Şah Abbas. Cahid Aydoğmuşoğlu
Чтение книги онлайн.
Читать онлайн книгу Şah Abbas - Cahid Aydoğmuşoğlu страница 9
Şah I Abbas İstanbula göndərilən elçi barədə xəbər tutanda çox qəzəbləndi. Xan Əhmədin belə bir addım atmasının səbəbini və məqsədini öyrənmək üçün onun yanına adam yolladı. Gilan hakimi isə elçini Həcc icazəsi almaq üçün göndərdiyini, başqa heç bir niyyətinin olmadığını söylədi. Şah onun sözlərinə inanmadı. İstanbuldakı casusları vasitəsilə elçinin nə məqsədlə göndərildiyini öyrəndi. Osmanlı dövlətinin Gilanı tutacağı təqdirdə bunun Qəzvin üçün böyük bir təhdidə çevriləcəyini bilən və qorxuya düşən I Abbas diplomatiya yolu seçdi, Osmanlı sarayı ilə yazışmalara başladı. Həmin əsnada Xan Əhməd İstanbula ikinci elçini yolladı. O, Gilanı Osmanlı dövlətinə bağlamaq niyyətində qəti idi. Bunda məqsədi isə, şübhəsiz ki, ilk növbədə öz iqtidarını qoruyub-saxlamaq idi.
1591-ci ilin sentyabrında Xan Əhmədin ikinci elçisi İstanbula yetişdi. Elçi Gilan hakiminin öz əli ilə yazdığı məktubu Osmanlı sarayına çatdırdı. Həmin məktubda Xan Əhməd hakimi olduğu əyalətin torpaqlarının yarısını Osmanlı sultanına hədiyyə etdiyini bildirir, bunun əvəzində isə digər torpaqların özünə və övladlarına qalması üçün zəmanət istəyirdi. Lakin osmanlılar bu təklifə isti yanaşmadılar. Onlar sülh anlaşmasını pozmaq və Səfəvi dövləti ilə yeni ixtilaf yaşamaq fikrindən uzaq idilər. Odur ki Xan Əhmədin elçisini Divana31 qəbul etmədən geri, Gilana göndərdilər.
Tezliklə Səfəvi şah ilə Xan Əhməd arasında münasibətlər daha da gərginləşdi. Buna isə baş verən bir hadisə səbəb oldu. Şah I Abbas oğlu Səfi Mirzəni Gilan hakiminin kiçik qızı ilə nişanlamaq, bununla da Xan Əhmədi cilovlamaq fikrinə düşdü. Əvvəl buna razı olmayan Xan Əhməd Osmanlı sarayından müsbət cavab ala bilməyincə qızını Qəzvinə göndərmək məcburiyyətində qaldı. Gilan hakiminin şahla qohumluğa könülsüz razılaşması I Abbasın qüruruna toxundu. Bunun ardınca isə bəzi müxalif əmirlər şahın təqibindən qaçaraq Xan Əhmədin yanına getdilər və onun himayəsinə sığındılar. Onlar Şah Məhəmməd Xudabəndəyə yaxınlığı ilə tanınırdılar. I Abbas məsələdən hali olunca Xan Əhməddən həmin əmirləri, eləcə də bəzi müxalif qızılbaş rəislərini Qəzvinə qaytarmağı tələb etdi. Buna cavab olaraq isə Gilan hakimi Səfəvi hökmdarından asi əmirlərin bağışlanmasını xahiş edə-rək onları Qəzvinə göndərdi. Lakin əmirlər Qəzvinə daxil olmadan qətlə yetirildi, cəsədləri isə təhqir edildi. Xan Əhməd bundan çox məyus oldu, eyni zamanda şaha nifrəti daha da artdı. Əli Osmanlı sultanından üzüldüyü üçün bu dəfə Rus çarına elçi yollayaraq I Abbasa qarşı ondan kömək istədi. Bütün bu baş verənlər isə sonda, təbii ki, qanlı qarşıdurmaya gətirib çıxardı.
Beləliklə, I Abbas İstanbula elçi göndərərək Gilanın Səfəvi mülkü olduğunu və Xan Əhmədin bu əyaləti idarə eləməyə haqqı çatmadığını bəyan elədi. 1592-ci ilin yazında isə Xan Əhmədə həddini bildirmək və Gilanı tamamilə hakimiyyəti altına almaq üçün hərəkətə keçdi. Bu məqsədlə şah özünün təcrübəli sərkərdələrindən olan, eyni zamanda vəkili-səltənət (şahın vəkili) vəzifəsini tutan Qaramanlı Fərhad xan və qardaşı Zülfüqar xanın başçılığı altında Gilana ordu göndərdi. Xan Əhməd baş sərkərdəsinin xəyanəti nəticəsində ordusunun dağıldığını öyrənincə gəmi ilə Osmanlı hakimiyyəti altında olan Şirvana qaçdı. Beləliklə, I Abbas Gilanı mərkəzi hakimiyyətə tabe etdi. O, xanın əsir alınan şahzadələrini bağışladı, əyalətin idarəçiliyini isə Mehdi xan Şamlıya tapşırdı.
Gilanda işləri yoluna qoyan Səfəvi ordusu özbəkləri geri oturtmaq üçün Xorasana doğru hərəkətə keçdi. Lakin bir müddətdən sonra xəbər çıxdı ki, Gilanda Şah Mələk adlı bir nəfər üsyan qaldırıb. I Abbas üsyanı yatırmaq üçün orduya geri dönmək əmri yolladı. Qısa vaxtda Şah Mələk öldürüldü, üsyan isə yatırıldı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.