Mustafa Kamal Atatürk. Aleksandre Jevaxoff

Чтение книги онлайн.

Читать онлайн книгу Mustafa Kamal Atatürk - Aleksandre Jevaxoff страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Mustafa Kamal Atatürk - Aleksandre Jevaxoff Tarixi yaradanlar

Скачать книгу

Bir müddət sonra isə cənub cəbhəsində döyüşən və alman generalı Falkenheynin komandanı olduğu «İldırım» ordusunun 7-ci diviziyasının rəhbəri təyin edildi. Odur ki Fələstinə yollandı. Lakin çox keçmədi ki, qəhrəmanımızla general Falkenheyn arasında narazılıq yarandı. Bunun əsas səbəbi Mustafa Kamalın ingilislərin Misirdən hərəkətini əngəlləmək üçün düşünülmüş plana qarşı çıxması idi. O belə hesab edirdi ki, almanlarla Ənvər paşanın ortaq hazırladığı plan sonda acı məğlubiyyətdən başqa bir şey vəd eləmir. Açıq-aşkar dilə gətirdiyi tənqidlərin nəticəsiz qaldığını görən Mustafa Kamal xəstəliyini əsas gətirib məzuniyyət götürdü və İstanbula qayıtdı.

      1917-ci ilin oktyabrında paytaxta gələn qəhrəmanımız burada da tənqidlərini davam etdirirdi. O, Osmanlı dövlətinin istər hərbi, istərsə də siyasi baxımdan yanlış etdiyi qərarları, addımları barədə açıq şəkildə danışırdı. Məsələn, xarici işlər naziri ilə görüşündə öz arqumentlərini sadaladıqdan sonra yüksək səslə demişdi: «Dövlət əldən getmək ərəfəsindədir!» Nazirin reaksiyası sərt olmuşdu: «Biz Arıburnu və Anafartda göstərdiyiniz şücaətə görə sizə hörmətlə yanaşırıq, əgər indi qəbuluma düşə bilmisinizsə, bunun səbəbi həmin şücaətlərinizdir. Ancaq indi danışdıqlarınızdan başqa fikirdə olduğunuzu hiss etməyə başlayıram. Mən hakimiyyətə tam etibarı olan bir nazirəm. Onlarla, Baş ştab və ordu komandanlığı ilə bütün məsələlərdə həmfikirəm. Görünür, siz əsil həqiqəti bilmirsiz. Bilsəydiniz, bu cür danışmazdınız!»

      O hansı həqiqət idi ki, Mustafa Kamal ondan xəbərsiz idi? Əgər belə bir həqiqət var idisə, ola bilərdi başqaları bilməsin, ancaq qəhrəmanımız əsla! Mustafa Kamal ağlı, uzaqgörənliyi, müdrikliyi ilə digərlərindən çox fərqləndiyini sübut etmişdi. Üstəlik, heç bir həqiqət Mustafa Kamalı öz bildiklərini, düşündüklərini gizlətməyə məcbur etmək iqtidarında deyildi. Məsələn, Çanaqqala döyüşlərinin bitməsinin ardından onun şərəfinə təşkil olunan çoxsaylı banketlərin birində açıq bəyan etmişdi: «Onlar (Ənvər və Tələt paşa – tərc.) ordunu mənasız və nəticəsiz şəkildə hər gün bir istiqamətə göndərir, yorur, gücdən salır, zəiflədir. Bunun sonu yaxşı olmayacaq. Almanlara həddən artıq bel bağlamaq təhlükəlidir. Belə getsə, təkcə ordunu yox, bütün ölkəni özlərindən tam asılı vəziyyətə salacaqlar».

      Elə Fələstindən İstanbula qayıdarkən də o eyni fikirdə idi. Hətta Osmanlı paytaxtına yola düşməzdən öncə köməkçilərindən biri olan polkovnik İsmət bəylə (İsmət İnönü22 – tərc.) birlikdə real vəziyyətin hərtərəfli analizindən ibarət raport hazırlamışdı. Raportu həm Osmanlı dövlətinin baş nazirinə, həm də Ənvər paşaya göndərmişdi. Ancaq raport dəftərxanada yüzlərlə sənədin arasında it-bata düşdü. Bəlkə də, yaxşısı bu idi, çünki raportdakı tənqidi məqamlar Mustafa Kamalın ciddi şəkildə cəzalandırılmasına gətirib çıxara bilərdi.

      Qəhrəmanımız sadəcə tənqidlərlə kifayətlənmirdi. O, Osmanlı hakimiyyətinin daha böyük sürətlə iflasa doğru sürükləndiyini görür və günlərin bir günü yaranacaq xaotik situasiya üçün hazırlıq görürdü. Çünki hər hansı siyasi dəyişiklik yaranacağı təqdirdə prosesdən kənarda qalmaq istəmirdi. Ona görə də bir yandan köhnə dostu Camal paşa, digər tərəfdən isə hələ də Sofiyada səfir vəzifəsində çalışan Əli Fəthi ilə yaxın münasibətlərini davam etdirirdi.

      Mustafa Kamal dövrünün tanınmış hərbçilərindən biri İsmayıl Haqqı ilə də məhz bu zaman tanış olmuşdu. Orduda təsərrüfat işləri idarəsinin rəisi olan Haqqı qeyri-adi dərəcədə nüfuzlu adam idi. Osmanlı silahlı qüvvələrinin maraqlarını yalnız daxildəki hərbi və ya mülki möhtəkirlərdən qorumur, eyni zamanda müttəfiq almanların da türk ordusundan sui-istifadə etməsinə mane olmağa çalışırdı. O, çevik düşüncəsi və hədsiz bacarıqlılığı ilə də Mustafa Kamalın diqqətini çəkmişdi. Bu səbəbdən də İsmayıl Haqqı ilə tez-tez görüşür, mövcud vəziyyət və proseslərin sonrakı gedişatı ilə bağlı uzun-uzadı söhbət edirdi. İsmayıl bəy də bu fikirdə idi ki, Osmanlı hakimiyyəti sona yaxınlaşır. Ona görə də hesab edirdi ki, zəruri anda yalnız hərbçilərdən ibarət hökumət kabineti qurulmalıdır. İsmayıl Haqqı həmin hökuməti «Qurtuluş kabineti» olaraq görürdü. Mustafa Kamal ondan «Qurtuluş kabineti»nin üzvləri arasında kimləri gördüyünü soruşduqda Haqqı öz namizədlərini belə sadalamışdı: Camal paşa, Xəlil paşa və Mustafa Kamal paşa. «Bəs Ənvər bəy?» – deyə qəhrəmanımız soruşmuşdu. «Ən yaxşı seçim adlarını sadaladıqlarımdır» – deyə Haqqı cavab vermişdi. Bu cavabdan sonra Mustafa Kamal demişdi: «Mən vətəni qorumaq üçün ordu komandanı postunda olmağı hansısa hökumət kabinetinin üzvü olmaqdan üstün tuturam!»

      Vəhdəddinlə tanışlıq

      Çox keçmədən Mustafa Kamalın İsmayıl Haqqı ilə dialoqları sarayadək gedib çatdı. Bundan sonra Ənvər paşa onu yanına çağırdı. Qəhrəmanımız eyni zamanda sultanın kürəkəni olan hərb nazirinin və ordunun baş komandanının kabinetindən əsəbi şəkildə çıxdı. Belə məlum olurdu ki, onu dövlət çevrilişi hazırlamaqda təqsirləndirib hərbi tribunala vermək, sonda isə ölüm cəzasına məhkum etmək istəyirlər. Bir neçə gün sonra Ənvər paşa Mustafa Kamalı yenidən kabinetinə çağırdı. Onun haqqındakı iddiaları təkrarladı. Qəhrəmanımız özünü kifayət qədər səbirli aparmağa çalışaraq deyilənlərin əsassız olduğunu və mövcud hakimiyyətə sədaqətini sübut etməyə çalışdı. Baxmayaraq ki, Ənvər paşanı buna inandırmaq ehtimalı çox zəif idi. Aradan bir az keçmiş Ənvər paşa bu dəfə Mustafa Kamalı Mərmərə dənizi sahilində yerləşən Quruçeşmədəki iqamətgahına çağırdı. Qəbul otağının girişində ondan silahını təhvil vermək tələb olundu. Mustafa Kamal həmin tələbi yerinə yetirməkdən imtina elədi, sonra isə sakit tövrlə yavərini çağırdı. Həmin vaxt Ənvər paşa otağından çıxdı və Mustafa Kamalı bir kənara çəkdi. Onlar nə barədəsə sakitcə söhbətləşməyə başladılar. Bu söhbətdən sonra qəhrəmanımızın şübhəsi qalmadı ki, Ənvər paşa ondan canını qurtarmaq istəyir, lakin hələlik bunu bacarmır. Görünür, öz məqsədinə çatmaq üçün baş komandana Mustafa Kamalın şöhrəti və nüfuzu mane olurdu.

      Birinci Dünya müharibəsinin sonlarına doğru, 1917-ci ilin dekabrında vəliəhd şahzadə Vəhdəddin Osmanlı dövləti ilə müttəfiq olan Almaniyaya rəsmi səfərə çıxdı. Səfər Almaniya imperatorunun dəvəti əsasında baş tutmuşdu. Əslində, Almaniyaya Sultan Mehmed Rəşad getməli idi. Lakin onun səhhəti buna imkan vermədiyindən səfərə vəliəhd şahzadənin yollanması qərarlaşdırıldı. Mustafa Kamal da hərbi müşavir qismində nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Üç həftə davam edən səfər boyunca Mustafa Kamalla vəliəhd şahzadə arasında isti münasibət yarandı. Qəhrəmanımızın özü də bunu sonralar, 1918-ci ilin iyununda dilə gətirəcəkdi. Vəhdəddin Mustafa Kamalın da nümayəndə heyətinin tərkibində olduğunu öyrənincə əyani tanış olmaq qərarına gəlmişdi. Vəliəhd şahzadə paşa ilə ilk görüşündəcə Çanaqqala müharibəsi zamanı qəhrəmanımızın göstərdiyi rəşadəti xatırladaraq onunla birgə səfərə çıxmasından

Скачать книгу


<p>22</p>

Mustafa İsmət İnönü (1884 – 1973) – Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. «Milli şef» adı ilə tanınır.