Hekayələr. Рэй Брэдбери
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Рэй Брэдбери страница 1
ƏBƏDİ YAZ GÜNLƏRİNDƏ
Uzun illər öncə, həmin həftə sanki atamla anamın mənə zəhər verdiyini düşündüm. Hətta iyirmi il sonra belə onun mənə verilib-verilməməsinə hələ də şübhəylə yanaşıram.
O illərə baş vurmağımın səbəbkarı çardaqdakı köhnə çamadan idi. Bu səhər bürünc bəndləri dartıb açdım, qapağı qaldırdım və o uzaq dönəmlərin naftalin iyini ciyərlərimə çəkdim; bu qoxu torsuz tennis raketkasını və nimdaş çəkmələrini, sınıq-salxaq oyuncaqları, pas atmış konkiləri çənginə almışdı. Gözlər artıq qocalsa da, indinin özündə belə bu oyun silahlarını görəndə sənə elə gəlir ki, sanki bir saat əvvəl qan-tər içində kölgəli küçədən içəri girmisən və “Olli, Olli, üç öküz” saymacası hələ də dodaqlarında oynaşır.
O zaman qəribə və məzəli oğlan idim, beynimdə də əcaib fikirlər dolaşırdı; onları yaradan yalnız zəhərlənmək qorxum deyildi. Parlaq nikel qapaqlı, xətli qeyd dəftərində nələrsə yazmağa başlayanda on ikicə yaşım vardı. O əbədi yaz günlərində işlətdiyim karandaş qırığı sanki indi də barmaqlarımın arasındadır.
Budur, yazmağa ara vermişəm və dalğın-dalğın karandaşı yalayıram. Sonu görünməyən aydın günün sübh çağında, yuxarıda, öz otağımda ayaqyalın, qısa kəsilmiş cod saçlarımla oturmuşam, baxışlarımı güllü divar kağızına zilləmişəm və düşünürəm.
“Xəstə olduğumu yalnız bu həftə anladım, – qeyd elədim. – Artıq çoxdan xəstəyəm. On yaşından. İndi on iki yaşım var”.
Üz-gözümü əydim, dodaqlarımı dişlədim, dumanlı baxışlarla qarşımdakı qeyd dəftərimə nəzər atdım.
“Məni valideynlərim xəstə ediblər və, – bir anlıq duruxsam da, sonra yazmağa davam elədim, – məktəb müəllimlərim. Bircə uşaqlardan qorxmuram. Nə İzabeldən, nə Skeltondan, nə Villard Bouersdən, nə də Klarissa Mellindən çəkinirəm – onlar elə həmişəki kimidirlər. Mənimsə işlərim lap fırıqdı”.
Karandaşı masanın üzərinə qoydum. Vanna otağına gedib güzgüdə özümə baxdım. Anam aşağıdan səhər yeməyinə hayladı. Üzümü güzgüyə dayayıb tez-tez nəfəs almağa başladım və onun üzərində iri, nəm ləkə əmələ gəldi, elə bil güzgüyə duman çökdü. Sonra mən üzümün dəyişdiyini gördüm.
Sümüklərim dəyişirdi. Gözlərim. Burnumun üzərindəki məsamələr. Qulaqlarım. Alnım. Saçlarım… Onlar həmişə mənimkiydi, indi isə başqa cür görünürdü.
– Duqlas, səhər yeməyinə düş, məktəbə gecikirsən!
Tələm-tələsik üzümü yuya-yuya aşağıda, suda bədənimin necə üzdüyünü gördüm. Sanki onun əsarətinə düşmüşdüm. Qaçmaq qeyri-mümkün idi. Sümüklərim orda hərəkət edir, yerdəyişməyə məruz qalırdı!
Atam qapını döyüb məni sakitləşməyə və aşağı yemək yeməyə çağıranadək bu fikirləri başımdan atmaq ümidiylə oxumağa və ucadan fit çalmağa başladım.
Masa arxasına keçdim. Sıyıqlı sarı kasa, içində ağ və soyuq süd olan südqabı, hisəverilmiş donuz ətiylə qayğanaq artıq süfrədəydi; atam qəzet oxuyurdu, anam mətbəxdə vurnuxurdu.
Köks ötürüb narazı baxışlarımı süfrəyə zillədim.
– Nə olub, oğlum? – atam mənə baxdı. – Heç yemək istəmirsən?
– Elədir.
– Oğlanlar səhər yemək istəməlidirlər, – atam söylədi.
– Tez ol, ye, – anam çımxırdı. – Elə bu dəqiqə. Özün də tələs.
Yumurtalara baxdım – zəhər. Yağa baxdım – zəhər. Elə üzündə qaymaq olan ağappaq süd də, yaşıl rəngli, güllü boşqabdakı qəhvəyi, dadlı sıyıq da mənə zəhərli görünürdü.
Hamısı zəhərdir, hamısı! Bu fikir beynimdə bir sürü qarışqa təki qaynaşırdı. Dodaqlarımı dişlədim.
– Nə? – atam gözlərini döyə-döyə soruşdu. – Sən nəsə dedin?
– Heç nə, – cavab verdim. – Sadəcə, yemək istəmirəm.
Axı xəstələndiyimi və bunun günahkarı yemək olduğunu deyə bilməzdim. Deyə bilməzdim ki, günahkar peçenye, tortlar, sıyıqlar, şorbalar və tərəvəzlərdir. Beləcə, ağzı qıfıllı süfrə arxasında oturmuşdum, ürəyimin döyüntüləri isə durmadan artırdı.
– Yaxşı, heç olmasa, süd iç, sonra get, – anam söylədi. – Atası, məktəbdə yaxşıca nahar eləməsi üçün ona pul ver. Portağal şirəsi, ət və süd üçün. Konfeti ağlının ucundan belə keçirmə.
Anamın konfetlərə qadağa qoymasına lüzum yox idi. Axı o, ən dəhşətli zəhər idi. Həyatım boyu bir də onları dilimə vuran deyiləm!
Kitabları kəmərlə bağlayıb qapıya yaxınlaşdım.
– Duqlas, məni öpmədin, – anam səslədi.
– Oy, – səs verdim və ayaqlarımı sürüyə-sürüyə ona yaxınlaşıb öpdüm.
– Sənə nə olub? – anam soruşdu.
– Heç, – cavab verdim. – Sağ ol. Ata, görüşənədək.
Atam da, anam da cavab verdi. Məktəbə doğru addımladım, beynimdəki hər fikir dərin və soyuq quyuya ünvanlanmış qışqırıq idi.
Yarğana tərəf qaçıb ağacdan sallanan qalın, yabanı üzüm gövdəsindən yapışdım və ayaqlarımı yerdən qopararaq yellənməyə başladım. Torpaq ayaqlarımın altından qaçdı, səhərin sərin, şirin və başgicəlləndirən havasını ciyərlərimə çəkərək sevincək çığırdım, külək fikirlərimi ağuşuna alıb apardı. Yamaca yıxıldım, tarazlığımı saxlaya bilməyib çaya, yarğanın dibinə yuvarlandım. Quşlar cəh-cəh vururdu, qonşu ağacın budaqlarındasa dələ hoppanırdı – sanki yel qəhvəyi pərqu yumağını fırladırdı. Aşağıdakı cığırda qaçışan oğlan uşaqları bağırışırdılar: “U-uu, e-ee!” Onlar sinələrini yumruqlayır, daşları çaya elə tolazlayırdılar ki, onlar suyun üzü ilə hoppanaraq uçsun. Bununla da sakitləşməyib xərçənglərə əl atırdılar. Əllərindən sivişib çıxan xərçənglər arxalarında bulanıq iz qoyurdular. Mən də, başqa oğlanlar da zarafat edir, qəhqəhə çəkirdik.
Yaşıl rəngə boyanmış taxta körpüylə bir qız gedirdi. Onun adı Klarissa Mellin idi. Biz daha bərk qəhqəhə çəkdik; qışqırdıq: “Get, cəhənnəm ol burdan!” Amma qəfildən sanki boğazımda nəsə ilişib qaldı, səsim batdı və mən qızın tələsmədən uzaqlaşdığını izlədim. Qız yoxa çıxanacan nəzərlərimi ondan çəkmədim.
Uzaqdan məktəb zənginin səsi eşidildi. Ot əməlli-başlı tapdanmışdı; biz hər ilan yuvasını və hər təpəni, hər ağacı və hər yabanı üzüm tənəyini – az qala hər alaq otunu tanıyırdıq! Məktəbdən sonra çayın yuxarısında bitən ağacların başında küləşdən çadır qurur, lümlüt suya hoppanır, yarğanın dibiylə uzun yolçuluğa çıxırdıq. Bu yolçuluq ta ki tənhalığına və qəmginliyinə qapılan çayın Miçiqan gölünün nəhəng dərinliyinə axıb tökülənədək, dabbaqxana, zavod və gəmi təmir olunan yerədək gedib çatırdı.
Nəfəsimiz kəsilə-kəsilə məktəbə gəlib çıxdıq və birdən dəhşət məni yenidən öz çənginə aldı, dayandım.
– Siz gedin, mən arxanızca gələrəm, – uşaqlara söylədim.
İkinci zəng vuruldu. Uşaqlar sinfə qaçdılar. Sarmaşıqdan don geyinmiş məktəbimizə