Şah Abbas. Cahid Aydoğmuşoğlu
Чтение книги онлайн.
Читать онлайн книгу Şah Abbas - Cahid Aydoğmuşoğlu страница 7
Şah I Abbası başa düşmək olardı: o, taxta əyləşdiyi vaxt Səfəvi dövləti süqutun bir addımlığında idi. Ticarət və sənaye tənəzzülə uğramış, əhalinin həyat səviyyəsi kəskin aşağı düşmüşdü. Bu ağır vəziyyəti dəyişmək üçün şaha, hələ ki, qulaq dincliyi lazım idi. Ona görə də Osmanlı dövləti ilə sülh bağlayaraq ölkədaxili məsələlərlə rahat şəkildə məşğul olmaq imkanı qazandı. Ticarət sahəsində aparılan islahatlar nəticəsində xalqın rifah halı yaxşılaşdı. Çoxillik daxili mübarizələrdən və xarici müdaxilələrdən yorulmuş xalq rahat, asudə nəfəs almağa başladı. Elə bu səbəbdən də Şah I Abbası Səfəvi dövlətinin xilaskarı, hətta ikinci qurucusu hesab edənlər yanılmırlar…
III FƏSİL
Şah I Abbasın ilk hakimiyyət illəri
Qızılbaş əmirləri ilə mübarizə
Qızılbaş əşirətləri28 Səfəvi dövlətinin qurulmasında əhəmiyyətli rol oynayıblar. Şah I İsmayıl məhz bu əşirətlərə arxalanaraq dövlət yaratmışdı. Ona dəstək olan və Səfəvi dövlətinin qurulmasını qaçılmaz zərurətə çevirən başlıca türk boyları ustaclı, şamlı, rumlu, təkəli, avşar, qacar, dulqədir və varsaq boyları idi. Adları çəkilən boylar içində xüsusilə ustaclılar və şamlılar hələ Səfəvi təriqəti zamanında Şeyx Cüneyd və Şeyx Heydərin Anadoludakı müridlərinin mühüm hissəsini təşkil edirdilər.
Bununla belə, qızılbaş oymaqlarının ölkənin ictimai-siyasi həyatına təsir imkanları hakimiyyətə gələn şahlara görə dəyişirdi. Məsələn, Şah I İsmayıl zamanında ən yüksək məqamları şamlı, ustaclı, təkəli, rumlu və dulqədir oymaqları tuturdular. Əfşarlar isə yalnız Şah I Təhmasib zamanında aparıcı mövqelərə sahib ola bilmişdilər. Sonra isə təkəli və türkmən boyları dövlət strukturlarında və orduda həlledici rol oynamağa başladılar.
Ustaclı və şamlı oymaqları Şah I Abbas hakimiyyətinin ilk dövrlərində saray və orduda əhəmiyyətli yerə sahib idilər. Ancaq bu, gənc hökmdarın apardığı islahatlara qədər belə davam etdi. I Abbas Heratda, şamlılar arasında böyümüşdü. Bu səbəbdən də şamlı tayfaları toxunulmazlıq statusu qazanmışdılar. Hətta dövlətin öz gücünü və qüdrətini göstərməsi əksər hallarda məhz uctaclılarla şamlılar sayəsində mümkün olurdu. Çünki bu oymaqların həm əhalisi çox idi, həm də başçıları təcrübəli idi. Söylədiklərimizin daha aydın başa düşülməsi üçün bir faktı xatırladaq: Heratda Abbas Mirzənin adından valilik edən lələsi Əliqulu xan şamlı oymağından; Abbas Mirzəni Qəzvində taxta çıxaran Mürşidqulu xan isə ustaclı oymağından idi.
Yaxşı, bəs Şah I Abbas tərəfindən zərərsizləşdirilən yeddi qızılbaş əmiri hansı boylardan idi? Bu suala cavab tapmamışdan öncə vacib bir məqamın üzərində dayanmaq yerinə düşərdi. I Abbasın hakimiyyətə gəldiyi ilk dövrlərdə yüksək vəzifələr tamamilə qızılbaş rəislərinin əlində idi. Onlar dövlətin qurulmasında xüsusi əməyi olan türk oymaqlarının başbilənləri idi. Nəzarətlərində özlərinə aid ayrıca döyüşçü dəstələri var idi. Odur ki şahın qərarlarına təsir edə bilirdilər. Bununla yanaşı, qızılbaş oymaqları arasında, əsasən də təkəli, türkmən, ustaclı və şamlılar arasında qızğın rəqabət gedirdi. Qanlı savaşlara və qardaş qırğınına səbəb olan bu rəqabət, eyni zamanda Səfəvi dövlətinin nüfuzuna da xələl gətirirdi. Şərqdə özbəklər, qərbdə osmanlılar kimi güclü rəqiblərlə mübarizə aparan Şah I Abbas üçün isə həm mərkəzi hakimiyyəti gücləndirmək, həm də daxildə asayişi bərpa etmək son dərəcə vacib idi. Ona görə də həm özünün, həm də dövlətin nüfuzuna zərbə vura biləcək qədər güclənən qızılbaş əmirlərinin ən xırda nöqsanını belə bağışlamır, həmin əmirləri aradan götürürdü.
I Abbas istər Heratda vali olarkən, istərsə də atasının və əmisinin hakimiyyəti illərində qızılbaş əmirlərinin Səfəvi dövləti üçün təhlükəyə çevrildiyini anlamışdı. Dövlət onlar üçün nüfuz dairələrini genişləndirmək və qazanc əldə edə bilmək üçün fürsət idi. Məhz bunun nəticəsi idi ki, Səfəvi xanədanı həm ölkə daxilində, həm ölkə xaricində gücünü, nüfuzunu itirmiş, əvvəl də vurğuladığımız kimi, dağılmaq həddinə çatmışdı. Bu səbəbdən də I Şah Abbasın hakimiyyətə gəldikdən dərhal sonra asayişi gücləndirmək istəməsi tamamilə başadüşüləndir. Xüsusilə 1590-cı ildə Osmanlı dövləti ilə bağlanan sülh müqaviləsi gənc hökmdara həmin niyyətini həyata keçirmək üçün yaxşı fürsət yaratdı. Bütün diqqətini ölkə daxilinə yönəltmək imkanı qazanan şah ağıllı və müdrik qərarları sayəsində Səfəvi dövlətini həm fitnə-fəsaddan xilas etdi, həm də əmin-amanlığın, firavanlığın əsasını qoydu. Yeddi qızılbaş sərdarının aradan götürülməsini də həmin addımlardan biri kimi qiymətləndirmək mümkündür. Bir çox qızılbaş əmiri isə vəzifələrindən uzaqlaşdırıldı. Nəticədə dövlətin idarə olunmasında türkmənlərin rolu azaldıldı. Eyni zamanda türkmən əşirətlərinin öz aralarında baş verən çəkişmələri sona çatdı. Təsadüfi deyil ki, həmin dövrün Osmanlı salnaməçilərindən biri yazmışdı: «Məhəmməd Xudabəndənin fərsizliyindən istifadə edən qızılbaş əmirləri dövlət idarəçiliyini tamamilə ələ keçirib hakimiyyəti öz aralarında bölüşmək məqsədi güdürdü. Lakin Abbas şah olduqdan sonra həmin əmirlərin çoxunu qırıb ölkənin təkbaşına hakimi oldu. İşi belə görən digər əmirlər dövlət işlərinə müdaxilə etmək niyyətindən əl çəkdilər».
Şübhəsiz ki, qızılbaş əmirləri içində ən böyük nüfuza sahib Şah I Abbası Səfəvi taxtına çıxaran, bu məqsədlə Xudabəndə və ətrafı ilə mübarizədə ona kömək edən Mürşidqulu xan idi. Bir sözlə, I Abbas hökmdarlığını xaraktercə hədsiz dərəcədə acgöz, lakin bir o qədər də ağıllı olan Mürşidqulu xana borclu idi. Xan, həqiqətən də, böyük zəhmət və fədakarlıq hesabına Abbas Mirzənin hakimiyyətə gəlməsini təmin eləmişdi. Lakin bununla onun özü dövlət idarəçiliyində müstəsna səlahiyyət sahibinə çevrilmişdi. Həmzə Mirzənin qətlində əli olan qızılbaş əmirlərinin edam olunmasından sonra Mürşidqulu xanın səlahiyyətləri daha da genişləndi. O, şahdan icazə almadan fərmanlar imzalayır, əmrlər verirdi. Bu fərmanları, əmrləri boynundan asdığı dövlət möhürü ilə təsdiqləyən Mürşidqulu xan hətta xəzinənin açarlarını da özü ilə gəzdirirdi. Baş vəzir bununla kifayətlənməyib əsas vəzifələrə öz qohum-əqrəbalarını və yaxın adamlarını gətirirdi. İş o yerə çatmışdı ki, hətta İsfahandakı şahlıq mülklərini də öz əlinə keçirmişdi.
Mürşidqulu xan Şah I Abbasın tay-tuşları ilə ova çıxmasına, oturub-durmasına belə imkan vermirdi.
28