Hekayələr. Чингиз Айтматов
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Чингиз Айтматов страница 10
Bütün gecəni beləcə vurnuxdu, heç arvadı da yatmadı. O, kişinin əl-ayağına dolaşmamaq üçün özünü yuxuluğa vururdu, ancaq hər dəfə qoca həyətə çıxanda dərindən ah çəkirdi. Onu fikrindən daşındırmaq mənasız idi. Arvadı ona indi də deyə bilərdi: “Bir fikirləş, hara gedirsən? Niyə? Sən lap uşaq kimi hərəkət edirsən, camaat sənə gülər axı!” Ancaq o susurdu. Qorxurdu ki, qoca ona deyə bilər: “Əgər sən onun doğma anası olsaydın, məni fikrimdən daşındırmazdın”. O bu sözləri eşitmək istəmirdi. Axı o heç onun oğlunu görməmişdi, heç bilmirdi o necə bir adamdır.
Çordonun arvadı on il bundan qabaq rəhmətə getmişdi, bu onun ikinci arvadı idi. Onsuz da qadın özünü narahat hiss edirdi. Çordonun iki qızı ailə qurub şəhərdə yaşayırdı ancaq heç vaxt onların yanına gəlmirdilər, əlaqələrinin olmamasında özünü günahkar hesab edirdi. Ancaq Çordon hərdənbir şəhərə gedəndə onlara baş çəkərdi. Onlar haqqında Çordon arvadına heç nə danışmazdı, o da çalışardı bu haqda suallar verməsin. Bu cür hallarda ögey analar yaxalarını bir az qırağa çəksələr yaxşıdır – belə daha rahat ötüşmək olar. Elə buna görə də qocanın bu qeyri-adi fikrinə müdaxilə etmək istəmədi. Xeyli götür-qoydan sonra qərara gəldi: “Bu da belə dərdlidir, qoy getsin, bəlkə, dərdi dağıla, ürəyi toxtaya. Belədə onun üçün bir az asan olar”.
Çordon sübh tezdən oyandı. Gedib atını yəhərlədi, sonra qayıdıb təzə çəpkənini geyindi, divardan qamçısını götürdü və qaranlıqda arvadının yatağına əyilərək pıçıldadı:
– Nasipkan, mən gedirəm. Sən nigaran olma, sabah gecə də olsa qayıdacam. Eşidirsən? Sən niyə susursan, hə? Başa düş, axı o mənim oğlumdur. Baxmayaraq ki hər şeyi bilirəm, ancaq ora məni özünə çəkir. Ürəyim ağrıyır, başa düş....
Arvadı sakitcə yataqdan qalxdı, sanki qaranlıqda görürmüş kimi:
– Bu nədir başına qoymusan? – deyə qocanı danladı. – Sən bir bunun papağına bax. Qırx dənə yamağı var. Odun gətirməyə getmirsən ki, qonaq gedirsən.
Baş tərəfdə sandığın qapağını taparaq onu qaldırdı və ordan quzu dərisindən tikilmiş papağı çıxarıb ərinə verdi.
– Ala, qoy başına, köhnə papaqla getməyin yaxşı deyil.
Çordon papağını dəyişib çıxışa doğru yönəldi.
– Dayan, – arvadı onu saxladı, – pəncərənin qabağında düyünçə var, götür qoy xurcuna. Axşama qədər yolda acarsan.
Çordon arvadına “çox sağ ol” demək istədi, ancaq susdu, arvada təşəkkür etməyə adət eləməmişdi.
Kənd hələ yuxudaydı. Çordon atını minib həyətlərlə küçəni keçdi, boş yerə itləri oyatmamaq üçün çəpəri dönərək dağlara gedən yola çıxdı…
Dünən günorta elə bu yolla, köhnə ikitəkərli araba qoşulmuş elə bu kəhər atla odun qırmaqdan qayıdırdı. Qışa yanacaq ehtiyatı görmək lazım idi.
O, Kiçik dərənin bəri başından qurumuş yabanı kollar qırdı, arabaya yüklədi və yəhərə qalxıb ayağını üzəngiyə basdı, tələsmədən, mürgü vura-vura yola düzəldi. Təkərlər, həmişəki kimi, çuxurdan-çuxura adladıqca taqqıldayır, araba cırıldayırdı, hava sakit və isti idi.
Payızın elə vaxtları olur ki, havalar günü-gündən soyumalı olduğu halda, bu ərəfədə sanki günəş vida şəfəqlərini yayırmış kimi daha parlaq və təmiz olur. Dağın döşündən aşağılara doğru bir mənzərə açılırdı: kəndlərin tünd rəngdə bağları, evlərin ağ divarları, saralmış, vaxtı ötmüş tütün plantasiyaları, traktorlar, payız şumu, hündürlükdə uçan gümüşü rəngli təyyarə və gömgöy üfüqdə şəhərin üzərində donmuş bulud örtüyü; bütün bu aləmin üzərindən sürətlə tünd, sakit bir quş dalğası uçurdu.
Çordon bilirdi: bunlar qaranquşlar idi. O hələ səhər tezdən oduna gedərkən qaranquşlar dəstə ilə teleqraf tellərinin üstünə qonmuşdular. Dümağ sinələri, elə bil usta əli ilə yonulmuş başları, parıltılı haça quyruqları ilə sanki bir-birinin eyni idilər; uzun sıralara düzülüb tərpənmədən qarşı-qarşıya oturmuşdular; hərdən cikkiltiylə pıçıldaşır, sanki hansısa bir məqamı gözləyirdilər ki, yerlərindən uçub yola düşsünlər. Qaranquşların bu bayramsayağı yığıncağında öz ciddiliyi və nöqsansızlığı ilə onu cəzb edən bir gözəllik var idi. “Bunlar sənin üçün sərçələr deyil”, – Çordon qürurla düşündü.
Elə indi, onun gözlərinin önündəcə qaranquşlar havaya qalxdılar. Onlar yayı keçirdikləri yerlərin üzərində bir vida dairəsi cızdılar: qaranquşlar havada sakitcə süzərək günəşin qarşısında üzərinə şəfəqlər süzülən böyük, qara, parıltılı bir dəstə əmələ gətirdilər.
Çordon xeyli müddət bu mənzərəni seyr etdi. Budur, onlar payızı yetişmiş, sovulmuş bir bağın üzərində axırıncı dəfə gen bir dairə yaratdılar, diksinib qarışdılar, yenə sıralandılar və tez də geniş səhralara tərəf üz tutdular.
Dəstə kiçilə-kiçilə düzənlikdə uzaqdan gələn mahnı sədası kimi mavi səmada əriyib itdi və nəhayət, qara bir nöqtəyə çevrildi. Qaranquşlar yad ölkələrə uçub getdilər. Halbuki elə bu səhər tezdən onları yaxından görmək, onlara baxıb zövq almaq, onların cəh-cəhlərinə qulaq asmaq olurdı. Hansısa anlaşılmaz, şirin bir kədərin sərxoşluq dalğası onun qəlbinə doldu, gözləri yaşardı; qoca artıq heç nə görmürdü, ancaq o, səmaya baxmağa davam edir və nəsə ona əziz və doğma olan, bir də tapılmayacaq bir itki haqda düşünüb ah çəkirdi. Cavan olsaydı, bir vida mahnısı oxuyardı.
Yaxınlıqda eşidilən at ayaqlarının tappıltısı Çordonu öz xəyallarından ayırdı. Kimsə yorğa bir atın üstündə təpəni qalxırdı. Çordon onu görən kimi tanımadı. Bu, qonşu kənddən olan qoca Saparalı idi. Onlar bir-birini çox az tanıyırdılar. Hərdənbir xeyirdə-şərdə rastlaşır, salamlaşırdılar və bununla onların ünsiyyəti bitirdi. Saparalı, yəqin ki, harasa qonaq gedirdi. Onun əynində velvetdən təzə kürk, ayağında dəridən tikilmiş təzə uzunburun qaloş, başında tülkü dərisindən xovlu araqçın, əlində isə sapı qırmızı quşarmudu ağacından olan qamçı var idi.
– Ay dəmirçi, nə fikrə getmisən? – Saparalı atın yüyənini çəkib qılıqlı bir səslə ucadan onu hayladı.
Hə, Çordon, doğrudan da, nə vaxtsa dəmirçi olmuşdu.
– Qaranquşlar uçub gedirlər, – Çordon kefsiz halda dilləndi.
– Nə? Qaranquşlar? Haradadı onlar?