Hekayələr. Василий Шукшин

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Василий Шукшин страница 4

Hekayələr - Василий Шукшин Hekayə ustaları

Скачать книгу

və ziftin kəskin qoxusu Kalaçikovların evinə sanki əbədi olaraq hakim kəsilmişdi. Ev böyük və işıqlı idi. Bu evdə haçansa uşaqların gülüş səslərindən qulaq batırdı, sonra burada toylar çalınmış, ölümün dərin sirrinə zəif-solğun işıq salan mum şamların yandığı, güzgülərin pərdələndiyi hüznlü gecələrin xoşagəlməz sükutu da olmuşdu. Bir sözlə, çox şey olmuşdu. Antip Kalaçikov öz qüvvətli qadını ilə birlikdə həyata on iki uşaq gətirmişdi. Ümumilikdə isə on səkkiz uşaq olmuşdu.

      İllər keçdikcə evin görkəmi dəyişirdi, dəyişməyən bircə Antipin sobanın sağ tərəfində, arakəsmə ilə ayrılmış iş yeri idi. Burada Antip qoşqu ləvazimatı, yəhər, yüyən və boyunduruqlar tikirdi. Elə oradaca divardan onun sevimli balalaykası asılmışdı. Antipdə ona bir təşnə var idi. Bu onun həyatının mənası, musiqiyə dilsiz məhəbbət və itaətkarlığı idi. Antip başını yana əyib onu saatlarla çalmaqdan yorulmurdu; bilmək olmurdu ki, balalayka ona çoxdan unutduğu nə isə dəyərli bir hadisəni danışır, yoxsa o, balalaykaya öz qocalıq düşüncələrini pıçıldayırdı. Əgər Marfa olmasaydı, bütün günü beləcə oturardı. Marfaya həqiqətən də onun bütün günü tikiş tikməyi lazım idi. Qadın pula çox həris idi, qəpiyin üstündə əsirdi. Bütün həyatı boyu Antipin balalaykası ilə mübarizə aparırdı. Bir dəfə iş o yerə çatdı ki, Marfa hirsindən aləti sobanın içinə atıb yandırdı. Bənizi ağarmış Antip dinməzcə durub alətin necə yandığına tamaşa edirdi. Balalayka tozağacı kimi dərhal alışdı. O, istidən əyildi, üç dəfə insan kimi inildədi, simləri qırıldı və öldü.

      Antip həyətə çıxıb baltanı götürdü, tədarük etdiyi yəhər, yüyən, boyunduruq və halqaları xırda hissələrə doğradı. O susur və səliqə ilə doğrayırdı. Qorxuya düşmüş Marfa bir kəlmə də danışmadı. Bu hadisədən sonra Antip bir həftə kefləndi, evə gəlmədi. Axırda gəlib təzə balalaykanı divardan asdı və işinə başladı. Marfa bir də heç vaxt balalaykaya toxunmadı. Lakin o, Antipi diqqətlə izləyirdi: qonşuların evində çox oturmurdu, ümumiyyətlə, çalışırdı ki, evdən çıxmasın. Bilirdi ki, ayağını kandara qoyan kimi Antip işini atıb balalayka çalacaq.

      Bir payız axşamı Antip adəti üzrə öz iş guşəsində oturmuşdu, Marfa isə miz arxasında nə isə toxuyurdu.

      Hər ikisi susurdu.

      Çöldə yağış yağırdı; hər tərəf palçıq idi. Ev isə isti və rahat idi. Antip boyunduruqları mismarlayırdı: taq-taq, taq-taq, taq-taq-taq… Marfa toxuduğunu kənara qoydu. Pəncərəyə baxıb fikrə getdi.

      Taq-taq, taq-taq – Antip taqqıldadırdı. Divar saatı da sanki indi dayanacaqmış kimi çıqqıldayır, amma dayanmırdı. Pəncərələrə sanki ovucdan sakitcə yağış tökülürdü.

      – Niyə kədərləndin, Marfacan? – Antip soruşdu. – Düşünürsən ki, necə çox pul toplayasan?

      Marfa fikirli halda pəncərəyə baxıb susurdu. Antip ona nəzər saldı.

      – Tezliklə öləcəyik, – dedi, – çox fikirləşmə. – Nə qədər fikirləşsən də, az da fikirləşsən, çox da, yüz manat pul deyil. – Antip işləyərkən söhbət etməyi sevirdi. – Görürsən ki, mən ömürboyu fikirləşə-fikirləşə özümə fikirləşib babasil tapdım. İşləyirdim! Bir soruş, həyatda yaxşı nə görmüşəm? Heç nə. Camaat, heç olmasa, döyüşüb, cürbəcür üsyanlar qaldırıb, vətəndaş müharibəsində, Vətən müharibəsində iştirak edib… Ölsələr də, qəhrəmancasına ölüblər. Mən isə on üç yaşımdan oturanam, hələ də otururam – bu gün-sabah yetmiş yaşım olacaq. Gör necə səbirliyəm! Bir soruşan gərəkdi, nədən ötrü çalışmışam? Pula qarşı heç vaxt tamahkar olmamışam, tüpürüm onlara. Böyük adam da ola bilməmişəm. Bir azdan peşəm də ölüb gedəcək, sərraclar heç kəsə lazım olmayacaq. Sual olunur: həyat mənə nə üçün verilmişdi?

      – Uşaqların üçün, – Marfa ciddi cavab verdi.

      Antip Marfanın söhbətə müdaxilə edəcəyini gözləmirdi. Adətən, o, Antipin boş danışığını kobud bir iradla ağzında qoyurdu.

      – Uşaqlar üçün? – Antip canlandı. – Əlbəttə, bir tərəfdən düzdür, digər tərəfdənsə yox, düz deyil.

      – Hansı tərəfdən düz deyil?

      – O tərəfdən ki, təkcə uşaqlar üçün yaşamaq lazım deyil. Bir az da özün üçün yaşamalısan.

      – Sən özün üçün nə edərdin ki?…

      Antip bu suala dərhal cavab tapmadı.

      – Necə yəni nə edərdim? Bir şey fikirləşərdim də… Bəlkə, musiqiçi olardım. O vaxt şəhərdən adam gəlmişdi axı, deyirdi ki, mən anadangəlmə fitri istedadam – qızıl parçası. Qızıl isə nadir tapılır, mən belə düşünürəm. İndi kiməm mən? Adi sərrac.

      – Kəs səsini, sən Allah! – Marfa əlini yellədi. – Boş-boş danışıb zəhlə tökmə…

      – Deməli, başa düşmürsən, – Antip dərindən ah çəkdi.

      Bir müddət susdular.

      Marfa qəfildən ağlamağa başladı. Dəsmalla gözünün yaşını silib dedi:

      – Uşaqlarımızın hərəsi dünyanın bir tərəfinə uçub.

      – Neyləməliydilər ki, bütün ömürləri boyu sənin yanında oturmalı idilər? – Antip söylədi.

      Birdən Marfa:

      – Bəsdi tıqqıldatdın, – dedi. – Otur bir az, uşaqlardan danışaq.

      Antip qımışıb çəkici kənara qoydu.

      – Qocalırsan, Marfa, – deyə o, sevincək dilləndi. – İstəyirsən, sənin üçün çalıb kədərini dağıdım?

      – Çal, – dedi Marfa.

      Antip əllərini, üzünü yuyub darandı:

      – Təzə köynəkciyəzimi ver.

      Marfa siyirmədən onun təzə köynəyini verdi. Antip köynəyi geyib kəməri belinə bağladı. Balalaykanı divardan götürüb qırmızı guşəyə keçdi. Marfaya baxaraq:

      – Konsertimizə başlayırıq! – dedi.

      – Amma şitlik eləmə, – deyə Marfa ona məsləhət verdi.

      – İndi bütün cavanlığımızı yada salarıq, – Antip lovğalanaraq balalaykanı köklədi. – O vaxt əl-ələ verib çəmənlikdə rəqs etdiyimiz yadındadı?

      – Əlbəttə, yadımdadı, niyə yadımda deyil? Hər halda, mən səndən cavanam.

      – Neçə yaş? Üç həftədən bir az artıq?

      – Üç həftə

Скачать книгу