Hekayələr. Антон Чехов
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Антон Чехов страница 8
Ya da gözündən yaş gələnəcən gülür və qollarını ölçərək məndən soruşurdu:
– O, nə üçün gəlib mənim evimdə oturur axı? Ona nə lazımdır? Elə hey, oturur, baxır.
Kovalenko, hətta Belikova ləqəb də qoymuşdu, ona “Kirpi-biçim” deyirdi. Məlum şeydi ki, bunun üstündən biz ona bacısı Varenkanın “Kirpi-biçim”ə ərə getməyə hazırlaşdığını deməkdən çəkinirdik. Bir dəfə direktorun arvadı ona işarə etmişdi ki, bacısını Belikov kimi ləyaqətli, hər kəsin hörmətini qazanmış bir adama ərə versəydik, yaxşı iş görmüş olardıq. O bu məsləhətdən bərk pərt olub donquldanmışdı:
– Mənə nə. İstər lap ilana ərə getsin, mən özgənin işinə qarışmağı sevmirəm.
İndi qulaq asın, görün sonra nə oldu! Dələduzun biri karikatura çəkmişdi. Belikov, ayağında qaloş, şalvarının balağı çırmanmış, çətir altında Varenka ilə qol-qola gedir; karikaturanın altında “Aşiq Antropos” sözü yazılmışdı. Bilirsinizmi, nə qəribə oxşatmışdılar! Rəssam, yəqin, şəklin üzərində bir neçə gecə çalışmışdı; çünki bütün oğlan və qız gimnaziyalarının müəllimləri, məmurları – hamısı bu karikaturadan bir nüsxə almışdılar. Hətta Belikov özü də almışdı. Karikatura onda son dərəcə ağır təsir buraxmışdı.
Bir dəfə mayın birində, bazar günü, hamımız – müəllimlər də, gimnazistlər də gimnaziya binasına toplaşıb piyada şəhər kənarındakı balaca meşəyə getməyi qərara almışdıq. Belikov ilə bir yerdə ora getmək üçün evdən çıxdıq. Onun rəngi gömgöy göyərmişdi, qaşqabağı yerlə sürünürdü. O:
– Dünyada nə qədər pis, nə qədər yaramaz adamlar varmış, – dedi və dodaqları əsdi.
Mənim hətta ona yazığım gəldi. Gedirdik, bir də nə gördük! Kovalenko velosipedlə bizə yaxınlaşır, onun ardınca gələn yanaqları alma kimi qızarmış, şən və fərəhli Varenka da velosipedə minmişdi.
Varenka bağırdı:
– Biz irəli gedirik! Belə də gözəl hava olar? Gör nə qiyamət havadır.
Sonra hər ikisi gözdən itdi. Belikovun göyərmiş rəngi birdən-birə ağardı və o, sanki, yerində donub qaldı… Ayaq saxlayıb mənə baxdı.
– Bağışlayın, bu nə olan şeydir? – deyə məndən soruşdu. – Bəlkə, mənim gözüm yanlış görür? Gimnaziya müəllimlərinə və qadınlara velosipeddə gəzmək eyib deyilmi?
Mən:
– Eyib niyə olsun? – deyə cavab verdim. – Qoy gəzib kef eləsinlər.
O, mənim sakitliyimə heyrət edərək çığırdı:
– Necə eyib deyil? Nə danışırsınız?
O bu hadisədən o qədər sarsıldı ki, yoluna davam etmək istəməyib evinə qayıtdı.
Ertəsi gün hey əllərini əsəbiliklə ovuşdurur və diksinirdi, əhvalının pis olduğunu üzündən sezmək olurdu. Hətta ömründə birinci dəfə olaraq dərsdən də çıxıb getdi. Nahar da eləmədi. Axşamüstü isə bayırda tamamilə yay havası olduğuna baxmayaraq, daha qalın paltar geyib Kovalenkogilə yollandı. Varenka evdə yox idi, qardaşı tək idi.
Kovalenko soyuq bir tərzdə:
– Oturun, acizanə rica edirəm, – dedi və qaşqabağını salladı; gözləri yuxulu idi, nahardan sonra dincəlmək üçün azacıq yatmışdı, ovqatı bərk təlxdi.
Belikov bir on dəqiqəyə qədər dinməz oturub sonra sözə başladı:
– Mən sizin yanınıza dərdimi dağıtmaq üçün gəlmişəm. Mənimçün çox ağırdır. Bir karikaturaçı məni və bizim hər ikimizə yaxın olan bir qadını gülünc bir şəkildə çəkmişdir. Bunda mənim, qətiyyən, təqsirim olmadığına sizi inandırmağı özümə borc bilirəm… Mən belə bir istehzaya imkan verməmişəm, əksinə, həmişə özümü abırlı bir adam kimi aparmışam.
Kovalenko qaşqabağını sallamış halda dinməz-söyləməz oturmuşdu. Belikov bir qədər gözlədikdən sonra yavaşca və həzin bir səslə dedi:
– Sizə bir deyəcəyim də var. Mən çoxdan qulluq edirəm, siz isə qulluğa hələ təzəcə başlamısınız. Mən böyük bir yoldaş kimi sizi xəbərdar etməyi özümə borc bilirəm. Siz velosipeddə gəzirsiniz, bu əyləncə isə heç də gəncləri tərbiyə edən bir adama yaraşan sifətlərdən deyil.
Kovalenko yoğun bir səslə soruşdu:
– Niyə?
– Bunu izah etməyə ehtiyac varmı, Mixail Savviç, məgər aydın deyilmi? Müəllim velosipedlə gəzəndə tələbə neyləyər? Onda tələbə lap adamların başında gəzər! Madam ki, buna sərəncamla icazə verilməyib, demək, yaramaz. Məni dünən dəhşət bürüdü! Sizin bacınızı da velosipeddə gördükdə gözlərimə lap qaranlıq çökdü, qadının və ya qızın velosipeddə gəzməyi rüsvayçılıqdır!
– Bircə söyləyin görüm sizə nə lazımdır?
– Mənə yalnız sizi xəbərdar etmək lazımdır, Mixail Savviç. Siz cavansınız, gələcəyiniz var, özünüzü mümkün qədər ehtiyatlı aparmalısınız, halbuki siz öz mövqeyinizə etinasız baxırsınız. Əyninizdə tikili köynək, əlinizdə də bir neçə kitab daim küçələri dolaşırsınız. İndi də velosiped. Sizin və bacınızın velosipeddə gəzdiyinizi direktor bilsə, sonra da gedib hamimizə yetişsə, yaxşı olmayacaq.
Kovalenko:
– Mənimlə bacımın velosipeddə gəzməyimizin heç kəsə dəxli yoxdur! – dedi və pul kimi qızardı. – Kim bizim ev və ailə işimizə qarışırsa, lap qələt eləyir!
Belikovun rəngi qaçdı, o, ayağa qalxdı və dedi:
– Madam ki, mənimlə bu cür danışırsınız, mən sözümə davam edə bilmərəm, rica edirəm, mənim hüzurumda müdiriyyət haqqında bu cür fikirdə olmayasınız. Hökumət adamlarına hörmət bəsləməlisiniz.
Kovalenko ona acıqla baxaraq soruşdu:
– Məgər mən burada hökumət adamlarının dalınca bir pis söz dedim? Rica edirəm, məni rahat buraxın. Mən namuslu bir adamam və sizin kimi bir cənabla heç danışmaq istəmirəm. Sizin kimi tipləri sevmirəm.
Belikov əsəbi halda əl-ayağa düşdü və üzündə dəhşət ifadəsi, cəld geyinməyə başladı. Axı belə qaba sözləri o, ömründə birinci dəfə idi, eşidirdi. Dəhlizdən pilləkənin artırmasına çıxaraq dedi:
– Kefiniz