Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе
Чтение книги онлайн.
Читать онлайн книгу Mən, nənəm, İliko və İllarion - Нодар Думбадзе страница 3
– Deməli, buna it, İlikoya adam deməliyik? Ədalətsizliyə bir bax! – İllarion ah çəkdi.
– Murada, dözümlü ol, dostum! Bir az səbir et! – deyə Muradaya tərəf əyildim.
– Siz adamlar necə deyirsiniz? “Sağalar, canı it canıdır”. Mənsə ölürəm, Zurikela, ölürəm…
– Dözümlü ol, Murada, dözümlü ol. Axıra qədər qoçaq it ol! – deyə İllarion onu dilə tutdu.
– Siz adamların nə dərdi var: öləndə basdırırlar, ağlayırlar. Bizi də basdırırlar ki, cəsədimiz iy verməsin… – Muradanın bədəni əsdi.
– Kömək elə, İllarion, Murada ölür! – deyə çığırdım.
– Əlvida… – Murada son dəfə mənə baxıb gözlərini yumdu.
– Öldü…əlim qurusun… – deyib İllarion ağladı.
…Nənəmin fəryadı kəndə bir vəlvələ saldı ki, qonşular təlaşla bizə qaçdılar. Nə baş verdiyini biləndə özlərindən çıxdılar.
–Heç itə görə də belə hay-küy salarlar?! Nə axmaq adamlar var!
Və dağılışdılar…
İllarion axşamüstü məni çağırıb dedi:
– İti çinarın altında basdırmalıyıq.
Biz çala qazıb, dostumuzu təntənə ilə basdırdıq.
Birinci İllarion sözə başladı:
– Oğlum Zuriko! İstəkli dostumuz, hər zaman bizə sadiq olan Murada bizim cərgəmizdən gedib. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq.
– Sağ ol, İllarion…
– Arzu edirəm ki, bu, ailənizin axır qəmi olsun!
– Sağ ol, İllarion!
…Həyətə oğrun-oğrun qara bir it girdi. O, bir neçə dəfə Muradanın qəbri ətrafında dolandı, sonra kənarda oturub yanıqlı-yanıqlı uladı. Bu, dəyirmançı Simonun iti, Muradanın anasıdır.
– Bura gəl, ay it!
İllarion itə bir tikə ət tulladı. İt çönüb yerə uzandı.
Mən:
– İtdir, amma o da hiss edir! – dedim.
– Günah, mən lənətə gəlmişdədir! – İllarion dedi.
Həyətə bir-birinin dalınca dörd it gəldi.
– Bax, o it Asalonundur, bu, Datikonun, o, Despinenin, bu isə Makininindir. Bəs, görəsən, Matryonanın yekəbaş iti hansı cəhənnəmdə qalıb? O niyə gəlməyib? – İllarion soruşdu.
– O, Murada ilə küsülü idi. Keçən il onları boğuşdurmuşdum, Murada onu dişdəm-dişdəm etmişdi.
– Belə bir gündə ondan intiqam alır, eləmi? Nə namussuz, vicdansız itdir!
Bu zaman Maxare Qogiçayşvilinin yeddi yaşlı oğlu həyətə girdi və dedi:
– Sizə teleqram var!
– Bəri ver görüm!
Uşaq teleqramı uzatdı. İllarion tələsmədən cibindən eynəyini çıxardıb dəsmalla sildi, burnuna sancıb oxudu:
Təcili. İtbaz Zurikelaya və Yekəburun İllariona.
Əziz Muradanın faciəli ölümü münasibətilə dərin hüznlə başsağlığımı qəbul edin. Kədərlənirəm ki, yas günündə şəxsən iştirak edə bilmədim. Sizə necə təsəlli verim? Ay axmaqlar, ay yaramaz ovçular, sizi görüm lənətə gələsiniz! Bir də it ovuna çıxanda məni də mütləq özünüzlə aparın.
– İmzasızdır! Oğlum, bir bura gəl! – deyə o, uşağı çağırdı, – gəl, gəl, qorxma!
Uşaq yaxınlaşanda İllarion onun qulağından tutdu.
– Teleqram kimdəndir?
– Desəm, məni öldürər!
İllarion:
– Deməsən də, mən öldürəcəyəm!
– İliko Çiqogidze üç manat verib əmr etdi ki, teleqramı sizə gətirim.
– Deməli, İliko? – İllarion uşağı buraxıb yumruğunu sinəsinə vurdu,– dayan bir, kor şeytan! Sənə elə toy tutum ki, adın da yadından çıxsın!
Əvəz-əvəz
Dərs ilini yenə də rus dilindən payız imtahanını verməklə başladım. Dərs günüm də ki, belə başlanardı:
– Oyan, avara! Bəsdir yatdın! Gecikirsən! – deyə həyətdən nənəmin səsi gələrdi.
Mən o saat durub otaqda tappatup salar, sonra barmaqlarımın ucunda qayıdıb yatardım. Başıma bir çəllək soyuq su və nənəmin söyüşləri yağan zaman tamam oyanardım.
Bütün Quriyada nənəmdən pis qarğış edən tapılmaz. Amma bir dəfə nənəm mənə deyib ki, dildə səni qarğısam da, ürəyimdə xeyir-dua verirəm.
– Görəsən, belə avara olmaqda kimə oxşamısan? Səni görüm yerə girəsən.
Yaxşı bələd olduğum çırpı və talaşalar qulağımın dibindən vıyıltı ilə ötəndə müəllimənin evinə qaçardım.
– Salam, müəllimə! – deyə müəllimə Zablonanın qabağında farağat durardım.
– Salam! Bu gün nə işlə məşğul olacağıq?
– Qarğıdalının alağını təmizləyib qurtarmaq, sonra inəyi otarmaq, dəyirmana qaçmaq, odun doğramaq, sonra da dərsləri hazırlamaq, – deyə rus və gürcü sözlərini qatma-qarışıq salıb cavab verərdim.
Müəllimə:
– Di get! – deyə xeyir-dua