Dəfinələr adasının sirri. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Dəfinələr adasının sirri - Энид Блайтон страница 7
– Bilirsən, Corc, mən çox sevinirəm ki, sən atanın məsləhətinə əməl etməyə çalışırsan, – anası dedi.
Corcina bu dəfə də dillənmədi və başını yelləməklə kifayətləndi.
– Mən bunu atam tapşırdığına görə eləmirəm, – nəhayət, qız yeməyini bitirdikdən sonra dilləndi. – Ona görə eləyirəm ki, bunu özüm istəyirəm. Yoxsa heç İngiltərə kraliçasını da ora aparmazdım.
Anası güldü.
– Olsun, bu, yaxşı xəbərdir, deməli, əmin uşaqları sənin xoşuna gəlib. Ümid eləyirəm ki, sən də onların xoşuna gəlmisən.
– Əlbəttə, xoşumuza gəlib, – Enn tez-tələsik dilləndi. O, qəribə xasiyyətli əmisi qızını müdafiə eləməyə can atırdı. – Corc da xoşumuza gəlib, hələ, üstəlik, Tim…
Qız ağzını doldurmuşdu ki, Timotini də çox bəyəndiklərini desin, ancaq həmin vaxt kimsə masanın altından ayağına bir təpik ilişdirdi. Enn ağrıdan qışqırdı, qızın gözləri də dolmuşdu. Corcina isə qəzəblə ona baxırdı.
– Corc! Niyə Enni vurursan? – anası qızın üstünə təpindi. – Bu dəqiqə masadan qalx! Sənin bu tərbiyəsizliyinə göz yuma bilmərəm!
Corcina bir kəlmə də dillənmədən ayağa qalxıb bağa getdi. Uşaqlar çox məyus olmuşdular. Enn hamıdan çox kədərlənmişdi. O necə bu qədər axmaq ola bilərdi axı?! Məgər bilmirdi ki, Fanni xalanın yanında Timoti barədə heç nə deməməlidir?!
– Xahiş edirəm, icazə verin, Corc bura qayıtsın, – Enn qızın anasına yalvarmağa başladı. – O məni vurmaq istəmirdi, bu, təsadüfən baş verdi.
Ancaq Fanni xala Corcinaya bərk qəzəblənmişdi.
– Yeməyinizi yeyin! – o dedi.
Sonra qızının qarasınca deyinməyə başladı:
– İndi bütün gün mısmırığını sallayacaq! Ay Allah, necə çətin uşaqdır!
Uşaqlar isə Corcinanın mısmırığını sallamasından yox, onları batmış gəminin yanına aparmayacağından narahat idilər.
Beləliklə, nahar sükut içində başa çatdı. Birazdan Fanni xala çayını təzələmək üçün Kventin əminin iş otağına yollandı. O, otaqdan çıxan kimi Enn Corcinanın boşqabından yarımçıq qalmış buterbrodu götürüb bağa tərəf qaçdı.
Corcina bağdakı iri ağaclardan birinin kölgəsində uzanmışdı. Enn qıza yaxınlaşdı.
– Bağışla məni, Corc, az qala ağzımdan qaçıracaqdım, – o dedi. – Bax, buterbrodunu gətirmişəm. Bir də heç vaxt Fanni xalanın yanında Timotinin adını çəkməyəcəyəm, söz verirəm!
Corcina dikəlib oturdu:
– Mən belə fikirləşirəm ki, bu gün səni batmış gəminin yanına aparmayım. Çünki sən lap çağasan!
Ennin qanı qaraldı, o hər şeydən çox elə bundan qorxurdu.
– Yaxşı, – qız dilləndi. – Məni aparmaya bilərsən, Corc, amma qardaşlarımı özünlə götür. Axı onlar sənə heç nə eləməyiblər. Yeri gəlmişkən, bilirsən ayağıma necə möhkəm təpik ilişdirdin? Bax, yeri də göyərib.
Corcina əvvəl qızın göyərmiş ayağına, sonra da üzünə baxıb dilləndi:
– De görüm, qardaşlarını özümlə aparıb səni götürməsəm, çox pis olarsan?
– Əlbəttə, pis olaram. Ancaq istəmirəm ki, mənim ucbatımdan onlar da adaya gedə bilməsinlər.
Elə bu vaxt Corcina qətiyyən ondan gözlənilməyən bir hərəkət elədi. O, Enni qucaqladı! Və elə o dəqiqə də bu hərəkətindən utandı. Axı heç bir oğlan uşağı bu cür eləməzdi. O isə həmişə özünü oğlan kimi aparmağa çalışırdı.
– Hər şey qaydasındandır, – Corcina üz-gözünü turşudaraq Ennin əlindəki pendir-çörəyi aldı. – Sən az qala axmaq bir hərəkət eləyəcəkdin, mən də sənə dərsini verdim. Deməli, əvəz-əvəz oldu. Odur ki sən də bizimlə adaya gələ bilərsən.
Enn bunu eşidib sevindi, dərhal evə tərəf qaçdı ki, şad xəbəri qardaşlarına çatdırsın.
On beş dəqiqədən sonra uşaqlar dördlükdə yoxuşu enib çimərliyə çatdılar. Dərisi günün altında yanıb-qaralmış balıqçı oğlu qayığın yanında dayanıb onları gözləyirdi. Timoti də onun yanında idi.
– Qayıq hazırdır, Corc, – oğlan bunu deyib gülümsündü. – Timotini də gətirmişəm.
– Çox sağ ol!
Corcina oğlana təşəkkür edib uşaqlara tapşırıq verdi ki, qayığa minsinlər. Timoti də cəld tullanıb özünü qayığa atdı. Corc qayığı sahildən suya tərəf itələdi, özü də içinə hoppanıb avarları əlinə aldı. O, əla avar çəkirdi. Qayıq körfəzin mavi suları boyunca irəliləməyə başladı. Hava günəşli idi, qayığın içindəki uşaqların üzü gülürdü. Hər dəfə sudan dalğalar qabaranda it qayığın burnuna tərəf qaçaraq hürməyə başlayırdı.
– Küləkli günlərdə o özünü çox gülməli aparır, – avarlara güc verən Corcina dedi. – İri dalğalara bərk əsəbiləşir, dəli kimi elə hey hürür. Bilirsiniz, Timoti əla üzgüçüdür.
– Yanımızda itin olması çox yaxşıdır, elə deyil? – Enn ehtiyatla dilləndi. O, hələ də nəyisə düz deməyəcəyindən qorxurdu. – Timoti mənim elə xoşuma gəlir ki!
– Hav-hav! – it sanki qızın onun haqqında danışdığını başa düşüb iki dəfə hürdü.
– Deyəsən, o mənim dediklərimi anladı, – Enn heyrətlə dilləndi.
– Əlbəttə, anladı! – Corcina təsdiqlədi. – O hər şeyi başa düşür.
– Biz sənin adana yaxınlaşırıq! – Culian həyəcanla dillənərək onların sözünü kəsdi. – Sən demə, o, sahildə göründüyündən daha böyük imiş! Qəsr də çox qəşəngdir!
Qayıq lap yaxına çatanda onlar adanın başdan-başa sərt riflərlə əhatə olunduğunu gördülər. Bu qayalıqların arasındakı keçidlərdən xəbərsiz olan heç bir gəmi və ya qayıq balaca adanın sahilinə yaxın düşə bilməzdi. Adanın lap mərkəzində, alçaq təpənin üstündə iri, ağ daşlardan inşa olunmuş qədim qəsrin dağıntıları gözə dəyirdi. Uçub-tökülmüş tağlar, dağılmış