Bəyaz diş. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Bəyaz diş - Джек Лондон страница 3
Henri günortaya qədər tonqalın əhatəsindən çıxa bilmədi. Yaxınlığında olan quru ağacları özünə tərəf çəkdi. Bu gecə artıq yuxuya məğlub olan Henrini nə itlərin mırıltısı, nə də canavarların insan sümüyünü üşüdən ulartısı oyada bilirdi. Birdən o, zərbə yemiş kimi dik atıldı. Canavar onun lap yanındaydı. O, közərmiş çubuğu vəhşinin düz ağzına soxdu. Heyvan ağrıdan zingildəyib qaçdı. Henri yanan çubuğun bir ucunu öz əlinə bağlayırdı ki, tez-tez ayılsın. Amma bir dəfə necə oldusa, məşəl əlindən düşdü və o, qorxulu bir yuxu gördü.
Henri yuxuda Mək-Qerri fortunu və fortun rəisi ilə kart oynadığını gördü. Amma vəhşi canavarlar burada da ona hücum çəkirdilər. Canavarların ulartısı onun beynini dondurmuşdu.
O, yuxudan ayılanda gördü ki, canavarlar, həqiqətən, ona hücum edirlər. Biri onun qolundan, digəri ayağından yapışmışdı. Henri əlindəki qalın əlcəklərlə közləri ətrafa səpələyir, bununla özünü qorumağa çalışırdı. Onun sifəti suluqlamış, qaşları, kirpikləri yanmışdı. Canavarlar isə qalan iki iti də parçalamışdılar.
− Amma məni yeyə bilməyəcəksiniz! − Deyə Henri hiddətlə yumruğunu havada yelləyib canavarlara qışqırdı.
Onun səsi sürüdə bir canlanma yaratdı və onlar mehriban-mehriban ulamağa başladılar. Dişi canavar isə lap Henrinin yanına gəlib, ac, şəhvətli gözlərini insana zillədi…
Henri canavar sürüsündən qorunmaq üçün tonqaldan ayrı-ayrı ocaqlar düzəltdi və özü ortada qaldı. Həyat eşqi insan beynini daha yaxşı işləməyə məcbur edir.
Hava işıqlaşmağa başlamışdı. Tonqallar da sönmək üzrə idi. Henri oduncaq toplamaq istəsə də, insan qanına susamış vəhşilər buna imkan vermədilər. Henri öz acizliyini indi daha yaxşı anlayırdı. O, tonqala yazıq-yazıq baxıb mızıldandı:
− Hə, indi məni də yeyə bilərsiniz! Heç vecimə deyil, mən yatmaq istəyirəm…
Ayılanda bircə addımlıqda gözlərini ona zilləmiş həmin dişi canavarı gördü.
Canavarların Henrini parçalamasına Lord Alfredi (tabutdakı adamı) axtarmağa gələnlər mane oldu.
Onlar Henrini silkələyir, ayıltmağa çalışırdılar. Henri onlara sərxoş kimi baxdı, sonra yuxulu, ölgün bir səslə kəkələdi:
− Sarışın canavar… İtlərin yeməyinin üstünə çıxmışdı. Əvvəlcə xörəkləri yedi… Sonra itləri… Sonra da… Bill…
− Lord Alfred haradadı? − Deyə gələnlərdən biri Henrinin qulağına qışqırıb çiyinlərindən möhkəmcə silkələdi.
Henri yavaşca başını tərpətdi.
− Canavarlar ona dəyməyib… ağacların üstündədir, orada… Axırıncı dayanacaqda…
− Ölüb?
− Hə, tabuta qoymuşuq, − Henri cavab verdi. − Əl çəkin məndən, halım yoxdur… Gecəniz xeyrə…
Henrinin göz qapaqları qırpıldı, yumuldu. Başı sinəsinə sallandı. Onu adyalın üstünə uzatdılar və şaxtanın ölü sükutunda ucadan xorultu səsi eşidildi.
Canavarlar isə artıq başqa bir ov tapıb onu qovurdular.
İkinci hissə
VƏHŞİNİN DOĞULMASI
CANAVAR DÖYÜŞÜ
İnsan səslərini və qoşqu itlərinin zingiltisini qabaqca dişi canavar eşitdi. Sönmək üzrə olan alov mühasirəsində özünü qoruyan zavallı insandan əl çəkib üzü- yuxarı götürüldü. Yorğun sürü canlı ovdan könülsüz ayrıldı. Vəhşilər qulaqlarını şəkləyib azca ətrafı dinşədilər. Sonra dişi canavarın dalınca götürüldülər.
Sürünün başçısı ağ, yekə bir canavar idi. Dişi canavar isə elə hey qabaqdaca qaçır, heç bir vəhşiyə fikir vermirdi. Cavan canavarla bərabər, sürünün önündə təkgöz qoca bir canavar da vardı. Onun bütün bədəni çapıqlarla doluydu. Bu, onun həyat təcrübəsindən xəbər verirdi. Sağ gözü yox idi. Qoca vəhşi hərdənbir dişi canavara yaxınlaşır, ancaq ondan zərbələr aldıqdan sonra uzaqlaşırdı. Təkgözdən başqa sürünün ön sıralarında üçyaşar bir canavar da qaçırdı. Bu canavar tez-tez önə keçmək istəsə də, onun bu cəhdi həmişə uğursuzluqla nəticələnirdi. Çünki təkgöz və digər başçı onu cəzalandırırdılar.
Canavarların sevgi hissinə yalnız aclıq hissi üstün gələ bilirdi. Canavarlar ov tapanda hər şeyi unudurdular. Onların çoxu aclıqdan zəifləmişdi.
Canavarların qarşısına, nəhayət ki, ov çıxdı. Onların ilk ovu yekə bir maral oldu. Maral güclü olsa da, canavarlar çox idilər və onu mühasirəyə almışdılar. Maralın bütün cəhdlərinə baxmayaraq, vəhşi dəstəsi ona qalib gəldi. Onu təpişdirdikdən sonra canavar dəstəsi yavaş-yavaş dağılışdı. Aclıq tam olaraq bitməmişdi, canavarlar hələ də sürü şəklində ov edirdilər.
Günlərin birində canavar sürüsü iki dəstəyə bölündü. Dişi canavar, cavan başçı və təkgöz canavar dəstənin yarısını şərqə, Makkenzi çayına tərəf apardılar. Bu balaca dəstə də yavaş-yavaş azalırdı. Canavarlar artıq iki-iki gəzməyə başlamışdılar. Onlardan biri dişi, o biri isə erkək olurdu. Dişi canavarın dəstəsinə girmiş tənha bir yalquzaq təkgöz tərəfindən qovuldu: nəhayət, bu balaca dəstədə dörd canavar qaldı: dişi canavar, təkgöz, ağ başçı və üçyaşar canavar.
Dişi canavar ona nəvaziş göstərən hər üç vəhşini özündən uzaq tutmağa çalışırdı. O biri canavarlar isə onun hər şıltaqlığına dözürdülər. Amma bir-birlərini görmək istəmirdilər. Üçyaşar canavar bu məhəbbət mübarizəsində birinci uduzdu. Təkgözlə çarpışmada o, aldığı yaradan öldü. Başçı və Təkgöz onu parçaladılar.
Dişi canavarın məhəbbət hekayəsində cavan başçı da məğlubiyyətə uğradı. Təkgöz həm həyat təcrübəsində, həm də məhəbbət məsələlərində rəqibindən daha üstün idi. Cavan başçının yeni aldığı yara da Təkgözə kömək etdi. O, yarasını yalamaq üçün geri dönəndə boğazının qoca Təkgözün çənəsinə yaxın olduğunu unutdu. Təkgöz isə fürsətdən istifadə edərək son rəqibinin də axırına çıxdı.
Təkgöz dişi canavara yaxınlaşdı. Özünə qarşı qəzəb gözləsə də, bu, belə olmadı. Dişi canavar ona mülayim yanaşdı və onunla oynamağa başladı. İndiyə qədər olan hadisələr, rəqiblər yaddan çıxdı. Təkgöz və dişi vəhşi birlikdə meşəyə yüyürdülər.
Canavarlar birlikdə ov edir, birlikdə gəzirdilər.