Şəmsəddin Eldəniz. Əkbər N. Nəcəf

Чтение книги онлайн.

Читать онлайн книгу Şəmsəddin Eldəniz - Əkbər N. Nəcəf страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Şəmsəddin Eldəniz - Əkbər N. Nəcəf Tarixi yaradanlar

Скачать книгу

yaşamasını.

      Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə atabəylik idi. Buna görə də atabəylik qulam sisteminin bir parçası, daha doğrusu, onun son mərhələsi hesab olunurdu. Səlcuqlu atabəylərinin, demək olar, hamısı qulam sistemindən çıxan əmirlər və sərkərdələr idi.

      Bir qulamın vəliəhd şahzadənin atabəyi elan edilməsində əsas şərtlər qabiliyyət, istedad və sədaqət idi. Sultan istedadına və qabiliyyətinə inandığı, sədaqətindən şübhə eləmədiyi qulamını oğlunun atabəyi təyin edirdi. Tarixdə padişahların inamını boşa çıxarmayan atabəylər çoxdur; elə Səlcuqlu atabəylərinin də əksəriyyəti dövlətə sədaqətlə xidmət göstəriblər. Bununla belə, hər atabəy öz şahzadəsinin haqlarını qorumaq istəyir, eyni zamanda həmin şahzadə taxta çıxacağı təqdirdə özlərinin də böyük imkanlar qazanacaqlarını bilirdilər. Bu isə sonda Səlcuqlu dövləti daxilində müstəqil atabəylərin yaranmasına səbəb oldu. Təkcə Azərbaycanda dörd atabəylik sülaləsi (Aran, Marağa, Azərbaycan və Əhər) yarandı.

      Qara Sunqur

      Əvvəl də qeyd elədiyimiz kimi, İraq Səlcuqlu sultanı Mahmud 1131-ci ildə gənc yaşda vəfat etdi. Bunun ardınca isə şahzadələr və əmirlər arasında taxt uğrunda mübarizə daha da alovlandı. Xüsusilə Məhəmməd Taparın oğulları arasında hakimiyyətə sahiblənmək üçün qanlı mücadilə başladı.

      Mahmudun vəfatından sonra onun dörd qardaşı taxt-taca iddia edirdi. Bunlar Davud, Toğrul bəy, Məsud və Süleymanşah idi.

      İraq Səlcuqlu taxtını öncə Davud ələ keçirdi. Lakin Davudun hakimiyyəti, sadəcə, bir il davam etdi. 1132-ci ildə taxta Toğrul bəy çıxdı və «Sultan II Toğrul bəy» adını aldı. Toğrul bəyin qısa müddətli hakimiyyəti (1132–1135) qardaşları ilə müharibələrdə keçdi. Hakimiyyətinin üçüncü ilində Toğrul vəfat etdikdən sonra isə bu dəfə taxta Məsud oturdu. Sultan Məsudun hakimiyyəti (1135–1152) uzun sürsə də, ölkədəki daxili müharibələr, ixtilaflar və üsyanlar səngimədi. Məsudun zəif iradəsi əmirlər arasında hakimiyyət hərisliyinin artmasına gətirib çıxardı. Xüsusilə hərəsi bir səlcuqlu şahzadəsinin atabəyi olan və böyük hərbi gücə sahib əmirlər sultanın iradəsi ilə qətiyyən hesablaşmırdılar. Belə əmirlərdən biri də rəsmi olaraq Aran atabəyi hesab olunan, reallıqda isə İraq Səlcuqlu dövlətinin bütün şimal-qərb torpaqlarına (Diyarbəkir, Aran, Azərbaycan, Əxlat32 və d.) nəzarət edən Atabəy Qara Sunqur idi. O, Sultan Məsuddan daha çox onun arvadı, Sultan Bərkyarukun qızı Zübeydə Xatundan çəkinirdi. Belə ki, Zübeydə Xatun Məsud üzərində ciddi təsirə, hətta bir çox dövlət işləri ilə bağlı qərar vermək imkanına malik idi. Bu səbəbdən də Qara Sunqur onunla münasibətlərini xoş tutmağa başlamışdı. Atabəy Zübeydə Xatuna müxtəlif qiymətli hədiyyələr göndərirdi. Nəticədə onun yanında böyük nüfuz qazandı. Bu Qara Sunqurun Aran Atabəyliyinin başında qalmağa davam etməsinə və siyasi nüfuzunun güclənməsinə gətirib çıxardı.

      Bundan sonra Qara Sunqur Sultan Məsudun hakimiyyətini möhkəmləndirmək üçün hərəkətə keçdi. Nəticədə sultanın əsas düşmənlərinə, o cümlədən, Abbasi xəlifəsi Müstərşidə ağır zərbə vurdu və onların İraq Səlcuqlu hökmdarı üzərində təsirini aradan qaldırdı. Bu xidmətlərinin müqabilində isə sultan tərəfindən atabəy əl-əzəm (böyük atabəy) elan edildi. Tezliklə Qara Sunqur dövlətin bütün idarəsini öz əlində cəmləşdirdi. Faktiki olaraq Aranın hakimi olsa da, İraq Səlcuqlu dövlətində sultandan sonra ikinci söz sahibinə çevrildi. Sultan Məsudun Xəlifə Müstərşid ilə döyüşdə əsir aldığı Baranquş, Çavlı Candar kimi böyük əmirlər də onun tabeliyinə verildi. İraq Səlcuqlu torpaqlarında hər hansı üsyan baş verdiyi zaman buna ilk olaraq Qara Sunqur müdaxilə edirdi. İstər Böyük Səlcuqlular, istərsə də İraq Səlcuqlular dövlətlərinin tarixi boyunca belə geniş səlahiyyətlərə Qara Sunqurdan əvvəl heç bir atabəy sahib olmamışdı. O hətta sultanın təyin etdiyi məmurları vəzifəsindən azad etdirməyə qadir idi. Bu da səbəbsiz deyildi: Məsud böyük atabəyə hədsiz etimad göstərir və fikirləri ilə hesablaşırdı. Öncə Fars hakimi Məngüparsın qiyamını yatıran, ardınca Abbasi taxtına oturan yeni xəlifə ər-Raşidini zərərsizləşdirən Qara Sunqur bu uğurlarından sonra İraq Səlcuqlu dövlətinin gerçək idarəçisi oldu. Bu isə bir müddət sonra Sultan Məsudu narahat etməyə başladı. Özü hökmdar olduğu halda dövlət üçün əhəmiyyətli qərarları Qara Sunqurun verməsi sultanın ürəyincə deyildi. Çünki bu onun nüfuzuna xələl gətirirdi.

      1138-ci ilin noyabrında Sultan Məsud İraq Səlcuqlu sultanlığının vəziri Əbül-Bərəkəti edam etdirdi. Əbül-Bərəkəti həmin vəzifəyə əmisi Sultan Səncərin istəyi ilə təyin edilmişdi. Məsud edam qərarının böyük sultana qarşı üsyan olmadığını göstərməyə məcbur idi. Bu səbəbdən Səncərin yanında xidmət edən və onun xəzinədarı33 olan Rey valisi Kəmaləddin Məhəmmədi yeni vəzir təyin elədi. Kəmaləddin Məhəmməd etibarlı, ədalətli və dürüst adam idi. Hətta xəzinədar olduğu illərdə dövlət daxilində rüşvət və yeyinti hallarını ortaya çıxarmış, bununla da dövlət gəlirlərinin artmasına səbəb olmuşdu. Çox keçmədi ki, yeni vəzirin dürüstlüyü Sultan Məsudun ətrafında toplanmış əmirləri narazı salmağa başladı.

      Məsələ burasındadır ki, Kəmaləddin Məhəmməd vəzir olduqdan sonra sultana mərkəzi hakimiyyətin gücləndirilməsini məsləhət gördü. Bunun üçün isə birinci növbədə əmirlərin dövlət və saraydakı təsiri azaldılmalı idi. Vəzirin aldığı tədbirlərə qarşı ilk reaksiya Aran hakimi Qara Sunqurdan gəldi. Qara Sunqurun sultan üzərində böyük güc və təzyiq sahibi olduğunu görən vəzir onu atabəy haqqında xəbərdar eləmişdi: «Qara Sunqurun varlığı sultana öz gücünü və nüfuzunu hiss etdirməyə imkan verməyəcəkdir». Məsud vəzirin bu fikri ilə razılaşdı və onlar gizlicə Fars hakimi Boz-Apanı Həmədana dəvət edərək Qara Sunquru ortadan qaldırmaq qərarına gəldilər. Lakin saray məmurları bu xəbəri Qara Sunqura çatdırdılar. Həmin vaxt Azərbaycanda olan böyük atabəy dərhal hərəkətə keçdi: İraq Səlcuqlu taxtının iki iddiaçısı – Səlcuqşah və Davudu da özü ilə götürüb 20 minlik ordu ilə Həmədan qapılarına qədər gəldi. Şəhərə hücüm etməmişdən əvvəl o, Sultan Məsuda belə bir təklif yolladı: «Ya vəzirin başını göndər, ya da biz başqa sultana xidmət edərik».

      Qara Sunqurun kifayət qədər güclü atabəy olduğu bir daha təsdiqini tapdı: çarəsiz vəziyyətdə qalan sultan başqa çıxış yolu tapmayıb vəzirin başını Qara Sunqura göndərdi. Bunun ardınca isə böyük atabəy öz vəziri İzzəlmülkün İraq Səlcuqlu sultanlığının vəziri təyin edilməsinə nail oldu. Bu, Qara Sunqurun Sultan Məsudu tamamilə öz iradəsinə tabe etdirməsinin əlaməti idi. İzzəlmülkün vəzirliyi zamanı İraq Səlcuqlu dövlətinin nizam-intizamı bütünlüklə dağıldı. Mənbələr onun dövründə «əmirlərin öz-özlərinə iqta verəcək qədər» özbaşınalıq etdiklərini yazır. Qara Sunqurun təsiri altına düşən Məsud hətta qardaşı oğlu Davudu özünə vəliəhd təyin eləməli olmuşdu. Lakin hadisələrin sonrakı gedişi bu planı puça çıxardı: bir müddət sonra ismaililər

Скачать книгу


<p>32</p>

Əxlat – indiki Türkiyə ərazisində, Van gölünün şimal-qərb sahilində qədim şəhər

<p>33</p>

Xəzinədar – dövlət xəzinəsinə nəzarət edən məmur. Xəzinədarlar döyüşdə əldə edilən qənimətlərin hesabını aparmaqla yanaşı, hökmdara başqa dövlətlərdən və əyalətlərdən gələn hədiyyələrə də məsul idilər.