Bakı - 1501. Азиза Джафарзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Bakı - 1501 - Азиза Джафарзаде страница 6
Qazilәr, deyin şah mәnәm.
Onun sakit, sadә sözlәrinin deyilişindә bir çağırış, qәlblәrә coşqunluq gәtirәn bir deyiş var idi. Bu sәs adamlarının qәlbini ümidlә doldurur, onlara inam tәlqin edirdi. Az sonra dostları, әrәnlәr, ozanlar bu sözlәri dillәrdә әzbәr edәn musiqi parçalarında oxuyub az qala ibadәt himninә çevirәcәkdilər.
Qırmızı taclı, boz atlı,
Ağır leşkərә nisbәtli,
Yusif peyğәmbәr sifәtli,
Qazilәr, deyin şah mәnәm.
Xәtaiyәm, al atlıyam,
Sözü şəkәrdәn dadlıyam,
Mürtәza Əli zatlıyam,
Qazilәr, deyin şah mәnәm.
Beləcə, ordu çayı keçdi. Bir nəfər də tələfat vermədilər. Sonuncu qızılbaş çayı adlayanda Lələ Hüseyn bəyin qəlbindən «şir balası şir doğular» sözləri keçdi. Zahirən gözəl, mənən pak gənc yetirməsinə görə qürur duydu. Sinəsindən hamını riqqətə gətirən «Afərin!» nidası qopdu. Səslər, nidalar göyləri dəldi, ordunu titrətdi.
– Şeyximiz, mürşidimiz min yaşasın!
– Var olsun mürşidi-kamil!
– Yaşasın şahımız!
Bir tayfanın sonu
Xəzərin sahilindən xeyli uzaqlarda Ləngəbiz dağ silsiləsinin lap qurtaracağında bir tayfa yaşayırdı. Tayfa karvan ayağından xeyli uzaq, şəhərlərdən aralı bir yerdə məskən salmışdı. Yüz illər idi ki, bu torpaqlar gündə bir cahangirin əlinə keçirdi. Gah monqollar, gah teymurilər, gah ağqoyunlu və daha bilmirəm kimlər gəlib-gedirdilər. Amma tayfanın bu keşməkeşlərdən, demək olar, xəbəri yox idi. Doğrudur, bir zamanlar hansısa islam təbliğatçısı bu yerlərə də gəlib çıxmış, onları islama dəvət etmiş, uzun müddət kənddə yaşamış, burada da ölmüşdü.
Tayfa ağsaqqalları onu qəbiristanda dəfn etmişdi və məzar müqəddəs bir yerə çevrilmişdi. Amma qoca öləndən sonra tayfanın bir çox köhnə adətləri öz yerinə qayıtmışdı. Adətləri qarılar qoruyub saxlayırdılar. Məsələn, görürdün ki, təzə gәlin gәlәn günün ertәsi günәş çıxan kimi qarılardan biri gәlini yerindәn qaldırıb onu günəşi salamlamağa apardı. Andlar da başqalarının yanında dini olurdu, ailә içindә isә yenә dә «O gün haqqı», «Bu ocaq haqqı», «Şam-çıraq haqqı» vә s. deyәrdilәr.
İslam təbliğatçısının vaxtında doğulan uşaqlara «Qurandan ad çıxarıb» verilirdi. Beləliklə, bu yerlərdə Məhəmməd, Bəkir, Əhəd, Əhməd kimi adlar meydana gəlmişdi. Tayfanın nənələri bu adları qəlbən qəbul eləməz, öz aralarında uşağa tayfa adətincə doğma ana dilində ad verərdilər. Beləcə, uşaqların iki adı olurdu. Biri dini, biri isə evdə ata-ananın çağırdığı.
Əslində isə bineyi-başdan bu yerlərdə adı uşağa təbiətin özü qoyardı. Boran, Yağmur, Bulud, Toran, Səhər, Güney, Quzey, Gündoğdu, Aydoğdu, Aydoğmuş, Ayaz, Duman, Çovğun, Günəş, Aytəkin, Ayxanım, Güntəkin, Tuğay, Aysel, Aysu… Uşağın görünüşü ilə bağlı adlar da qoyurdular: Qaraçığa, Qaratel, Altıntel, Altınsaç, Altıncığa, Gülümsər, Ağçiçək, Alçiçək, Çəmən, Qaysı…
İldə bir dəfə biçin vaxtı böyük şəhərdən vergiyığan gəlir, tayfadakı adət-ənənəyə maraqla, bir qədər də qorxu ilə baxırdı.
– Əşi, siz necə müsəlmansınız?! Vallah, ayırd eləyə bilmirəm. Gavur sizdən yaxşıdır…
Vaxtilə islamı təbliğ edən qoca bu tayfanın «Odlu» adını dəyişib «Məhəmmədli» qoymuşdu. Amma şəhərlilərin dilində kənd «Gavurlar» olub qalmışdı.
Hekayәtimizin baş verdiyi illәrdә qәbilә yarımköçәri hәyat keçirirdi. Əslindә, köçәrilikdәn yalnız iz qalmışdı. Belә ki, qәbilәlilәr hәm heyvandarlıq, hәm də әkinçiliklә mәşğul olurdular. Kişilәr Günәşli çayının hәr iki sahilindәki torpaqları әkir, elə Günәşlinin suyu ilә də suvarırdılar. Bu il sağ sahildә taxıl әkәndә gәlәn il hәmin yerdә bostan becәrirdilәr. Çox da uca olmayan vadini әhatә edәn dağların hamar döşlәrini dә becәrirdilәr. «Dәmyә yeri» adlandırdıqları bu yerlәrin çoxunu meşәlәri qıraraq əldə etmişdilәr. Qalan dikdirlәrdә mal vә qoyunlarını otarırdılar. Yazın axırına yaxın arvad-uşaq bir neçә çobanın müşayiәti ilә dağa köçürdü. Kişilәr vә qarılar aranda qalır, taxılı, bostan mәhsulunu yığıb yerbәyer elәyirdilәr. Biçib-sovurmağa, adәtәn, yayın lap axırında, payızın əvvәllәrindә başlayırdılar. Çünki yalnız bu zaman məhsulu sovurmaq üçün münasib külәk olurdu. Elə bu zaman da kәndә yadların ayağı açılırdı. Öncə vergiyığan gәlirdi. Onun dalınca da xırmanın qırağını dәrvişlәr, gәzәri seyidlәr, mollalar, әfәndilәr, daha kimlәr, kimlər kәsdirir, çuvalının ağzını açıb biri şahın, biri әmirin, bir çoxu da cәddinin payını istəyirdi. Öz qәdim dәdә-baba dinindәn ayrılan, lakin həlә dә yeni dini dәrk etmәyən tayfa əhli seyidlərdən, mollalardan xüsusilə qorxur, onlar nə istәsә verirdilər.
Qalan buğdadan bir qәdәrini payızın әvvәli üçün kәndin qənşərindәki su dәyirmanında un çәkdirәr, qış azuqәsini də evlәrin böyründә, damların dibindә qazılmış quyularda basdırardılar.
Qәbilәlilәr bazar-dükan tanımaz, şәhәrin yolunu bilmәzdilәr. Kәndә arabir «məmələsatan» adlandırdıqları səyyar satıcılar gələr, özlәri ilә buraya meyvә, hәmin kәnddә olmayan başqa matah gәtirər, buğda-arpa ilә dəyişərdilər. Hərdən də qəbiləyə çәrçilərin, xırdavatçıların yolu düşәrdi. Qız-gәlinlәr dərhal onları dövrələyib güzgüdәn, daraqdan, әlvan sap, qaytan, hәrәmi, bafta, saçaq, müxtәlif parça vә s. alardılar. Əksәr geyim evlərdә, yer hanalarında toxunan parçalardan olardı. Xüsusilә kişilәrin geyimi yer hanasında toxunan şal, çuxalıq, patavalıq idi. Ayaqları çarıqdan başqa ayaqqabı tanımazdı.
Qәbilәdəkilər dünyada baş verәn hadisəlәrdən yalnız səyyar satıcılar sayəsində xəbər tutardılar. Bir ay, bəlkә dә, beş ay sonra bilәrdilәr ki, dünyada qan su yerinә gedirmiş. Çünki üç ay qışı, üç ay da yazı bu yerlərə çərçi ayağı dəyməzdi. İlin, demәk olar ki, altı-yeddi ayını qәbiləlilər özlərindən başqa heç kimin üzünü görmәzdilәr.
Qəbilənin çobanı, naxırçısı, biçinçisi olmazdı. Bütün bunlar ev başına növbə ilә görülür, «nobat» kimә düşsә, hәmin ailәnin bir üzvü naxıra gedәrdi. Başıpapaqlısı olmayan evlәrdә arvad naxıra getmәz, onu qonşu başıpapaqlı әvәz edәrdi.
Günlərin bir günü qəbilədə söz gəzdi ki, Ərdəbil şəhərində bir padşah peyda olub, özü ilə də təzə din gətirib. «Müsəlman olmağına müsəlmandır, amma bizim kimi müsəlmanları qırır. Deyir, Şirvanşahın dədə-babası