Hekayələr. Сулейман Сани Ахундов
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Сулейман Сани Ахундов страница 10
Kəndli atları küçədəki ağaca bağlayıb içəriyə girdi. Molla Qasım başını qaldırıb soruşdu:
− Qənbər, nə var? Xeyir ola, yoxsa Hacı Cəfər naxoşlamış?
− Xeyr, molla əmi, atam salamatdır. Ancaq uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. İndi onu dəfn etmək üçün sizi aparmağa gəlmişəm. Yoldan kənar qəbir də hazır etmişik.
Molla Qasım istehza ilə dedi:
− Siz bolşeviklər Allaha, peyğəmbərə, imama, şəriətə inanmayırsınız. Daha molla nəyinizə lazımdır? Heyvan kimi üstünü torpaqlayın, çıxsın getsin.
− Molla Qasım, mənə qalsa, elə edərəm və sənə də əziyyət vermərəm, çünki əqidəmcə, meyit namazı qılsan da, qılmasan da, təfavütü yoxdur, ölü çürüyüb torpaq olacaqdır. Daha bundan bir də nə diriltmək və nə də sorğu-sual olacaqdır. Ancaq atam onu çox istəyirdi, deyir ki, gərək qayda ilə molla dəfn etsin.
Zeynəb qarı bu sözləri Qənbərdən eşitdikdə davam etməyib dedi:
− Allah sizin kökünüzü dibindən kəssin, dinsiz mürtədlər. Tükəzban kimi Allah bəndəsi arvaddan belə kafir oğul törəsin?
Qənbər gülərək cavab verdi:
− Ay Zeynəb nənə, mən kafir öləndə nə molla əmi zəhmət çəkib namazımı qılsın, dəfn etsin, nə də sən ağlaşma qurub şaxsey vurasan. Ancaq məni atam göndəribdir ki, molla əmi gəlib Qədiri dəfn etsin. At da gətirmişəm. Zəhmət haqqınızı da alacaqsınız.
Molla Qasım pulun adını eşitcək yumşalıb dedi:
− Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir. Anan da Zeynəbin bacılığıdır. Onların xatiri üçün razı oluram.
Molla Qasım qalxıb geyindi, Qənbərin köməkliyi ilə atı mindi və hər ikisi yola düşdü. Yolda Molla Qasım Qənbərə nəsihət edirdi. O da cavabında deyirdi:
− A Molla Qasım, biz yoxsullar bu dünyada oda yanmışıq, bir də sən deyən dünyada yansaq, bu, ədalətsizlik olar və sən də deyirsən ki, Allah adildir, zalım deyil.
Molla Qasım hər nə dəlil gətirirdisə, Qənbər cavabını verib onu məəttəl qoyurdu. Belə bəhs edərək gəlib bir kolluq və qaranlıq yerdə qazılmış qəbrə çatdılar.
Orada iki kəndli, Rəhim və Kərim qəbrin yanında oturub bunları gözləyirdilər.
− Kərim, mollanın atını tut, − deyə Qənbər atdan düşdü.
Molla Qasım ölünün meyit namazını qılıb qurtardı. Onu qəbrə qoydular. Molla Qasım ölünün təlqinini oxuyan zaman Qənbər yoldaşlarına dedi:
− Molla duasını oxuyunca biz də başdaşını gətirməyə gedək.
Kəndlilər getdilər. Molla Qasım qəbirdən çıxan torpağın üstə çömbəlib ərəb dilində kürd Qədirə axırıncı imtahanlarını öyrədirdi. Qəflətən ayaqlarının altından torpaq qaçıb qəbrə yıxıldı. Molla Qasım gördü ki, ölünün ayaqları yuxarı qalxdı. Bundan qorxaraq onun ayaqlarını əli ilə basdı. İndi də ölünün başı dikəldi. Bunu gördükdə Molla Qasım qışqırıb qəşş etdi.
Aradan bir on dəqiqə keçmiş kəndlilər üçlükdə bir iri daş gətirərək gəlib çıxdılar. Daşı qəbrin yanında yerə saldılar.
Kəndlilər qəbrə baxdıqda gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. Rəhim qəbrə enib yoldaşlarının köməyi ilə Molla Qasımı bayıra çıxartdı.
Hər üçü Molla Qasımı huşa gətirməyə çalışdı. Xeyli səydən sonra Molla Qasım özünə gəldi. Üzündən qan qaçıb meyit rənginə dönmüşdü. Qənbər soruşdu:
− Molla əmi, sənə nə olmuş? Bu nə halətdir?
Molla Qasım zəif və titrək səslə dedi:
− Ölü xortlamış, ayağa qalxmaq istəyirdi… məni boğdu… sonra bilməyirəm nə oldu… Məni tez Zeynəbə yetirin…
Bunu eşitdikdə kəndlilər biixtiyar qarınlarını tutub qəhqəhə ilə gülməyə başladılar.
− Bizim etiqadlı mollamız, heç ölü də xortlarmı, ölən adam da dirilərmi? Ay alim Molla Qasım, beləmi əqidə ilə biz avam kəndlilərə yolgöstərici olmuşdun? − deyə Qənbər Molla Qasıma məzəmmət etməyə başladı.
Molla Qasım dedi:
− Mənə inanmayırsınız, qəbrə girin baxın.
− Baş üstə, Molla Qasım, bu saat qəbrə enib sənə səhih xəbər gətirəcəyəm, ancaq özün də qorxmayıb qəbrə baxasan, − deyə Qənbər qəbrə endi.
Molla Qasım qorxa-qorxa oraya baxırdı. Qənbər ölünün ayaq tərəfindən basdıqda meyitin baş tərəfi dikəldi.
− Gördünüzmü, − deyə Molla Qasım titrəyə-titrəyə soruşdu.
Qənbər ölünün baş tərəfindən basdıqda ayaq tərəfi qalxdı. Molla Qasım:
− İndi mənə inanırsınız.
Qənbər əlini meyitin baş tərəfinə soxaraq Rəhim və Kərimə dedi:
− İkinizə də lənət olsun, belə də qəbir qazarlarmı? Qəbrin ayaq və baş tərəfini qazıyıb çuxura salmısınız, amma ortasını dik qoymusunuz. Əlbəttə, meyitə əl dəydikdə ləngərlənəcəkdir.
Bunu eşitdikdə Kərim gülüb dedi:
− Ay Molla Qasım, yazıq Qədir xortlamamış, biz xortlamışıq.
Kəndlilər Qədirin meyitini çıxarıb qəbri düzəltdilər. Sonra yenə qəbrə qoyub basdırdılar. Molla Qasımın at üstə tək oturmağa taqəti yox idi, onu Kərimin tərkinə mindirib qurşağı ilə bağladılar ki, atdan yıxılmasın. Bu tövr ilə Qənbər və Kərim Molla Qasımı evinə gətirdilər. Zeynəb qarı ərini belə gördükdə qışqırıq saldı.
− Zeynəb nənə, qorxma, molla əmiyə heç bir şey olmamış, zəiflikdən atda özü otura bilmədi, onun üçün belə gətirmişik, − deyə Qənbər onu sakit etdi.
Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. Bu əhvalat kənd əhli arasında yayıldı. Nadinc uşaqlar Molla Qasımın evinin yanından keçdikdə bağırırdılar:
− Molla Qasım, qaç, xortdan gəldi.
Molla