Devid Koperfild. Чарльз Диккенс
Чтение книги онлайн.
Читать онлайн книгу Devid Koperfild - Чарльз Диккенс страница 5
– Sizə yarım pinta4 pivə sifariş verilib. Onu içmək istəyirsiniz?
Mən təşəkkür etdim və “hə” dedim.
O, qrafindən iri bir stəkana süzdü və əlində yuxarı tutub diqqətlə baxmağa başladı:
– Bir az çox deyil ki?
– Hə, bir az çoxdur…
– Dünən burada bir centlmen vardı. Bir stəkan bundan içdi və …yıxılıb öldü. Ona içmək olmazdı. Mən isə öyrəncəliyəm. Mənə heç nə olmaz. Amma bu sizin üçün sifariş verilib. Etiraz etmirsən, onu mən başıma çəkim?
Mat qalmışdım. Dedim, yaxşısı budur, mən su içim, siz isə bu pivəni içməklə mənə yaxşılıq etmiş olarsınız.
Pivə ona ziyan vermədi. Hətta bir az kefi kökəldi. Yaxın oturdu. Üstündən bir kotlet, sonra bir kartof, daha sonra bir kotlet və daha bir kartof götürüb uddu.
O gülürdü. Ürəklənib ondan kağız, qələm istədim və Peqottiyə məktub yazdım. O mənə poçt kağızının pullu olduğunu dedi, burada süfrələrin qır-qırıntısı ilə qarnını doyurduğunu, kömür kisələrinin üstündə yatdığını, ailəsində hamının xəstə olduğunu deyib ağlamağa başladı.
Üç şillinqimdən birini kağıza görə ona uzatdım. O, pulu farağat vəziyyəti alaraq ehtiramla götürdü.
Mən karetin damında arxa oturacağa əyləşəndə hamı mənə təəccüblə baxırdı. Qulluqçu arvadlardan biri başını pəncərədən çıxarıb konduktora dedi:
– Bu uşağa diqqət et, Corc. Birdən köpüb partlayar.
Nökər də hamı kimi mənə baxıb pıqqıldayırdı. Balaca boyum və bu qədər qarınqulu olmağım onları bərk heyrətə salmışdı. Mən isə oradan ac yola düşürdüm. Yolda karet nahar üçün dayananda utandığımdan heç nə yemədim.
Gecə yol gedəndə məni iki centlmenin arasında oturtmuşdular ki, birdən yıxılaram. Onlardan gah biri, gah digəri mürgüləyib məni sıxırdı. Odur ki onları tez-tez oyatmalı olurdum.
Səhər açılanda uzaqdan London göründü. Oxuduğum kitablardakı gənc qəhrəmanlarımın başlarına bu şəhərdə nə qədər işlər gəlmişdi. Məni adı ya "Göy buğa", ya da "Göy qaban" olan bir mehmanxananın yanında düşürdülər. Konduktor qapıya baxıb səsləndi:
– Blanderstondan olan Merdston soyadlı uşağın dalınca kim gəlib?
Səs çıxmadı. Karet getdi. Mən Robinzon Kruzo kimi tək qalmışdım.
Növbətçi məni içəri çağırdı. Oturub gözləməyə başladım. Çaşıb-qalmışdım. Ağlıma min fikir gəlirdi. Bu vaxt bir cənab gəldi.
Baqajları tərəzidə çəkən adamla pıçıltı ilə nəsə danışdı. O, çox pis geyinmişdi.
– Sən yeni şagirdsən? – dönüb məndən soruşdu.
– Bəli, ser.
– Mən Səlem-Hausdan gəlmiş müəlliməm.
Mən təzim etdim və rahat nəfəs aldım. Müəllimin adı mister Mell idi. Dedi ki, biz poçt karetində daha altı mil getməliyik. Mən özümdə cəsarət tapıb dedim ki, dünəndən bəri heç nə yeməmişəm. Bir dükan göstərdi, mən üç pensə5 bir bulka aldım.
…Səlem-Haus hündür kərpic hasarı olan tutqun bir bina idi. Qapını öküz boyunlu, enlikürək və taxtaayaq bir adam açdı.
– Yeni şagirddir, – müəllim dilləndi.
Taxtaayaq məni başdan-ayağa süzərək içəri buraxdı və qapını açarla bağladı.
Bina boş və adamsız idi. Pansion sahibi mister Krikl arvadı və qızı ilə tətildə idi. Mister Mell məni son dərəcə cansıxıcı bir sinif otağına gətirdi. Partanın üstündə karton plakat gördüm. Üstündə yazılmışdı: "Ehtiyatlı ol! Qapır!"
– Bağışlayın, ser, … bəs it hanı?
– İt? Nə it?
– Ehtiyatlı olmaq lazım gələn. Adamları qapan…
– Yox, Kopperfild, itdən söhbət getmir. Mən göstəriş almışam ki, bu plakatı kürəyindən asım. Təəssüf edirəm, səninlə ilk gündən belə rəftar olunmalıdır. Mən bu işi görməliyəm.
Sonrakı günlərdə bu plakat üzündən nə əzablar çəkdiyimi təsvir edə bilmirəm. Görməsinlər deyə mən arxam divara, yaxud iri ağaca sarı dayananda həmin taxtaayaq aralıdan var səsi ilə bağırırdı:
– Ey, sən, Kopperfild! Bu yarlığı elə gəzdir ki, hamı görsün!
Dərslər başlanana qədər mister Mell mənimlə məşğul olmalı idi. Lakin mən dərslərimin öhdəsindən gəlirdim. Çünki ikimiz idik. Nə mister Merdston vardı, nə də bacısı.
VI fəsil
Tanışlar dairəsini genişlədirəm
Mister Krikl qayıdan axşam məni onun yanına apardılar. Kresloda vüqarla əyləşmişdi. Masada şüşə və yanında qədəh vardı.
– Aha! Bu, dişlərini mişarlamaq lazım gələn gəncdir? Bir onu döndər görüm!
Taxtaayaq məni döndərib kürəyimdəki plakatı göstərdi. Sonra yenə üzümü ona sarı çevirdi. Səsi alçaqdan gəlir, sanki fısıldayırdı. Danışanda onun qəzəbli sifəti boğuq rəng alırdı. Soruşdu:
– Bu uşaq barədə nə deyə bilərsən?
– Hələlik heç nə deyə bilmərik, elə bir hal olmayıb, – taxtaayaq cavab verdi.
Deyəsən, mister Kriklin bu cavabdan qanı qaraldı.
– Bir yaxın gəl, ser! – məni barmağı ilə yaxına çağırdı.
– Bura yaxınlaş! – taxtaayaq təkrarladı.
– Sənin atalığınla tanışam. Ləyaqətli və möhkəm xarakterli adamdır, – mister Krikl qulağımdan yapışaraq fısıldadı. – O məni tanıyır, mən də onu. Bəs sən məni tanıyırsan?
Əllərini amansız şəkildə oynadaraq qulağımı bururdu.
– Hələ
4
Pinta – 0,568 litrə bərabər ənənəvi ingilis həcm ölçüsü
5
Pens – 1/12 şillinqə bərabər xırda ingilis moneti