Təbii fəlakətlər. Şahin Əhmədov

Чтение книги онлайн.

Читать онлайн книгу Təbii fəlakətlər - Şahin Əhmədov страница 6

Təbii fəlakətlər - Şahin Əhmədov Elmi-kütləvi ədəbiyyat

Скачать книгу

müşahidə etmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün kifayət qədər vaxtları var idi. Lakin o vaxt hələlik bu metodun işlənib hazırlanması gedirdi və çox adam püskürmənin proqnozlaşdırılmasının mümkünlüyünə inanmırdı. Ancaq hadisələr proqnozun doğruluğunu sübut etdi.

      Vulkanı ram etmək olarmı?

      1956-cı ildə Kamçatkada sönmüş Adsız vulkanında (onu sönmüş hesab edirdilər) püskürmə baş verdi. Mütəxəssislərin hesablamalarına görə, təkcə püskürmənin baş verdiyi 1 gün ərzində, yəni martın 30-da keçmiş SSRİnin bütün istilik stansiyalarının 40 il müddətində ayırdığı istiliklə müqayisə olunacaq miqdarda istilik ayrılmışdır.

      Aydındır ki, təbiətin bu cür israfçılığının və vulkanların vurduğu ziyanın qabağını almaq mütəxəssislərin çoxdankı arzusudur. Ancaq vulkanı necə ram edəsən? Bu, az qüvvə ilə öhdəsindən gəlinə biləcək tonqal və ya soba deyildir. Məsələnin miqyasını təsəvvür etmək üçün belə bir vulkan mənzərəsinə baxaq.

      Vulkan krateri

      Yer səthində dağ süxurlarının konusu yüksəlir. Onun kəsiyi, adətən, təbəqəli quruluşa malikdir. Bu təbəqələr bərkimiş lava süxurlarından, kül çöküntülərindən, vulkan maddələri və şlaklardan, yəni keçmiş püskürmələrin qalıqlarından ibarətdir. Vulkan konusunun zirvəsində krater yerləşir. Ərimiş lava məhz bu gözdən püskürur. Püskürmələrarası müddətdə isə buxar və qaz şırnaqları ayrılır.

      Vulkan krateri ağız vasitəsilə (çoxsaylı kanallar şəbəkəsi), adətən, bir neçə kilometr dərinlikdə yerləşən aralıq maqmatik kamera ilə birləşmişdir. Bu kamerada püskürmədən qabaq maqmanın qazlarla doymuş və sonradan yuxarı atılmış həcmi toplanır. Həmin proses kameradakı təzyiqin böhran qiymətini aşdığı, yəni lava tıxacları ilə tıxanmış kanalların daxildən təzyiqə davam gətirə bilmədiyi vaxt baş verir. Onda maye lava axınlarla vulkanın yamaclarına axmağa başlayır.

      Püskürmə nəticəsində maqmatik kamerada təzyiq nəzərəçarpacaq dərəcədə aşağı düşür: vulkanın ağzını yenə də soyumuş lava örtür və od püskürən dağ elə bil yuxuya qərq olaraq yenidən püskürmək üçün güc yığır.

      Ata və oğul vulkanoloqlar Dvorovlar sönmüş Avaçin vulkanının süxurlarının bütün həcmindən nə qədər enerjinin ayrıldığını hesablamışlar.

      Dvorovlar yazırlar: “Avaçindəki 1 milyon kilovat gücündə olan geotermal elektrik stansiyası vulkanın aralıq maqmatik kamerasının temperaturu bir dərəcə aşağı düşənə qədər yüz il müddətində işləyə bilər. Həm də bu şərtlə ki, daxilinə dərinliklərdən əlavə enerji daxil olmasın”.

      Amma bu istiliyi necə hasil etmək, maqmatik kameraya necə çatmaq olar? Alimlər bunun çox sadə olduğunu düşünürlər. Bunun üçün sönmüş vulkanın yamaclarında bir neçə quyu qazmaq və onları güclü nasoslar vasitəsilə iti axan Avaçin dağ çayının soyuq suları ilə doldurmaq lazımdır.

      Bir müddət keçdikdən sonra birincidən kənarda qazılmış digər quyulardan qızmış buxar fəvvarə vuracaq. Bu buxarı yalnız buxar turbinlərinin pərlərinə çatdırmaq və ucuz elektrik enerjisi əldə etmək qalır.

      Aydındır ki, təcrübədə bu, kağızda olduğu kimi heç də sadə olmayacaq; məsələn, 1958-ci ildə Kaliforniya universitetinin alimləri soyumuş lavanı qazmaq qərarına gəlmişdilər. Ancaq tezliklə bunun çox çətin bir iş olduğunu anladılar. Artıq 4 metrə yaxın dərinlikdə soyumuş lavanın temperaturunun müsbət 850 dərəcəyə çatdığı və getdikcə artdığı aşkarlandı. Burğu aləti qıpqırmızı olmuşdu və onu fasiləsiz soyuq axar su ilə soyutmaq lazım gəlirdi. 7 metr dərinlikdə isə qazma baltası qəflətən öz məxsusi çəkisinin təsiri altında yavaş-yavaş batmağa başladı. Bu zaman temperatur 1100 dərəcəyə kimi artmışdı və işi dayandırmaq məcburiyyəti yarandı. Çünki quyunu közərmiş yarımmaye süxur dartıb çəkirdi.

      Buna baxmayaraq tədqiqatçılar təcrübəni uğurlu hesab etdilər. Vulkan enerjisindən işdə istifadə etmək olar, amma hələlik nəzəri olaraq.

      Vulkan – yaradıcı qüvvə kimi

      İnsan hələ çoxdan vulkan dağ süxurlarından istifadə edir. Bunlardan pemza, tuf, perlit, obsidian və digərləri tikinti işlərində geniş istifadə olunur və indi onlarsız keçinmək mümkün deyil.

      Pemza Kamçatkanın çox yerində tapılmışdır. Monolit şüşəyəbənzər süxurlardan yaranır.

      Pemza bir çox dəyərli keyfiyyətlərə malikdir: bərkdir, bircinslidir və yüngüldür. Buna görə ondan tikinti işlərində istilik, səs və elektrik izolyasiya materialı kimi istifadə olunur.

      Vulkan tuflarını da diqqətdən kənarda qoymaq olmaz. Bu süxurlar qumdan, küldən və vulkan püskürmələri zamanı atılan digər maddələrdən ibarətdir. Vaxt keçdikcə onlar bərkiyir və bərk süxurlar və ya tuf alınır. Tufa çox dəyərli keyfiyyətlər xasdır: məsaməlidir, istiliyi yaxşı saxlayır və səs keçirmir, yumşaqdır. Bunun nəticəsində tuf çox asanlıqla mexaniki emala məruz qalır.

      Obsidian və perlit kimi dağ süxurları da çox məşhurdur. Onlar kristal əmələ gətirmir, ancaq şüşə şəklində donur. Obsidianların və perlitlərin tətbiqi çox genişdir. Onlardan üzlük plitələr, optik şüşə, laboratoriya və məişət qabları, şüşə lif, süni pemza hazırlayırlar. Bundan əlavə, obsidian qum bir çox xəstəlikləri, ələlxüsus da dəri xəstəliklərini müalicə edir. Buna görə də Kanar adalarının boz çimərliklərinə kurort mövsümlərində Avropanın yarısı axışır.

      Bir çox yerlərdə vulkan püskürmələrinin digər süxurları da istifadə olunur. Hər şeydən əvvəl bu, bazaltlara, həmçinin andezitlərə, danitlərə və lipatlara aiddir. Bazalt çox gözəl tikinti materialıdır.

      Həmçinin yada salaq ki, faydalı qazıntıların bir çox növləri də vulkanın fəaliyyəti ilə bağlıdır. Bu daha çox kükürdə aiddir. Tərkibində sink, qurğuşun, civə, mis və həmçinin dəmir, manqan və s. olan bir çox filizlərin yaranması da vulkanla əlaqədardır. Əslində, bu, vulkanların insanlara onların çoxdan işlətdikləri hədiyyəsidir.

      Aktiv fəaliyyət göstərən vulkan zolaqlarında hidrogen-sulfidli, karbonatlı və azotlu mənbələr müşahidə olunur.

      Bu mənbələrin mineral tərkibi, əsasən, hansı dağ süxurunda onların dövran etməsindən asılıdır. İsti su çatlarla səthə qalxaraq dağ süxurlarını güclü şəkildə dəyişir və onun tərkibinə keçir. Bununla yanaşı, süxurlarda olan mineralların bir hissəsini həll edərək onların xüsusiyyətlərini mənimsəyir. Bu yolla minerallaşmış mənbələr və ya mineral sular yaranır.

Скачать книгу