Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе
Чтение книги онлайн.
Читать онлайн книгу Mən, nənəm, İliko və İllarion - Нодар Думбадзе страница 5
O gecə mən, İliko və İllarion səhərəcən yeyib-içdik, deyib-güldük.
Gözətçi
Məktəbdən qayıdarkən tarlada dəymiş üzümü görüb özümü saxlaya bilmədim. Çantamı budaqdan asdım və bir anda meynə sarınmış ağacın kəlləsinə çıxıb ləzzətlə yeməyə başladım. Qiyamət üzüm idi! Birdən:
– Ey, ağacda kim var? Kimdi kolxozun malını belə talan edən? – deyə kimsə qışqırdı.
Nəfəsimi içimə çəkdim.
– Kimə deyirlər? Karsan, nədir?
Aşağı baxanda ağacın altında küləş şlyapada, çiynində kəndir və balta olan İlikonu gördüm. Yanında da bir keçi. Keçi üzüm tənəklərinin qabığını xımır-xımır soyub yeyirdi.
– De görüm, kimsən? Sənə kolxozun üzümünə daraşmağa kim icazə verib?
– Şeytanam!
– Düş yerə, yoxsa bu dəqiqə səni oradan salaram!
– Düşmürəm!
– Düşmürsən? Onda qal orda. Heç yerə tələsmirəm.
İliko bir saat ağacın altında oturdu. Nəhayət, dözə bilməyib yenidən məni səslədi:
– Lənət sənə, şeytan, axı orada nə edirsən?
– Özümə yuva tikirəm! – dedim.
– Yaxşılıqla deyirəm: düş yerə, öz xoşunla idarəyə gedək!
– Səbir elə, hələ yeyib doymamışam!
– Sən adamsan, ya çaxır tuluğu? Tez ol, düş yerə! Axırıncı dəfə deyirəm! Yoxsa bütün camaatı yığaram bura!
Elə bu zaman İliko budaqdan asılmış çantanı gördü.
– Aha! Əlimə keçmisən! İndi kim olduğunu bilərəm!
İliko yerini rahatlayıb çantanın içindəkiləri yerə tökdü.
– “Dekameron”, – deyə o, kitabın adını oxuyub bir kənara qoydu, – “Polad necə bərkidi”… “Adamyeyənlər arasında tək-tənha”, “Tristan və İzolda”… “Pələng dərisi geymiş pəhləvan”… Ay şeytan oğlu, axı sən kimsən, hansı məktəbdə oxuyursan ki, nə dəftərin, nə qələmin var?! – deyə tamam ümidini itirmiş İliko hirsləndi.
– İliko dayı, mənəm, Zurikelayam!
– Oh, ay ikiüzlü şeytan, canımı boğazıma yığdın! İki salxım üzüm də dər düş aşağı.
Ağacdan düşüb İlikonu bərk-bərk qucaqladım.
– Necəsən, İliko dayı?
– Hələ bir soruşur da, utanmaz! Düz bir saatdır məni avara eləmisən! Hər şey boşa çıxdı, vəssalam.
–Nə “boşa çıxdı?”
–Yarım ildir ki, tarla gözətçisi işləyirəm, bilirsən… Mənə at veriblər. Keçən dəfə çolaq Sipitonun inəyi tarlaya girmişdi. Atdan sıçrayıb, inəyin quyruğundan yapışdım! Dönüb dala baxdım ki, at yoxdur! Atın dalınca qaçdım, canıyanmışı güclə tutdum, dönüb baxdım, inək yoxdur. Xülasə, axırda ikisini də qaçırtdım. Dünən də ümumi iclasda sədr məni o ki var tənbeh elədi ki, öz vəzifənə vicdanla əməl et, yoxsa işdən çıxardacağam. Ağacda oğru görüb düşündüm ki, tutub apararam idarəyə. Sonra görək sədr nə deyir?! İndi nə edəcəyimi bilmirəm!
– Apar məni kontora!
– Dəlisən? İstəyirsən bu gözümü də nənən çıxartsın?
– Bəs indi nə edəcəksən?
– Sədrin yanına bu keçini aparacağam!
– Keçi kimindir?
– Necə yəni kimindir? Mənim! Saqqalını qırxmışam ki, tanımasınlar. Deyərlər ki, gözətçi öz keçisini tutub! Onsuz da bir dəri, bir sümükdür. Mənə ancaq zərəri dəyir.
– Birdən tanıdılar?
– Yox, canım! Heç özüm də inanmıram ki, bu keçi mənimdir. Üzüm üçün sağ ol, boğazım lap qurumuşdu.
– Xudahafiz, İliko!
– Zurikela, əzizim, bax bu söhbəti İllarion bilsə, evimi yıxar ha, – deyə İliko mənə ağzımı yummağı tapşırdı.
– Qorxma, İliko!
…Bir aydan sonra İliko yaxşı işlədiyinə görə kolxoz idarəsindən mükafat olaraq kök bir keçi aldı…
Ümumi iclas
Kəndin kilsəsini bir neçə dəfə yenidən quraşdırandan sonra, nəhayət, qiraətxana düzəltdilər. İndi yenə söküblər. İliko nənəmə deyirdi ki, yəqin, yenə kilsə tikəcəklər. Nə tikirlər tiksinlər, mənim üçün fərqi yoxdur. Nə isə…
Kilsənin zəngi indi də tənha küknardan asılıb. Səhər zəngi – məktəbdə dərslərin başlanmasını, axşam zəngi – yanğın, ya da kolxozun ümumi iclası barədə xəbər verir.
Məni ailəmizin yeganə kişisi kimi həmişə iclasa dəvət edirlər.
Bu gün zəng axşamüstü çalındı. Nə tüstü, nə də alov görünürdü, deməli, iclasa çağırırdılar.
İclasa İllarionla getdim. Biz arxada oturduq. İclasa mühasib Alfez sədrlik edirdi:
– Deməli, belə: bizim sədr Şalva tələb edir ki, idarə onun evinin yanında tikilsin. Kim söz istəyir? Amma xəbərdarlıq edirəm: reqlament beş dəqiqədir.
– Sualım var.
– De görək, Trifon.
– Hörmətli Şalva, təzə kontoru sizin evin qabağında tikək, ya köhnəsini köçürüb damını yenidən quraq?
– Trifon Sixarulidze! – sədr yerindən sıçradı, – məni ələ salma, yoxsa sənə göstərərəm! Kontoru söküb evimin qabağında quraşdırmaq lazımdır! Aydındır?
– Yoldaşlar, mətləbə keçək! Kimin sualı var?
– Mənim təklifim var. İcazə olar? – deyə İllarion qalxdı.
– İllariona söz verin!
– Düyə