Şahzadə və dilənçi. Марк Твен
Чтение книги онлайн.
Читать онлайн книгу Şahzadə və dilənçi - Марк Твен страница 3
– Al payını, dilənçi nacins, sənin üstündə əlahəzrətin mənə acığı tutdu.
Şahzadə palçığa batmışdı. O ayağa qalxdı, hirslə gözətçinin üstünə cumdu və:
– Mən Uels şahzadəsiyəm, – deyə bağırdı. – Mənim şəxsiyyətim müqəddəsdir, mənə toxunmağa cürət etdiyin üçün səni asarlar.
Əsgər ona təzim edib gülə-gülə dedi:
– Əlahəzrət şahzadə sağ olsun!
Sonra qəzəblə:
– Rədd ol buradan, axmağın biri axmaq, – deyə çığırdı.
Mənzərəni seyr edən kənd avaraları bədbəxt balaca şahzadənin başına yığışdı. Onu hoydu-hoyduya qoyub yolla qovmağa başladılar:
– Əlahəzrət şahzadəyə yol verin! Uels şahzadəsinə yol verin!
Şahzadənin uğursuzluğu başlanır
Camaat şahzadəni bir az qovduqdan sonra geri dönüb onu tək buraxdı.
Tək qalmış şahzadə ətrafı nəzərdən keçirib bu yerləri tanımadı. Bir qədər getdikdən sonra böyük bir açıqlığa çatdı. Burada bir neçə ev və böyük bir kilsədən savayı heç nə yox idi. Şahzadə Eduard bu kilsəni tanıdı. Atası vaxtilə onu qara rahiblərin əlindən alaraq kimsəsiz, yoxsul uşaqların sığınacağına çevirmişdi. Şahzadə o saat ürəkləndi. Öz-özünə düşündü ki, buranın indiki sahibləri kralın oğluna hörmətlə yanaşarlar.
Bir azdan sonra o, bir dəstə uşağın içinə düşdü. Onlar qaçır, tullanır, top-top oynayır, səs-küy salırdılar. Şahzadəni görən kimi uşaqlar oyunlarını buraxıb onun başına yığışdılar. Şahzadə özünəməxsus ləyaqət hissi ilə dedi:
– Mərhəmətli uşaqlar, öz böyüyünüzə deyin ki, Uels şahzadəsi Eduard onu görmək istəyir.
Bu sözlər səs-küylə qarşılandı. Acıdil bir oğlan ona dedi:
– Ay cındırpaltar, olmaya sən əlahəzrətin elçisisən?
Şahzadənin üzündə qəzəb parladı, qılıncını siyirmək üçün əlini yanına atdı, lakin heç bir şey tapmadı. Hamı qəhqəhə çəkib güldü. Eduard dedi:
– Mən şahzadəyəm. Siz mənim atamın sədəqəsi ilə dolanırsınız. Mənimlə belə rəftar etmək sizə yaraşmaz.
Bu sözlər uşaqlara çox məzəli gəldi, onlar gülüşdülər. Acıdil oğlan yoldaşlarına çığırdı:
– Ey əlahəzrətin kral atasının çörəyi ilə dolanan donuzlar, qullar! Tez olun, diz çökün, onun şahanə cır-cındırı qarşısında təzim edin.
Hamı qəhqəhələr içində boğularaq diz çökdü və şahzadənin qarşısında baş əyərək onu ələ salmağa başladı.
Eduard yaxında duran uşağa bir təpik vurdu və hirsindən çığırdı:
– Al payını! Sabah səni dar ağacından asdıracağam.
Daha bu zarafat deyildi. Belə zarafat olmazdı. Gülüş bir anda qəzəblə əvəz olundu. Uşaqlar ağız-ağıza verib çığırışdılar:
– Yapışın yaxasından! Sürüyün onu gölməçəyə! İtlər hanı? İtidiş, bura gəl, tut onu!
İngiltərənin tarixində görünməmiş bir mənzərə idi: rəiyyət itləri vəliəhdin üstünə qısqırdırdı. İtlər az qala onu parçalayacaqdı. Şahzadə güclə canını qurtardı.
Axşamçağı şahzadə gəlib şəhərin ən gur yerinə çatdı. Bədəni gömgöy, əlləri qan içində idi. Daha heç kimlə söhbətə qoşulmurdu, yoldan ötənlər onu söyürdü.
Birdən yekəpər bir sərxoş kobudcasına onun yaxasından yapışdı:
– Gecənin bu vaxtında yenə veyillənirsən, evə isə bir dənə də fartinq gətirməmisən. Pulsuz olsan, vay halına! Əgər sənin sür-sümüyünü sındırmasam, mən Con Kenti deyiləm.
Şahzadə sərxoşun əlindən çıxdı və hirslə dedi:
– Aha, sən onun atasısan? Şükür sənə, İlahi. Məni öz atamın evinə apar, onu isə oradan çıxart!
– Mən bilmirəm sən nə danışırsan. Ancaq onu bilirəm ki, mən sənin atanam. Sən tezliklə buna əmin olarsan.
– Qulaq as. Mən Uels şahzadəsiyəm. Məni atam kralın yanına apar. O sənə yuxuda da görmədiyin xəzinə bağışlayar. Məni bu bəladan qurtar.
Con Kenti gözlərini təəccüblə uşağa zillədi və başını tərpədərək dodaqaltı mırıldandı:
– Ağlını itirib, dəli olub.
Sonra yenə uşağın yaxasından yapışıb xırıltılı səslə söydü:
– Ağlını itirdin, itirmədin, təfavütü yoxdur. Sənin qabırğalarını qırmasam, adımı Con Kenti qoymaram.
O, şahzadəni güclə sürüyərək dallarınca düşən küçə avaralarının şən çığırtıları altında yaxın həyətlərin birində gözdən itdi.
Tom şahzadə rolunda
Şahzadənin otağında tək qalmış Tom Kenti bir xeyli əynindəki dəbdəbəli paltardan həzz alaraq güzgünün qabağında əzilib-büzüldü. Sonra şahzadənin yerişini təqlid etdi, qılıncı siyirdi və onun dəstəsindən öpərək döşünə sıxdı…
Beləcə, yarım saat keçdi. Tom birdən şahzadənin nədənsə gecikdiyini düşündü və özünü yalqız hiss etdi. Onun nigarançılığı get-gedə artırdı. Birdən bir adam içəri girər və onu şahzadənin paltarında görər. Allah eləməmiş, onu yerindəcə asarlar. Yox, o, tez şahzadəni axtarıb tapmalıdır.
Birdən qapı taybatay açıldı və ipək paltarlı bir paj içəri daxil olub dedi:
– Ledi Cen Qrey.
Bunun arxasınca çox qəşəng və bahalı paltarda bir qız içəri daxil oldu və Tomu görcək dedi:
– Niyə belə qəmginsən, mənim şahzadəm?
Tom donub-qaldı. Sonra var qüvvəsini toplayıb dili dolaşa-dolaşa dedi:
– Ah, mənə yazığınız gəlsin! Mən şahzadə deyiləm, mən zavallı Tom Kentiyəm. Xahiş edirəm, şahzadəni çağırın. Qoy o, mərhəmət edib cır-cındırımı özümə qaytarsın və buradan