girəndə ilk vaxtlar həftədə üç dollar qazanırmış. İndi gəliri ildə otuz min dollardır. O bunu necə əldə edib? Cavanların sevdiyi əyləncələrə uymayıb. Necə olur-olsun, hər həftə geriyə bir qədər pul atmağa qərar verib, bu qaydaya əməl edib. Gündüzlər işləyib, işdən sonra da axşam məktəbində oxuyub. Sonra axşam kurslarına gedib. On yeddi