Professor Douelin başı. Александр Беляев
Чтение книги онлайн.
Читать онлайн книгу Professor Douelin başı - Александр Беляев страница 4
– Pul kimə lazım deyil? Axı ailəniz var.
Loran dillənmədi.
– Hə, məsələ belədir. Hazırlıq görmək lazımdır. Professor Douelin başını laboratoriyanın arxasındakı otağa keçiririk… Müvəqqəti olaraq, həmkar. Yatmamısınız ki? – deyə başa müraciət etdi. – Sabah bura iki təzə meyit gətirəcəklər. Onlardan bir cüt qəşəng, danışan baş düzəldib elmi cəmiyyətə göstərərik. Kəşfimizi ortaya çıxarmağın vaxtı çatıb.
Kern təzədən sınayıcı nəzərlərlə Lorana baxdı.
Nifrətini vaxtından əvvəl büruzə verməmək üçün Loran laqeyd görkəm almağa çalışdı və ağlına gələn ilk sualı verdi:
– Kimlərin meyitləri gətiriləsidir?
– Qabaqcadan bunu heç kəs bilmir. Çünki onlar hələ meyit deyil, dipdiri, səndən, məndən sağlam adamlardır. Mən buna tamamilə əminəm. Çünki mənə tamamilə sağlam adamların başları lazımdır. Ancaq sabah həmin adamları ölüm gözləyir. Bir saat keçməmiş isə bu cəsədlər iş stolunun üstündə olacaqlar. Bu, mənim boynuma.
Kerndən hər şey gözləyən Loran ona elə qorxmuş nəzərlərlə baxdı ki, professor bir anlığa çaşdı, sonra qəhqəhə çəkdi:
– Burada çətin nə var ki? Mən meyitxanaya bir cüt təptəzə meyit sifariş vermişəm. Hər gün yol hərəkəti qaydalarının pozulması nəticəsində bir neçə adam tələf olur. Hələ zavodlardakı, tikintilərdəki bədbəxt hadisələrdən danışmıram. Ölümə məhkum olunmuş bu gülərüzlü, sağlam adamlar sabah başlarına nə gələcəyini ağıllarına gətirmədən yataqlarına girib arxayınca yatacaqlar. Sonra tezdən oyanacaq, zümzümə edə-edə geyinəcək və elə düşünəcəklər ki, işə gedirlər, əslində isə öz labüd ölümləri ilə qarşılaşmağa yollanacaqlar.
Professor Kern hələ heç vaxt belə söhbətcil olmamışdı. Bu gözlənilməz açıq danışıq nə iləsə əlaqədar idi. “Maaşınızı ikiqat artırıram” – sözləri Mari Loranın fikrindən keçdi.
“Kern məni öz tərəfinə çəkmək və satın almaq istəyir, – Loran düşündü. – Görünür, Douelin başı haqqında daha çox şey bildiyimdən şübhələnir. Lakin o, məni satın ala bilməyəcək”.
Laboratoriyanın yeni sakinləri
Səhər professor Kernin laboratoriyasındakı əməliyyat masasının üzərinə, həqiqətən də, iki təzə meyit qoyulmuşdu. Nümayiş etdirmək üçün nəzərdə tutulmuş bu iki yeni başdan professor Douelin varlığını gizli saxlamaq lazım idi.
Kişi meyidi yol qəzasında həlak olmuş bir fəhləyə məxsus idi. Onun qüvvətli bədəni əzilmişdi. Yarıaçıq gözlərində qorxu donub qalmışdı.
Kern başı ilə solğun sifətli yaraşıqlı qadın meyidinə işarə etdi.
– Bar müğənnisidir. Sərxoş dələduzların mübahisəsi zamanı bircə güllə ilə öldürülüb. Düz ürəyindən dəyib, görürsünüz? Adam bilərəkdən vurmaq istəsə, heç belə dəqiq dəyməz.
Professor Kern cəld işləyirdi. Tezliklə başlar gövdələrdən ayrıldı, bədənlər aparıldı. Başlar hündür masalarda yerləşdirildi. Xirtdəyə, vena və yuxu arteriyalarına borucuqlar keçirildi.
Kern sevinirdi. Onun təntənəsi yaxınlaşırdı. Uğur qazanacağına əsla şübhə etmirdi.
Başların nümayişinə və professor Kernin elmi cəmiyyətdə edəcəyi məruzəyə görkəmli alimlər dəvət olunmuşdu. Qəzetlərdə Kernin dühasını tərifləyən məqalələr verilirdi.
Professor Kern əllərini yudu, siqar yandırıb qarşısındakı başları məmnunluqla seyr etdi və dedi:
– Təkcə kranları açmaq qalır ki, başlar dirilsin. Hə, buyurun, madmazel, hər üç kranı açın. Bu böyük silindrdəki zəhər deyil, sıxılmış havadır.
Loran özünü o yerə qoymadı.
Kern birdən qaşqabağını töküb ciddi görkəm alaraq dedi:
– Ancaq professor Douelin kranını açmağa icazə vermirəm. Onun səs telləri zədələnib…
Loranın şübhəli nəzərlərini hiss edib əsəbi halda əlavə etdi:
– Qadağan edirəm, vəssalam! Başınıza böyük bəlalar açmaq istəmirsinizsə, sözə qulaq asın. Hə, indi isə başlayaq.
Loran kranları açdı. Əvvəlcə fəhlənin başı həyat əlamətlərini büruzə verməyə başladı. Göz qapaqları hiss ediləcək dərəcədə titrədi, bəbəkləri şəffaflaşdı.
– Yaşayır! – Kern çığırdı. – Hava axınını artırın.
Loran kranı bir az da açdı. Hava boğazda fışıldadı.
– Bu, nədir?.. Haradayam? – baş dilləndi.
– Xəstəxanadasınız, əziz dost, – Kern dedi.
– Xəstəxanada? – Baş gözlərini dolandırıb öz altında boşluq gördü. – Bəs ayaqlarıma nə olub? Əllərim hanı? Bədənimi də görmürəm. Bu, nə həngamədir?
– Bədənin xurd-xəşil olmuşdu, quzum, kəsib atdıq. Bircə başın salamat qalıb.
– Necə yəni “kəsib atdıq”? Bu, nə deməkdir? Mən razılıq vermirəm! Bu, nə cür əməliyyatdır! Belə vəziyyətdə mən kimə lazımam? Tək bir başla çörək qazana bilməzsən. Mənə qollarım lazımdır. Bizim xəstəxanalara yaxşı bələdəm. Az-maz saxlayandan sonra “sağalmısan” deyib atacaqlar küçəyə.
Onun danışıq tərzi, qarayanız çil-çil sifəti, sadəlövh nəzərlərlə baxan mavi gözləri kənd adamı olduğundan xəbər verirdi.
– Adınız nədir? – professor Kern soruşdu.
– Tomas Buş.
– Məsələ belədir, Tomas… Siz heç nədən korluq çəkməyəcəksiniz. Narahat olmayın, sizi küçəyə də atmayacaqlar.
– Mən heç nə başa düşmürəm, bizi havayı yedizdirəcəksiniz, yoxsa pulla yarmarkalarda göstərəcəksiniz?
– Göstərməyinə göstərəcəyik, amma yarmarkalarda yox. Alimlərə göstərəcəyik. İndi isə dincəlin, – deyib Kern qadın başına tərəf döndü. – Brike, nədənsə, özünü gözlətməyə məcbur edir.
– Bu, nədir? – Tomas soruşdu.
– Görürsünüz,