Əcdadların harayı. Джек Лондон

Чтение книги онлайн.

Читать онлайн книгу Əcdadların harayı - Джек Лондон страница 5

Əcdadların harayı - Джек Лондон Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

və Solleksin arasında yerləşdirmişdilər ki, ona bu işi lazımınca öyrədə bilsinlər. Bak özünü qabiliyyətli şagird, onlar isə onun səhvlərini dərhal düzəldən, öz iti dişlərinin köməyi ilə onu itaətə məcbur edən mahir müəllim kimi göstərirdilər.

      Deyv ədalətli və çox ağıllı idi. O, Bakı nahaq yerə heç vaxt incitməzdi, lakin ciddi səhv edəndə onu dişləmək imkanını da əldən verməzdi. Buna Fransuanın qamçısı da əlavə olunduğuna görə Bak bu qənaətə gəlmişdi ki, özünü yığışdırıb səhv etməkdən daşınmaq dişlənməkdən daha sərfəlidir. Bir dəfə qısa fasilədə o, yan qayışa ilişib səfəri ləngitdi. Deyv və Solleks hücum çəkib onun dərsini yaxşıca verdilər. Nəticədə qarışıqlıq daha da gücləndi, lakin Bak yan qayışı bir daha səhv salmamaq üçün sonradan böyük cəhd göstərdi və günün sonuna yaxın o öz vəzifəsinin öhdəsindən elə yaxşı gəldi ki, müəllimləri onu dişləməkdən əl çəkdilər. Fransuanın qamçısı Bakın üstünə daha az şığımağa başladı, Perro isə ona xüsusi canfəşanlıqla hörmət göstərir, pəncələrini bir-bir qaldırıb onları qayğıyla gözdən keçirirdi.

      Onların birinci gün qət etdiyi məsafə çox uzun oldu. Onlar kanyon boyu Qoyun yamacı və Çəki yüksəkliklərinin yanından və meşə kənarlarından ötüb bir neçə yüz fut10 hündürlükdə olan buzlaqlı və qarlı təpədən keçdilər, duzlu və şirin sular arasında uzanan, kədərli, yalqız Şimalın heybətli gözətçisi kimi onun girəcəyini qoruyan nəhəng Çilkut aşırımını keçdilər. Sönmüş vulkanların ağzında yerləşmiş donmuş göllərin bütöv bir silsiləsini sağ-salamat sovuşub, gecəyarısı Bennet gölü yaxınlığındakı böyük düşərgəyə çatdılar. Orada minlərlə qızılaxtaran, qayıq düzəldib yazda buzun əriməsini gözləyirdi. Bak qarın içində özünə yuva düzəldib div yuxusuna getdi, lakin tezliklə onu talacıqdan çıxardıb başqa yoldaşları ilə birlikdə şaxtalı gecənin qaranlığında kirşəyə qoşdular.

      Həmin gün onlar qırx mil yol getdilər, çünki yol hamardı. Amma ertəsi gün qarda özlərinə iz açmağa məcbur olub bərk yoruldular və nisbətən ləng getdilər. Bir qayda olaraq, Perro qabaqda gedir, ayaq xizəyi ilə qarı tapdayırdı ki, itlər asan yüyürə bilsin. Fransua isə dönmə şüvülü ilə qoşquya istiqamət verirdi. Bəzən o, gec-gec də olsa, Perro ilə yerini dəyişirdi. Perro tələsirdi, bununla belə, hesab edirdi ki, buzun qalınlığını Fransua gözəyarı daha yaxşı təyin edə bilər. Bu, çox vacib məsələ idi, çünki payızın buzu çox da etibarlı deyildi. Sürətli axın olan yerlərdə isə, ümumiyyətlə, buz yox idi.

      Bakın bütün günü qoşquda keçirdi. İtlər yalnız qaranlıq düşəndə dincəlir və göy üzü işıqlanmağa başlayan kimi yenidən hərəkətə başlayırdılar.

      Bu dəfə də ancaq qaranlıq düşəndən sonra istirahətə çıxdılar. İtlər öz balıq paylarını yeyib yatmaq üçün qarın içinə soxulmuşdular. Bak bərk acmışdı. Gündüz yediyi azacıq qaxac edilmiş qızılbalıq onun dişinin dibində belə qalmamışdı. O, doyunca yemir və aclıqdan əziyyət çəkirdi. Lakin çəkicə ondan az gələn və belə həyata daha yaxşı uyğunlaşmış itlərə də həmin qədər balıq verilsə də, onlar öz gümrahlıqlarını qoruyub saxlamağı bacarırdılar. Bak vaxtilə Cənubdakı həyatında adət etdiyi vasvasılığı tezliklə tərgitməli oldu. Gördü ki, öz payını tez içəri ötürən yoldaşları onun qarşısındakı tikələri də çırpışdırır. Payını qorumağa gücü çatmırdı. O, iki-üç oğru ilə cəngə girəndə bir də görürdü ki, balığı artıq başqalarının ağzındadır. Bunun qarşısını almaq üçün o da digər itlər kimi sürətlə yeməyə başladı. Aclıq onu başqalarının yeməyinə əl atmağa məcbur edirdi. O, müşahidə apararaq bunun yollarını öyrəndi. Perro üzünü yana çevirən kimi təzə itlərdən olan çox bic, ikiüzlü və oğru Payk cəld onun dana ətindən hazırlanmış qızartmasından bir dilim çırpışdırdı. Ertəsi gün Bak onun önündən bütöv bir tikəni götürüb əkildi. Aləm bir-birinə dəydi, Bakdan isə heç kəs şübhələnmədi və onun əməlinə görə başqa bir iti cəzalandırdılar.

      Bu ilk oğurluq göstərdi ki, Bak Şimalın sərt şəraitində yaşamağa qadirdir. Bu onun mühitə uyğunlaşmaq bacarığına dəlalət edirdi. Əgər belə bacarığı olmasaydı, o, sağ qala bilməzdi. Bununla belə, oğurluq onun mənəvi iflasının başlanğıcı oldu. Əvvəlki əxlaqi anlayışları dağılıb puç oldu: yaşamaq uğrunda amansız mübarizədə onlar Bak üçün artıq yük idi. Əxlaq anlayışları Cənub üçün münasib idi. Orada məhəbbət və dostluq qanunu hökm sürürdü, orada başqalarının ma-lına hörmət, özgələrə mərhəmət hissi vardı. Şimalda isə dəyənək və diş qanunu hökm sürürdü, yaşamağa və uğur qazanmağa mane olan düzlüyə riayət etməkdən ötrü axmaq olmaq lazımdı.

      Əlbəttə, Bak qeyri-iradi şəkildə yeni şəraitə uyğunlaşırdı. Ömründə heç vaxt, hətta qüvvələr bərabər olmayanda da o, mübarizədən çəkinməmişdi. Lakin qırmızı sviterli kişinin dəyənəyi ona daha ibtidai, lakin həyat üçün zəruri olan əxlaq qaydaları aşılamışdı. Bak hələ mədəni it olaraq qalırdı; məsələn, o, hakim Millerə məxsus olan qoşqu qırmancını qoruyaraq öz əxlaq normaları yolunda ölməyə hazır idi. İndi isə bu ideyalara etinasız baxması və ancaq öz canının hayında olması göstərirdi ki, o, əcdadlarının vəziyyətinə qayıtmaq üzrədir. Oğurluq məharətini göstərmək üçün deyil, boş qarnının inadkar tələblərinə cavab vermək üçün başqalarının yeməyinə göz qoyurdu. Qarətçiliyi açıqca yox, gizlincə, bütün ehtiyat tədbirlərini görərək törədirdi, çünki dəyənək və diş qanununa tabe idi.

      Bak çox sürətlə yetkinləşirdi (daha doğrusu, vəhşiləşirdi). Əzələləri dəmir kimi möhkəm olmuşdu və adi ağrılar daha onun vecinə deyildi. Daxili də, xarici də yaman bərkimişdi. Bak hər hansı xörəyi, hətta iyrənc və daş kimi bərkini də yeyə bilirdi. Qarnı onu doyuran nə vardısa, hamısını zərrə-zərrə özünə çəkir, qanı isə həzm olunmuş yeməkdən möhkəm və davamlı toxuma hasil edərək bədəninin ən ucqar hissələrinə paylayırdı. Bakın çox əla görmə və həssas iybilmə qabiliyyəti vardı. Eşitmə qabiliyyəti isə elə inkişaf etmişdi ki, o, yuxuda belə ən yavaş səsi eşidir və o səsin təhlükə vəd edib-etmədiyini ayırd edə bilirdi. O, dırnaqları arasında donmuş buzu gəmirməyi öyrənmişdi. Su içmək istəyəndə nohur qalın buzla örtülü olsa da, güclü qabaq pəncələri ilə onu sındırmağı bacarırdı. Lakin Bakın ən diqqətəlayiq qabiliyyəti küləyi duyması idi və gecələr o, küləyin hansı səmtdən əsəcəyini əvvəlcədən sezirdi. Buna görə də ən sakit gecələrdə belə o özünə elə yerdə yuva düzəldirdi ki, sonradan külək əssəydi də, yuvasını tutmayacaq, ora isti və rahat olacaqdı.

      Bütün bunları Bak təkcə təcrübə əsasında deyil, onda çoxdan yatıb qalmış əzəli duyğuların hərəkətə gəlməsi nəticəsində öyrənmişdi. Əhliləşdirilmiş əcdadlarından ona miras qalan xüsusiyyətlər isə, əksinə, yox olub gedirdi. Uzaq keçmişi onun daxilində anlaşılmaz səslərlə dil açırdı.

      Bak tezliklə caynaq və dişlərini işə salmağı öyrəndi

Скачать книгу


<p>10</p>

Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi