Kapitan qrantın uşaqları. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу Kapitan qrantın uşaqları - Жюль Верн страница 5
Dəstə gecə-gündüz yorulmadan axtarışı davam etdirirdi. Talkavın bu yerlərə yaxşı bələd olduğu görünürdü. Çünki o, səyyahları ən qısa yollarla aparırdı.
Bir həftə davam edən axtarışdan sonra səyyahlar ucsuz-bucaqsız düzəngaha gəlib çıxdılar. Hava çox isti idi. Həm yolçular, həm də atlar təntimişdi. Axşamüstü dəstə çubuqlardan toxunmuş, üstü küləşlə örtülü bir daxmaya çatıb dayandı. Daxmada heç kim yaşamırdı. Gecəni həmin daxmada keçirdilər. Ertəsi gün hava daha da qızmar idi. Düzəngahda isə bir dənə də kölgəlik görünmürdü. Amma buna baxmayaraq səyyahlar daxmanı tərk etdilər. Onlar vaxt itirmək istəmirdilər.
Dəstə düzəngahla xeyli getdikdən sonra məlum oldu ki, tuluqlarda su azalır. Paqanel Talkavdan qarşıda çay axıb-axmadığını soruşdu. Talkav:
– Yalnız bir göl var, – dedi. – Amma biz ora ancaq sabah axşam çatacağıq.
Bu, səyyahları daha da kədərləndirdi. İstidən alışıb-yanan düzəngahda bir gün susuz yol getmək heç də asan məsələ deyildi.
Qaranlıq düşəndə dəstə dincəlmək üçün dayandı. Yemək yeyəndən sonra Paqanel hərəyə bir az su verdi.
– Biz indi suyu qənaətlə işlətməliyik, – coğrafiya alimi dedi, – yoxsa sabah axşama çatmaz.
Hamı bu təkliflə razılaşdı. Səyyahlar gecəni yata bilmədilər, çünki ağcaqanadlar adama gözünü yummağa imkan vermirdi.
Səhər tezdən hamı öz atını yəhərlədi və səyyahlar yollarına davam etdilər. Yolboyu elə də maraqlı bir əhvalat baş vermədi. Hamını bir şey düşündürürdü – su! Artıq tuluqlar boşalmışdı. Tezliklə gölə çatmasalar, susuzluq onları taqətdən salacaqdı. Atlar da heysiz idi.
Axşam saat səkkizdə dəstənin önündə gedən bələdçi Talkav qəfildən atının başını çəkib dayandı və qışqırdı:
– Göl!
Hamı atını gölə tərəf çapdı. Amma səyyahlar bilmirdi ki, onları qarşıda necə böyük məyusluq gözləyir. Axı göldə su yox idi…
Qırmızı canavarlar
Susuzluqdan yanan səyyahlar gölün quruduğunu görəndə dəhşətə gəldilər. İndi hamı ümidini Talkava bağlamışdı, yalnız o, çıxış yolu göstərə bilərdi. Talkav səyyahlara təklif etdi ki, iki yerə bölünüb su axtarışına başlasınlar. Talkav, Qlenarvan və Robert birlikdə su axtarmağa getdilər. Yerdə qalanlar isə başqa istiqamətdə su axtaracaqdılar.
Qlenarvanın və Robertin atları yavaş gedirdi, ancaq Talkavın atı çox gümrah görünürdü. Talkav atını irəli çapır, sonra Qlenarvanla Robertin gəlib ona çatmasını gözləyirdi. Bir qədər getdikdən sonra onların atları tamam taqətdən düşdülər. İndi atlar güclə yeriyirdilər. Amma Tayka əvvəlki kimi sürətlə irəli şığıyır, sağa-sola çapırdı.
Günorta səyyahların qarşısına kiçik bir çay çıxdı. Robert də, Qlenarvan da, Talkav da eyni vaxtda «su!» deyib qışqırdılar. Yazıq atlar sinəyə qədər çaya girdilər. Robert suya atılıb çimməyə başladı. İndi onlar o biri dəstənin bu istiqamətdə gəlməsini gözləməli idilər.
Yolçular dörd yanı çəpərlənmiş bir yer tapdılar. Qlenarvanla Robert axşam yeməyi üçün ov dalınca çıxdılar. Bir azdan onlar çoxlu quş ovlayıb geri qayıtdılar. Ocaq qalayıb yemək hazırladılar. Nahardan sonra isə yatmaq üçün hərə öz yapıncısına büründü.
Gecəyarı hindu qəfildən oyandı. O, gözlərini qaranlığa zillədi. Sanki hansısa təhlükəni hiss etmişdi. Qlenarvan da oyandı. Amma Talkavdan niyə narahat olduğunu soruşmağa ehtiyac qalmadı. Çəpərin çölündən onlarca parıldayan göz göründü. Bunlar qorxunc və yırtıcı canavarlar idi. Bu yerlərdə onlara “qırmızı canavar” deyirdilər.
Talkav və Qlenarvan dərhal silaha sarıldılar. Səs-küyə Robert də oyandı. Uşaq da öz silahını götürdü. Amma heç kim atəş açmırdı. Getdikcə qaranlıqda parlayan canavar gözləri çoxalırdı. Üstəlik, onların nərilti səsləri də adamı vahiməyə salırdı.
Bu qədər yırtıcının öhdəsindən gəlmək çətin olacaqdı. Çünki canavarlar çox, barıt və güllə isə az idi.
Talkav çəpərin içindən bir az çır-çırpı yığdı, sonra onları yandırdı. Bir azdan alov dilimləri havaya qalxdı. Amma bu da canavarları qorxutmadı. Hətta onların bəziləri pəncələrinin yanmasına baxmayaraq, səyyahlara daha da yaxınlaşdılar. Talkav atəş açıb canavarların bir-ikisini öldürəndən sonra yırtıcılar geri çəkildilər. Amma onlar hücum üçün fürsət gözləyirdilər.
Qlenarvan Talkavın dilini başa düşməsə də, əl hərəkətləri ilə bir-birini anlayırdılar. Hindu Qlenarvanı birtəhər başa saldı ki, səhər açılanadək canavarlardan qorunmaq lazımdır. Bu yırtıcılar yalnız gecələr ova çıxırdılar. Elə ki günəş doğdu, onlar yuvalarına çəkilirdilər. Amma səhərin açılmasına çox vardı. Get-gedə güllə ehtiyatı qurtarırdı. Üstəlik, od da yavaş-yavaş öləziyirdi.
Artıq Talkav canavarları dəf etmək üçün özünün iri bıçağını işə salmışdı. O, bıçaqla çəpərdən soxulmaq istəyən canavarların bir neçəsini yerə sərmişdi.
Səhərin açılmasına iki saat qalmışdı. Qlenarvan sonuncu çubuqları da ocağa atdı. Sonra Robertin yanına gəlib onun saçlarını sığalladı. O, ən çox Robertdən narahat idi. Robert isə sakit idi, görünür, uşaq olduğundan hansı təhlükə ilə üzləşdiyini anlamırdı. Qlenarvan uşağı sinəsinə basıb alnından öpdü. Kövrəldiyini gizlətmək istəsə də, mümkün olmadı. Robert gülümsəyərək dedi:
– Mən qorxmuram, ser.
– Qorxulası bir şey də yoxdur, dostum, – Qlenarvan uşağa təsəlli vermək üçün dilləndi, – bir azdan hava işıqlaşacaq və biz xilas olacağıq.
Bu vaxt Talkav çəpərdən keçmək istəyən iki böyük canavarı tüfənginin qundağı ilə yerə sərdi. “Afərin, Talkav, afərin!” – Qlenarvan və Robert eyni vaxtda səsləndilər.
Artıq ocaq sönmək üzrə idi. Yırtıcılar hər an hücum edə bilərdi. Talkav axırıncı dəfə tüfəngini doldurdu. Atəş açıb daha bir canavarı öldürdü. Ancaq bununla vəhşilərin qarşısını almaq mümkün deyildi. Onlar çəpərdən içəri soxulmağa başlamışdılar.
Bu vaxt Qlenarvanla Robert Talkavın atını yəhərlədiyini gördü.
– Talkav bizi qoyub qaçır, – Robert dedi.
– O bizi heç vaxt tərk etməz, – Qlenarvan əminliklə səsləndi.
Amma o bu sözləri daha çox Roberti həyəcanlandırmamaq üçün