Çarli Çaplin. Питер Акройд

Чтение книги онлайн.

Читать онлайн книгу Çarli Çaplin - Питер Акройд страница 7

Жанр:
Серия:
Издательство:
Çarli Çaplin - Питер Акройд Tarixi yaradanlar

Скачать книгу

qərq olmuş teatrlarını görəndə özünü evdəki kimi hiss eləyir. Çaplin başa düşür ki, onun yeri buradır. İndi Çarlinin qarşısında yeni aləm açılıb.

      1910-cu ilin payızından 1911-ci ilin yayına qədər truppa Birləşmiş Ştatların müxtəlif şəhərlərində çıxış eləyir. Bu qastrollardan günümüzə çoxlu şəkil qalıb: Çaplin əynində uzun Amerika şineli; Çaplin skripka çalır; San-Fransiskoda «Çarli Çaplin əyyaş rolunda» yazılmış afişanın qarşısında dayanıb… Qeyd edək ki, məhz həmin rol sayəsində Çarlinin Amerikada çoxlu pərəstişkarları peyda olmuşdu. Tamaşaçılar onun hər hərəkətini böyük maraq və rəğbətlə izləyirdi.

      Bütün qastrollar ərzində Çaplinlə eyni otaqda qalan Sten Lorel onu həddən artıq ekssentrik adlandırırdı. Sten qeyd edirdi ki, Çarlinin çox vaxt kefi olmurdu, üst-başından səliqəsizlik yağırdı. Ancaq bir dəfə o hamını öz qəşəng, dəbdə olan kostyumu ilə təəccübləndirir. Bu qəfil dəyişiklik getdikcə güclənir. Çaplin həmişə kitab oxuyur. Yunan dilini öyrənmək istəyir, ancaq tez də fikrindən daşınır. Sonra yoqa ilə məşğul olmağa başlayır. Başqa sözlə desək, Çaplin özünü təkmilləşdirməyi qət edir. Geyimə xüsusi fikir verir. Çaplini məşhur edən Avaranın kostyumunu buna misal çəkə bilərik. O, daima hərəkətdədir. Sketçlərdə hiss-həyəcanı aşıb-daşan bu adam, səhnədən kənarda çox vaxt təmkinli və adamayovuşmaz olur.

      1912-ci ilin yayında Çaplin İngiltərəyə qayıdır. Sidni evləndiyindən o, Brikston-roudda ev kirayələyir. Ancaq İngiltərə torpağında keçirdiyi dörd ayda boş dayanmır, Karnonun truppalarında yenidən ölkəni gəzir.

      Qardaşlar psixiatriya müalicəxanasında yatan analarını unutmur, ona baş çəkirlər. Bərkdən mahnı oxuduğuna görə Hanna həmin vaxt divarlarına keçə çəkilmiş palataya salınır. Bundan sonra Çaplin anası ilə görüşməyə ürək eləmir. Qardaşlar qərara alırlar ki, analarını özəl klinikaya köçürsünlər. Amerika qastrolları zamanı Çarli 2000 dollar pul yığmışdı. O dövr üçün bu xeyli böyük məbləğdi. Məhz həmin vəsait hesabına Hanna növbəti səkkiz ili şəxsi klinikada keçirəcəkdi.

      Birləşmiş Ştatlara səfərdən sonra Çarliyə doğma ölkəsi İngiltərə çox kiçik, eyni zamanda hüznlü görünür. Ona görə Amerikaya ikinci qastrolla bağlı dəvəti sevinclə qarşılayır. Karnonun truppasının Nyu-Yorka həmin turnesi oktyabrın ortalarında başlayıb 15 ay davam edir. Onlar gündə üç-dörd tamaşa verirdilər.

      Çaplin 1913-cü ilin aprelində istirahət imkanından istifadə edib hazırda ABŞ-ın ən böyük şəhərlərindən biri olan Filadelfiyadan Nyu-Yorka gəlir. Elə ilk günün axşamı məşhur alman bəstəkarı və dirijoru Rixard Vaqnerin (1813–1883) «Tanheyzer» operasına bilet alır. Opera onu sarsıdır. Tanheyzer Yelizavetanın tabutunu qucaqlayıb göylərdə onun üçün dua etməsini xahiş eləyəndə isə Çaplini ağlamaq tutur. Ona elə gəlir, gözü qarşısında baş verənlər elə öz həyat tarixçəsidir.

      Filadelfiyaya qayıdanda ona bir teleqram verirlər. Teleqram Alfred Rivzə ünvanlanıb. Xahiş edilir ki, «Çaffin» və ya buna oxşar soyadlı şəxs Brodveydə yerləşən «Kessel and Bauman» firması ilə əlaqə saxlasın.

      Çarli bunun hüquq firması olduğunu və görünür, hansısa varlı qohumun mirası ilə bağlı axtarıldığını düşünür. Ancaq məsələ başqa idi.

      «Kessel və Baumen» – New York Motion Pictures adlı kino şirkətinin sahibləri idi. Şirkətin aparıcı komiki Ford Sterlinq bütün layihələrdən gedəcəyilə hədələdiyindən onun yerinə təcili namizəd axtarılırdı. Çarli Çaplin New York Motion Pictures-in şəriklərinə ən uyğun namizəd kimi görünürdü. Lakin digər tərəfdən, gənc oğlan həmin vaxt Karnonun truppasının ulduzu idi, mətbuat da onu bir ağızdan tərifləyirdi.

      Çaplinə illik müqavilə təklif olunur: ilk üç ayda həftəsinə 150 dollar, qalan doqquz aya isə həftədə 175 dollar… Çarli həyatında belə məvacib görməmişdi. O, təcili qərar qəbul eləyir: Karno ilə müqaviləsi bitən kimi, mütləq «Keystoun» kinostudiyasına keçəcək! Çaplinə təklifin təşəbbüskarı məhz həmin studiyanın direktoru amerikalı kinorejissoru və prodüser Mak Sennet (1880–1960) idi. Nyu-Yorkda onun çıxışını çox bəyənmişdi. «Balet rəqqası kimi incəliklə hərəkət edən bu balaca oğlan məni heyran etmişdi, – Sennet sonralar yazacaqdı. – Bir həftə sonra onun adını xatırlamırdım, ancaq əmindim ki, bu sərbəst, qəşəng hərəkətləri heç vaxt unutmayacağam». Sennetin o vaxt otuz yaşı olardı və istedadlı rejissor sayılırdı. Bundan başqa, onun komik olan hər şeyi və hər kəsi duymaq istedadı var idi. Onu gülməyə məcbur edən hər şey tamaşaçıları da mütləq güldürürdü. Cəsarətlə demək olar ki, Amerika komediyasını məhz Mak Sennet yaradıb.

      Çaplin Karnonun truppasında sonuncu tamaşanı 1913-cü il noyabrın 28-də Kanzas-Sitidə oynayır. Pərdə endikdən sonra Çarli bütün aktyor yoldaşlarını içkiyə qonaq eləyir. Artistlərin əlini sıxanda onun bədəni titrəyir, ancaq bu kədərli vidalaşmanı belə zarafata çevirməyə cəhd edir. Ardınca isə səhnə arxasına qaçıb ağlayır.

      Aradan üç həftə keçməmiş Çaplin Kaliforniya ştatının Edendeyl şəhərinə gəlir.

      1913-cü il onun həyatında xoşbəxt il olur. İncəsənətin yeni növünün – kino sənətinin təzəcə formalaşdığı illərdə öz anadangəlmə istedadını reallaşdırmaq imkanı qazanır.

      «Keystoun» kinostudiyasındakı həyat ilk vaxtlar Çaplinə qəribə gəlir. Kompleksin özü San-Fernando vadisində, fermer sahələrinin arasında yerləşirdi. Qərargah dördotaqlı bunqalodan14 ibarət idi, qrim otağını isə anbar əvəzləyirdi. Kompleks yaşıl hasarla dövrələnmişdi. Girişdə bir neçə avtomobil dayanmışdı. Komediyalar çəkilərkən onlardan zəruri avadanlıq kimi istifadə olunurdu. Yeganə işıq mənbəyi isə Kaliforniya səmasında boy göstərən parlaq günəş idi.

      O vaxt filmlər səssiz idi, ancaq çəkiliş meydanında hay-küydən qulaq tutulurdu. Rejissorlar aktyorlara tapşırıqlar verir, səyyar kameralar cırıldayır, ifaçılar bir-biriylə ucadan danışır, çəkic taqqıltısı və musiqi səsi dinmək bilmirdi. Eyni vaxtda üç-dörd film çəkilirdi.

      Konkret ssenari yox idi, daha çox improvizasiyalara üstünlük verilirdi; məsələn, əgər yaxınlıqda nəsə yanırdısa, çəkiliş qrupu filmdə rol alan aktyorları alovun fonunda çəkməyə çalışırdı. İlkin ssenari, yaxud «ideya» həmişə təqiblə bitən qəribə hadisələrin ardıcıllığıyla müşahidə olunurdu. «Keystoun» kinostudiyasını məhz təqib fərqləndirir, ən yaxşısı isə «əyri-üyrü xətlə qaçışdır». Məsələn, hirslənmiş polislər sanki görünməyən divarlara dəyib sıçrayırlar. Bundan başqa, Sennet hər dörd kadrdan birini kəsirdi, personajlar isə komediyanın gərginliyini artırmağa çalışaraq tullana-tullana hərəkət eləyirdilər. Aktyorlar hasısa tərpənməz obyektə dəyənə qədər, sadəcə, elə hey qaçan kuklalara bənzəyirdilər. Ətrafda hər şeyin uçub-dağılmasına baxmayaraq, filmin personajları toxunulmaz qalırdılar. Qorxu, acgözlük və ehtirasdan başqa onlardan hər hansı hiss-həyəcan ifadə etmək tələb olunmurdu.

Скачать книгу


<p>14</p>

Bunqalo – yüngül konstruksiyalı, aynabəndli şəhərkənarı ev