Molla Nəsrəddin lətifələri. Группа авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Molla Nəsrəddin lətifələri - Группа авторов страница 3

Жанр:
Серия:
Издательство:
Molla Nəsrəddin lətifələri - Группа авторов Folklor

Скачать книгу

deyir:

      – Mənim də, qibleyi-aləm!

      Bir azdan Teymur deyir:

      – Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür, başım ağrıyır.

      Molla Nəsrəddin deyir:

      – Mənim də, qibleyi-aləm!

      Teymur deyir:

      – Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli şeydir. Yeyən kimi elə bil ki, gözlərimin işığı artır.

      Molla deyir:

      – Mənim də, qibleyi-aləm!

      Naharın sonunda Teymur aşpazı çağırıb deyir:

      – Bir də süfrəyə badımcan qoysanız, dərinizi badımcan kimi soyduracağam. Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.

      Molla tez yediyi badımcan boranısını itələyib deyir:

      – Mənim də, qibleyi-aləm, görməyə gözüm yoxdur.

      Teymur deyir:

      – Ay Molla, sən nə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan şeydi?

      Molla deyir:

      – Bu çox aydın məsələdi, qibleyi-aləm. Gərək elə belə də ola. Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq eləmirəm ki…

      ÜZR BƏDTƏR ƏZ GÜNAH

      Bir gün Teymurləng Molladan soruşur ki:

      – Molla, üzr bədtər əz günah nə deməkdi?

      Molla deyir:

      – Qibleyi-aləm sağ olsun! Bu, fars sözüdü. Mənası budur ki, üzrü günahından pis.

      Teymur deyir:

      – Başa düşmürəm, necə yəni üzrü günahından pis?

      Molla deyir:

      – Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.

      Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:

      – A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm. Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.

      Molla heç bir söz deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:

      – Dəli olmamısan ki? Nə qayırırsan?

      Molla baş əyib deyir:

      – Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan.

      Teymur qışqırır ki:

      – Nə danışırsan?

      Molla deyir:

      – Hirslənmə, qibleyi-aləm! Üzr bədtər əz günah bax budur!

      YALAN DEYİBLƏR

      Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:

      – Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.

      Molla deyir:

      – Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin zülmkarlığın, hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.

      BELİMƏ BAĞLASINLAR

      Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:

      – Bu saat bunu boğazından asarsınız!

      Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:

      – Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!

      Molla deyir:

      – Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.

      Teymur deyir:

      – De!

      Molla deyir:

      – Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm, əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.

      SONRA GÖZÜM ÜSTƏ

      Bir gün Teymurləng Molladan soruşur:

      – De görüm, məni nə qədər istəyirsən?

      Molla deyir:

      – Mən Molla Nəsrəddinəm, sən də qibleyi-aləm Teymur. Demək ki, mən səni o qədər istəyirəm, nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.

      Teymur deyir:

      – Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi? Molla:

      – Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.

      Teymur:

      – Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?

      Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:

      – Haraya?

      Molla cavab verir:

      – Qibleyi-aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim, sonra gözüm üstə!

      BƏS NƏ VAXT ELƏSİNLƏR?

      Deyilənlərə görə, bir dəfə Molla Nəsrəddini öz yaşadığı

Скачать книгу