Hekayələr. Сулейман Сани Ахундов
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Сулейман Сани Ахундов страница 11
Son zamanlarda qonşu kənddə yaşayan Xankişi dövlətlənmişdi. Seçki zamanında Hümmətəli ilə mübarizə aparırdı. Xankişinin axırda ona qalib gəlməsini Hümmətəli hiss edirdi. Çox çəkişmədən sonra Hümmətəli bu fikrə gəlmişdi ki, onunla qohumlaşıb öz tərəfinə çəksin. Bu yolda xeyli tələlər quraraq axırda məramına nail oldu. Belə ki, Hümmətəlinin qardaşı qızı Məlahət Xankişinin oğlu Qaraoğlana bu gün nişanlanacaqdı. Hümmətəlinin övladı olmamışdı, bunun səbəbini arvadı Xədicədən görərək onun üstə yeni arvad almışdı. Lakin ondan da övladı olmadı, buna Xədicə artıq şad idi, çünki illəti ərində görürdü. O idi ki, günüsü ilə yola getməyərək axırda onu boşatmağa müvəffəq olmuşdu.
Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı olmamışdı. Atası Məlahəti çox istərdi və azadə böyüdürdü. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək onun malına və ixtiyarına sahib oldu. Yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən Məlahəti sevmədi. Bu gözəl və sağlam qızcığazı görməyə belə gözü yox idi, heç bir şey üstə onu danlardı, döyərdi. Qıvırcıq və topuqlarına qədər sallanan saçları da biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:
− Gəl başını darayım, − deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq topa-topa yerə atardı.
Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı, yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış qızcığaza danlanmaqdan, döyülməkdən artıq təsir edirdi.
Yavas-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban onlarla salamlaşaraq hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu…
Cənnətəli:
− Hümmətəlidən başqa, kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.
Hümmətəli özünü bicliyə vurub dedi:
− Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə olduğunu bilsin. Hökumət vergisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz ki, töycülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb edir… Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən tələb edirəm.
− Doğrudur, doğrudur, − deyə kəndlilər təsdiq etdilər.
Qara Hüseyn əlavə etdi:
− Canım, bir sözlə, dinmə ver.
Bu sözə kəndlilər gülüşdülər. Hümmətəli bu cür tülkülüklə kəndlilərin rəyini ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı. Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda darvaza açıldı. Xankişi adamları ilə həyətə daxil oldu. Hümmətəli cəld qalxaraq onlarla salamlaşdı.
− Xoş gəlmisiniz, buyurun, − deyə onlara yuxarı başda yer göstərdi.
Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək ortaya gəldi. Təamdan sonra çay və şirni meydana gəldi. Əsl mətləb açıldı. Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngəsindən qurtarmaq zamanı hələ gəlməmiş.
Qonaqlar dağıldıqdan sonra Xankişi Hümmətəli ilə otağa daxil oldu.
− Qızımı göstərin, görüm necə qızdır? − deyə Xankişi soruşdu.
On yaşında gəlin meydana gəldi.
− Pəh-pəh, maşallah, nə göyçək qızdır, − deyə Xankişi Məlahətin alnından öpdü. Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.
Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:
− Bu nə oyuncaqdır?
Xankişi xudahafiz edərək dedi:
− Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli, başı üstə saxlayacaqdır.
Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı. Əmisinə gəldikdə o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:
− Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən, nə də adaxlın xəcalət çəksin. Yoxsa səni öz əllərimlə boğub öldürərəm.
Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrəmə çökürdü. O saat Qaraoğlanın vahiməli, pırtlaq gözləri və capıq surəti gözlərinin önündə dururdu.
Məlahət Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri biçarə qız göz yaşı tökərək vahimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq ormanda, heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü. Gah da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan olurdu.
Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər çəngəsindən qəhrəman mələkzadələr xilas edərdi. Balaca Məlahət də öz qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərin çəngəsindən xilas edən mələkzadələr deyil, Böyük Oktyabr inqilabı oldu.
Kəndliləri soymağa adət etmiş Hümmətəli şura hökuməti zamanında quzu cildinə girərək min hiylə qurdusa da, kəndlilər onu heç bir yerə seçmədilər. Axırda yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət vəd etdiyinin üstü açılaraq bilmərrə seçmək və seçilmək hüququndan məhrum olundu. Məyus qalmış Hümmətəliyə təsəlli verəcək bir şey vardısa, o da özü kimi, şura hökuməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququnun əlindən alınması idi. Bu iki hərifin şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər:
− Şükürlər olsun ki, zülmkar çar hökuməti məhv