Mauqli. Редьярд Джозеф Киплинг
Чтение книги онлайн.
Читать онлайн книгу Mauqli - Редьярд Джозеф Киплинг страница 5
– Mən hasarın qərb tərəfinə sürünürəm, – deyə Kaa yavaşca fışıldadı. – Yamacla cəld aşağı – onlara tərəf enəcəyəm. Sən çalış ki, onların hamısı birdən mənim üstümə atılmasın.
– Başa düşdüm, – Bahirə dilləndi. – Bulud ayın üzünü örtəndə mən hasara çıxıb onların üstünə atıla-cağam. Kaş Balu o vaxta kimi gəlib çıxaydı.
Kaa:
– Ovun uğurlu olsun! – deyib səssiscə qərbə tərəf süründü.
Bir qədər keçdi, buludlarla örtülmüş ay görünməz oldu. Hər yerə zil qaranlıq çökdü. Elə bu zaman hasarın üstündən özünü meymunların içinə atan Bahirənin qorxunc nəriltisi eşidildi. O, pəncəsi ilə bandarloqlara zərbələr endirərək Mauqliyə tərəf yol açırdı. Bəbirin üstünə eyni zamanda beş-altı meymun atılaraq onu dişləməyə, cırmaqlamağa çalışırdı.
– O, burada təkdir! Öldürün! Öldürün onu! – deyə meymunlar cır səslə çığırışırdılar.
Mauqli də ayağa qalxıb ona tərəf getmək istədikdə iki yekəpər meymun onun qollarından yapışıb yerlə sürüməyə başladı. Sonra onu daş hasarın üstünə qaldırıb bürclərdən birinin içinə atdılar. Əgər Bahirə vaxtilə Mauqliyə yuxarıdan pişik kimi tullanmağı öyrətməsəydi, yəqin ki, uşağın qol-qabırğası sınacaqdı.
– Biz sənin dostunu öldürənə kimi burada otur, – deyə meymunlar qışqırdılar. – Əgər zəhərli tayfa səni öldürməsə, gəlib səni buradan çıxardarıq.
Meymunlar getdikdən sonra qaranlıqda xışıltı və fışıltı səsləri eşidən Mauqli buranın ilanlar məskəni olduğunu başa düşdü. O ucadan ilan dilində dedi:
– Səninlə mən qan qardaşıyıq – sən və mən!
– Eşidirik, – deyə hər tərəfdən fışıltı səsləri gəldi. – Balaca qardaş, yerində dur, yoxsa bizi tapdalayıb əzərsən.
Soyuq Kahanın xarabalıqlarında isə Bahirə meymunlarla ölüm-dirim mübarizəsində idi. Bu zaman hasarın o tərəfindən səs gəldi:
– Bahirə, möhkəm dayan! Mən buradayam.
Bu, Balunun səsi idi. O, hasardan yumbalanıb düşən kimi bandarloqlar qarışqa kimi onun üstünə daraşdılar. Balu əlinin hər zərbəsi ilə beş-altı meymunu yerə sərirdi. Lakin cır səsli iyrənc məxluqların sayı-hesabı yox idi. Onlar Balunun da üz-gözünü cırmaqlayır, haradan gəldi dişləməyə çalışırdılar.
Birdən bandarloqların toplaşdıqları ən sıx yerə haradansa sanki yekə bir ağac gövdəsi düşdü. Onun zərbindən hasar və sütunlardakı köhnə daşlar yerindən qopub aşağı yuvarlandı. Onlarca meymun bu gövdənin altında qalıb xurd-xəşil oldu. Kaa vaxtında çatmışdı. Bahirə ilə Balunun gücləri tükənmək üzrə idi.
Bandarloqların vahimə dolu səsləri hər tərəfə yayıldı:
– Bu, Kaadır. Qaçın, canınızı qurtarın!
Bir andaca döyüş meydanı boşaldı. Meymunlar hasarların, bütlərin, sütunların başına dırmanıb yerlərindəcə dondular. Buludların arxasından çıxmış ay işığında onları zəhmli gözləri ilə nəzərdən keçirən Kaa gecənin sükutunda dəhşətlə fışıldadı:
– Sssakit dayanın yerinizdə!
Sonra qana bulaşmış Bahirəyə və Baluya tərəf döndü:
– Bəs insan balası hanı?
Bürcün içindən boğuq səs gəldi:
– Mən buradayam. Çıxardın məni buradan!
Onun dalınca başqa səslər də gəldi:
– Onu tez çıxardın. Yoxsa yerində dingildəyən bu qurbağa balası bizim balalarımızı əzib tapdalayacaq.
Kaa güldü:
– Bu balaca insan hər yerdə özünə dost tapır. Ey insan balası, kənara çəkil. Siz də, ey zəhərli tayfa, balalarınızı yaxşı gizlədin. Mən indi divarı deşəcəyəm.
Kaa üçkünc başını yerdən bir insan boyu qaldırıb bürcə yaxınlaşdı. Onun divarlarını başı ilə döyəcləyib ən zəif yeri tapdı. Sonra bir neçə metr geri çəkilib yaydan çıxan ox kimi başı ilə həmin yerə güclü zərbə endirdi. Bürcün divarında yekə bir deşik yarandı. Bir azdan açılmış deşikdə Mauqlinin balaca başı göründü.
Balu o dəqiqə özünü şagirdinin yanına verdi:
– Yaralanmısan? – Sizə baxanda mən salamatam. Onlar sizə nə yaman divan tutublar! Hamınız qan içindəsiniz.
– Qana batan tək biz deyilik, – deyə Bahirə məğrurluqla yerə sərilmiş onlarca meymun cəsədinə işarə etdi.
Kaa nəhəng başını uşağın sifətinə yaxınlaşdırdı:
– İnsan balası bu imiş? Ey balaca insan, bax ki, mən qabığımı dəyişəndə böyür-başımda olmayasan. Yoxsa səni meymunla səhv salaram.
İstənilən insan bu cür yaxınlıqdan əfi ilanı görsəydi, vahimədən bağrı çatlayardı. Lakin cəngəllikdə böyümüş Mauqli məğrur görkəm alıb Balunun öyrətdiyi kimi danışdı:
– Səninlə mən qan qardaşıyıq – sən və mən! Bu gün sən məni ölümdən xilas etdin. Ey Kaa, bil ki, sən acanda mənim ovum sənin olacaq. Düzdür, mən hələ balacayam, ancaq keçiləri ürküdüb ovçuya tərəf qovmağı bacarıram. Mənim çevik əllərim var. Əgər tələyə düşsən, səni xilas edərəm. Mən hamınızın borcundan çıxacağam. Ey mənim müəllimlərim, ovunuz uğurlu olsun!
Kaa mehribanlıqla başını Mauqlinin çiyninə toxundurdu:
– Cəsur ürək, mərifətli danışıq! Bunlar ki səndə var, çox keçməz, bütün cəngəllik səndən danışar. İndi isə dostlarınla çıx get. Bir azdan burada baş verənləri sən görməsən yaxşıdır.
Bunu deyib Kaa meydanın ortasına tərəf süründü. Batmaqda olan ay Soyuq Kahanı gümüşü işığa bürümüşdü. Kaa yenə vahiməli səslə fışıldadı:
– Ey bandarloqlar, məni yaxşı görürsünüzmü?
– Görürük, Kaa. Yaxşı görürük, – hər tərəfdən qorxaq səslər eşidildi.
– Onda yaxşı-yaxşı baxın. Mənim rəqsimə tamaşa edin. Bu, aclıq rəqsidir.
Bunu deyib Kaa