Mauqli. Редьярд Джозеф Киплинг
Чтение книги онлайн.
Читать онлайн книгу Mauqli - Редьярд Джозеф Киплинг страница 4
Birdən Balunun ağlına bir fikir gəldi:
– Bandarloqların cəngəllikdə qorxduğu yeganə canlı – əfi ilan Kaadır. O da meymunlar kimi ağacların əlçatmaz yerlərinə dırmaşa bilir, gecələr onların balalarını oğurlayır. Kaanın adı gələndə meymunlar tir-tir əsirlər.
– Kaa bizə kömək edərmi? Axı o, bizim tayfadan deyil.
– Biz ona çoxlu dağkeçisi vəd edərik. Əgər ac olsa, razılaşar.
Bahirə Kaaya çox da etibar etmirdi. Doğrusu, başqaları kimi o da dağ əfisindən qorxurdu, çünki Kaanın gözləri çox zəhmli idi. Ancaq başqa əlac yox idi. Mauqlinin dostları Kaanın yanına yollandılar.
Dağ əfisi qayalıqda, günəş altında uzanıb qızınırdı. O, yenicə qabıq qoymuşdu və indi yeni, gözəl dərisinə tamaşa edirdi. Onun uzunluğu on metrə çatan bədəni günəş altında qıvrılaraq əcaib düyünlər, halqalar əmələ gətirirdi. Əfinin zəhərli dişləri olmur. O, şikarının bədəninə dolanaraq onu sıxmaqla öldürür. Lakin bundan əvvəl o, gözləri ilə şikarını sanki ovsunlayır. Onun gözlərinə baxan yerindəcə donub-qalır, əfi onun belinə dolandıqda isə canını qurtarmaq artıq gec olur.
Cəngəlliyin bütün sirlərini bilən Balu əfinin günəş altında parlayan dərisini görüb yavaşca Bahirəyə pıçıldadı:
– Ehtiyatlı ol, Bahirə. O, dərisini dəyişdikdən sonra bir müddət pis görür, hamıya dərhal hücum edir.
Balu dal pəncələri üstə şöngüyərək:
– Ovun uğurlu olsun, Kaa! – dedi.
– Hamımızın ovu uğurlu olsun! – deyə Kaa cavabında fışıldadı. – İndi burada bir maral, ya heç olmasa, bir dağkeçisi olsaydı, heç də pis olmazdı. Mən çox qocalmışam, Balu, tənbəl olmuşam.
Bu yerdə Bahirə dilləndi:
– Hə, o gün bandarloqlar çığırışırdılar ki, Kaanın ağzında bir dişi də yoxdur.
– Bandarloqlar?
– Hə, boş-boş danışırdılar. Guya sənin heç çəpişə də gücün çatmaz.
– Elə belə də deyirdilər?
– Hə, bu iyrənc məxluqları tanımırsan? Ağızlarına gələni danışırlar. Hərdən elə sözlər deyirlər ki, adamın deməyə dili də gəlmir.
– Nə deyirlər?
– Boş sözlərdir, fikir vermə, Kaa. Yaxşısı budur, gəl ovdan danışaq.
– Yox! – Kaa dəhşətli səslə fışıldadı. – Nə eşitmisən, hamısını de.
– Deyirdilər ki, Kaa torpaqda gizlənən sarı soxulcandır.
İlanlar, xüsusilə Kaa kimi qoca ilanlar çox təmkinli olurlar. Ancaq bu sözləri eşidən əfi ilanın bədəni gərildi, çənəsinin altındakı iri əzələlər hərəkətə gəldi.
– Onlar boşboğaz və axmaq tayfadır. – İstədiyinə nail olmuş Bahirə sözünü deməyin məqamı yetişdiyini hiss edirdi. – Özləri də oğrudur. Bizim yanımızdan insan balasını oğurlayıblar. Sən, yəqin, onun haqqında eşitmisən…
– Deyirsən, məni sarı soxulcan adlandırırlar?
– Hə, yer soxulcanı… İndi insan balası onların əlindədir.
– Onlar indi haradadır?
– Biz fikirləşdik ki, sən bilərsən.
– Mən? Mən onları güdmürəm və yerlərini də bilmirəm. Sadəcə, qarşıma çıxanda tutub qarnıma ötürürəm.
Elə bu zaman ağacların yuxarısından səs gəldi:
– Sion sürüsündən olan Balu, yuxarıya bax, yuxarıya.
Bu, Çil idi. O, Mauqlidən xəbər çatdırmaq üçün Balu ilə Bahirəni axtarırdı. İndi onları görüb qıy çəkdi:
– Mauqli mənim dilimdə Müqəddəs Sözü deyib xahiş etdi ki, sizə ondan xəbər verim. Bandarloqlar insan balasını çayın o tərəfindəki meymun şəhərinə – Soyuq Kahaya aparıblar. Mən bilmirəm onlar orada nə qədər qalacaqlar.
Bahirə sevincindən ağaca sıçrayıb Çilə yaxın gəldi:
– Çox sağ ol, quşların ən ağıllısı. Mən sənin yaxşılığını unutmaram.
Balu da kövrəldi:
– Afərin, insan balası. Bu vəziyyətdə də quşların dilində Müqəddəs Sözü unutmayıb.
Soyuq Kaha deyilən yer meşənin sıx yerində idi. Orada nə vaxtsa insanlar yaşamışdılar. Odur ki meymunlardan başqa heç bir cəngəllik heyvanı ora ayaq basmırdı.
Bahirə üzünü Baluya tutdu:
– Balu, sənin yerişinlə biz ora gec gedib çıxarıq. Biz Kaa ilə tələsməliyik.
Bunu deyib Bahirə Kaa ilə birlikdə sürətlə Soyuq Kahaya tərəf yollandı. Əfi ilan heç də cəld bəbirdən geri qalmırdı. Balu isə var gücü ilə onların arxasınca yorturdu.
Bir azdan Bahirə ilə Kaa kiçik çayı keçib Soyuq Kaha deyilən şəhərin divarlarına yaxınlaşdılar. Buradan artıq meymunların çığırtısı, cır səsləri eşidilirdi. İlanla bəbir daş hasarın yaxınlığında dayanıb nəfəslərini dərdilər.
– Bunlara bir bax! Mənə çil qurbağa deyirlər! – Kaa heç cür sakitləşmək bilmirdi; meymunların söyüşü ona çox yer eləmişdi.
– Çil qurbağa yox! Sarı soxulcan! – Bahirə də bir ucdan onun yarasına duz səpirdi.
– Fərqi yoxdur… Mən çox acmışam. Zənnim mənə deyir ki, bir bandarloqla mənim aclığım keçməyəcək.
Cəngəllik heyvanlarının Soyuq Kaha adlandırdıqları şəhəri qədimdə bir hind racası tikdirmişdi. Bu insan məskəni çoxdan uçulub dağılsa da, saray divarları, sütunlar, hovuz və daş bütlərin qalıqları buranın vaxtilə möhtəşəm bir şəhər olduğundan xəbər verirdi. Qədim mədəniyyətin qalıqları cəngəllik lianaları və ağaclar arasında itib-batdığından bu yer çox vahiməli görünürdü, sanki qədim şəhər sakinlərinin ruhları burada gəzib-dolaşmaqda idi. Lakin axmaq meymunlar üçün bunun heç bir fərqi yox idi. Onlar Soyuq Kahanı özləri üçün məskən və əyləncə yeri seçmişdilər və bununla fəxr edirdilər. Cəngəllik heyvanlarından fərqli olaraq şəhərdə yaşamaqları ilə lovğalanırdılar.