Əcdadların harayı. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Əcdadların harayı - Джек Лондон страница 4
Bak təlimi tezliklə mənimsədi, iki qoşqu yoldaşı və Fransuanın birgə rəhbərliyi altında yaxşı səriştə qazandı. Düşərgəyə qayıtmazdan əvvəl artıq bilirdi ki, "ho" harayı "dayan" deməkdir, "marş" komandası verilsə, irəli qaçmaq lazımdır. O bilirdi ki, döngələrdə qaçış sürətini azaltmaq, yüklü kirşələr dağ yolu ilə gedəndə isə arxaya qoşulandan aralı durmaq lazımdır.
– İtlərin üçü də yaxşıdır, – Fransua geri qayıtdıqda Perroya dedi. – Bu Bak yaman işləkdir. Tezliklə ona necə lazımsa, dərs verərəm.
Günortaçağı təcili hökumət poçtunu aparmalı olan Perro daha iki it gətirdi. Billi və Co adlanan iki qardaş layka cinsindən idilər. Bir ananın oğulları olsalar da, bir-birindən yerlə göy qədər fərqlənirdilər. Billinin mənfi cəhəti həddindən artıq ürəyiaçıq olmasında idi. Co isə qaşqabaqlı və qaradinməz idi. O hey mırıldanır və hamını kinli-kinli süzürdü.
Bak Billi və Conu səmimiyyətlə qarşıladı, Deyv onlara sarı heç baxmadı da. Şpits isə fürsəti fövtə vermədən əvvəlcə birinə, sonra digərinə hücum çəkdi. Billi əvvəlcə dostcasına quyruğunu buladı. Amma görəndə ki dinclik kara gəlməyəcək, qaçmaq istədi, yenə bir şey çıxmadı, Şpitsin iti dişləri böyrünə sancıldı. O, ağrıdan yalvarıcı tərzdə uladı. Şpits Coya bir neçə dəfə hücum etməyə cəhd göstərsə də, Co hər dəfə tüklərini qabardıb qulaqlarını şəkləyir və onu mırıltıyla qarşılayırdı. Conun gözləri şeytan gözləri kimi parıldayırdı. Görkəmi o qədər dəhşətli idi ki, Şpits ona dərs vermək niyyətindən əl çəkməli oldu. Lakin Şpits öz məğlubiyyətini büruzə verməmək üçün hələ də yanıqlı-yanıqlı zingildəyən zavallı Billinin üstünə atıldı və onu düşərgənin lap qurtaracağına qədər qovdu.
Axşamçağı Perro uzun və qıvraq bədənli, lakin qoca bir qoşqu iti gətirdi. Onun üz-gözü çapıq və yara yerləri ilə dolu idi. Təkcə bir gözü salamat qalmışdı. Lakin bu yeganə göz mərdlik ifadə edən cəsarətli bir qığılcımla parıldayır, hamıda istər-istəməz ona qarşı hörmət doğururdu. Ona Solleks deyirdilər, yəni Acıqlı. Deyv kimi o da heç bir şey tələb etmir, heç nəyi bağışlamır, heç nəyi vecinə almırdı.
O, yavaş-yavaş, vüqarla başqa itlərə yanaşanda hətta Şpits belə ona dəyib-dolaşmırdı. Solleksin bir zəif cəhəti var idi və bədbəxtlikdən bunu ilk dəfə Bak aşkara çıxartdı. Demə, taygöz it kimsə ona kor gözü tərəfindən yaxınlaşanda bunu xoşlamırmış. Solleksin bu xüsusiyyətindən xəbərsiz olan Bak ona məhz kor gözü tərəfdən yanaşdıqda it qəflətən dönərək onun üstünə atıldı və çiynini sümüyə kimi gəmirib üç düym8 enində yara açdı. Bu hadisədən sonra Bak daha heç vaxt ona qadağan olunmuş tərəfdən yanaşmadı və Solleks də heç vaxt ona toxunmadı. Solleks də, görünür, Deyv kimi, yalnız bir şeyi arzulayırdı: təki onu narahat etməsinlər. Lakin Bak tezliklə əmin oldu ki, onların hər ikisinin daha böyük məqsədləri var.
Elə ilk gecədə Bak yatmaqla bağlı böyük bir problemlə üzləşdi. İçərisində şam yandırılmış çadır qar düzəngahında cazibədar işıq saçırdı. O, tam əmindi ki, orada gecələməlidir. Lakin içəri girəndə Perro və Fransua onu söyüşlə qarşıladılar və əllərinə keçən əşyaları ona tulladılar. Bak biabır olmuş halda çadırdan şaxtalı eşiyə qaçdı. Acı külək əsir, bədənini şiddətlə döyəcləyir, xüsusilə yaralı çiynini rəhmsizcəsinə göynədirdi. O, qar içində uzanıb yatmaq istədi, lakin şaxta onu tezliklə ayağa qaldırdı. Zavallı ümidsiz halda çadırların arasında gəzişib nisbətən isti yer axtardı, lakin tapmadı. Bir-iki vəhşi it ona hücum çəkdi, lakin o, tüklərini qabardaraq onlara hiddətlə mırıldandı və itlər Bakdan əl çəkdilər.
Nəhayət, onun ağlına bir fikir gəldi. O geri qayıdıb qoşqu itlərinin harada gecələdiyini öyrənməyə çalışdı. Lakin yoldaşlarının heç birini tapmayanda çox təəccübləndi. Onlar yoxa çıxmışdı. Bak düşərgənin böyük ərazisini bir də dolaşıb onları axtardı, amma tapmadı. Bəlkə, onlar çadırdaydılar? Yox, bu, ola bilməz. Axı onlar haradadır? Bədəni əsə-əsə, quyruğunu sallayaraq tək-tənha və məqsədsiz halda çadırın ətrafında dövrə vurdu. Birdən onun qabaq pəncələri altındakı qar çökdü və o, az qaldı yarığa düşsün. Ayaqları altında nə isə tərpənirdi. O, görünməz və naməlum varlığın qorxusundan mırıldayaraq tüklərini qabardıb geri qaçdı. Lakin həlim bir dost zingiltisi onu tezliklə sakitləşdirdi və o, yenidən həmin yerə qayıtdı. Onun burun dəliklərinə isti hava axını dəydi. Billi yumurlanıb qarın altında, xəndəkdə rahatca uzanmışdı. O, yaltaqcasına zingildəyir, qurdalanır, quyruğunu oynadır və bu yolla Bakı ələ almaq üçün bütün xoş niyyətini büruzə verməyə çalışırdı. Hətta ilıq və nəm dili ilə onun üz-gözünü də yalayırdı.
Bu da bir dərs! Demək, onlar soyuqdan belə qorunurlarmış! Bak da özünə yer seçdi. Çox əlləşdikdən sonra qarın içində yuva qazdı. Bir azdan xəndək bədəninin hərarətindən isindi və o yuxulaya bildi. Bak üzücü və çətin gündən sonra möhkəm və şirin yuxuya getdi.
Səhər artıq yuxudan oyanmış düşərgənin hay-küyü olmasaydı, o, hələ ayılmayacaqdı. Əvvəlcə harada olduğunu kəsdirə bilmədi. Gecə yağan qar üstünü tamam örtmüşdü. Qar divarlar onu hər tərəfdən sıxırdı. Birdən Bakı dəhşətli bir qorxu bürüdü – tələ qarşısında dayanmış vəhşi heyvan qorxusu! Bu onda uzaq əcdadlarının əlamətlərinin üzə çıxması deməkdi. O, ömrü boyu tələnin nə olduğunu bilməmişdi və ondan qorxmamalıydı. Bununla belə, onun bədəni titrəyərək qısıldı, boynu və çiynindəki tüklər qabardı və o, bulud kimi üstünü örtmüş qığılcım saçan qarı kənara tullayaraq vəhşi bir mırıltı ilə çaladan sıçrayıb səhərin gözqamaşdırıcı isığına düşdü. Ayağa duran kimi qarşısında açılmış ağ çadırı gördü. Bak Manuellə gəzintiyə çıxdığı gündən başlamış qar içində özünə gecələmək üçün yuva düzəltdiyi dünənki gecəyədək baş verənləri bir-bir xatırladı.
Fransua onu qışqırıqla salamladı.
– Mən nə demişdim? – o, Perroya müraciət etdi. – Bu Bak bir anda hər şeyi öyrənməyə qadirdir.
Perro razılıq mənasında başını tərpətdi. Kanada hökumətinin kuryeri9 kimi o, poçt və mühüm sənədlər daşıyırdı, ona ən yaxşı
8
Düym – 2,54 sm-ə bərabər uzunluq ölçüsü
9
Kuryer – idarə kağızlarını aparıb paylayan işçi