Hekayələr. Cəlil Məmmədquluzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Cəlil Məmmədquluzadə страница 8

Жанр:
Серия:
Издательство:
Hekayələr - Cəlil Məmmədquluzadə Hekayə ustaları

Скачать книгу

də, qaytardılar". – Bu idi gecə-gündüz bizim dilimizdə əzbər olan sözlər.

      İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd31 dörd nəfər müsahiblərim dəxi hər yandan ümidimizi kəsdik və indi də 4 min desyatin sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid32 kimi şairlər nəzmə çəkiblər, musiqi bəstəkarları da haman şeirləri notaya düzüb musiqiyə salıblar və hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndələr33 çalırlar və xanəndələr də oxuyurlar:

      Bəlkə də, qaytardılar,

      Bəlkə də, qaytardılar.

      Cavanlar da çırtıq çırtırlar.

      Qurbanəlİ bəy

      Qoqol, Allah sənə rəhmət eləsin!

      Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.

      Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.

      Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katta, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izin verilmirdi.

      Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər. Hərdənbir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”, yəni “yavaş”. Və sonra genə girirdi içəri.

      Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:

      – Tez yarım girvənkə zəfəran tap.

      Qlava: “baş üstə” – deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:

      – Ada, Mirzə Həsən, durma tez şəhərə adam gön-dər, yarım girvənkə zəfəran gətirsin.

      Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:

      – Qlava, dörd-beş yüz yumurta lazımdır.

      Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:

      – Nə danışırsan? Burada mindən artıq yumurta var.

      Birdən qaçaqaç düşdü, dedilər: “Naçalnik gəlir”. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, guya qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib, girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.

      Genə katlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə-toyuqların və qlavaların bağırtısı və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və kattalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər.

      Birdən qaçaqaç düşdü; dedilər: “Naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım və qonaq çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi genə qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər34 imiş. Bu da atdan yendi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb kefini soruşdu və sonra girdilər otağa.

      Bir qədər keçdi, genə qaçaqaç düşdü, genə dedilər: “Naçalnik gəlir”. Amma bu da yalan oldu. Adamları ara-ladılar, bu qonaq da girdi həyətə. Bu da Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.

      Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:

      – Malades, sobak, – və sonra qalxıb, xanımı balkonda görüb çığırdı:

      – İzdrasti! – və börkünü götürüb sağ əli ilə qalxızdı yuxarı və qışqırdı:

      – Urra! – Sonra qalxdı balkona və xanıma baş əydi.

      Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi:

      – Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım.

      Xanım bir az güldü və dedi:

      – Spasibo.

      Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri.

      Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi.

      Bir az keçdi, genə qaçaqaç düşdü, dedilər: ”Naçalnik gəlir”. Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:

      – Naçalnik idyot.

      Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get… axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb, sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlarla bir-bir əl verib qalxdı balkona və girdi otağa.

      Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər.

      Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar,

Скачать книгу


<p>31</p>

Dövlətmənd – dövlətli

<p>32</p>

Əliağa Vahid (1895-1965) – Azərbaycan şairi, qəzəl ustadı

<p>33</p>

Nəvazəndə – köhn. çalğıçı, çalan

<p>34</p>

“ofiser” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür, mənası zabit deməkdir.