Devid Koperfild. Чарльз Диккенс
Чтение книги онлайн.
Читать онлайн книгу Devid Koperfild - Чарльз Диккенс страница 6
– Nə?! – mister Krikl kreslodan elə qalxdı ki, götürülməyə üstünlük verdim. Yatdığım otağa qədər qaçdım. İki saat titrətməm getmədi.
…Tətildən sonra məktəbə şagirdlərdən birinci Tommi Tredls gəlmişdi. Mənim plakatım onun xoşuna gəldi:
– Bir bax a! Yamanca gülməlidir!
Lakin şagirdlərin çoxu mənim plakatıma gülmədi. Bəzi şagirdlər ətrafımda rəqs edib məni cırnatmağa çalışırdı: "Qıs! Qıs!" Digərləri adımı "Qapı iti" qoymuşdu. Az qalırdı ağlayam.
Məktəbin ən nüfuzlu şagirdi olan Ceyms Stirfort gələndə mən formal olaraq bu mühitə qəbul edildim. Onun dərin bilikli şagird olduğu deyilirdi. Məndən altı yaş böyük idi. Məni onun yanına dustağı hakim yanına aparırmış kimi aparırdılar. Plakatıma baxıb bu cəzanın səbəbi ilə maraqlandı və təəssüf etdi. Onunla yanaşı gedəndə soruşdu:
– Nə qədər pulun var, Kopperfild?
– Yeddi şillinq.
– Yaxşısı budur, ver mən saxlayım. İstəmirsən, vermə.
Mən bu dostcasına təklifi qəbul etməyə tələsdim və pulları onun ovcuna boşaltdım.
– Bunları xərcləmək istəmirsən?
– Yox, ser.
– İstəsən, bu, çox asandır. Bircə kəlmə de…
Mən razılıq verdikdən sonra axşam bu yeddi şillinqə xeyli şey alıb gətirmişdi. Əsl kral ziyafəti düzəltdik. Təklif etdim ki, qonaqlığa Stirfort başçılıq etsin. Biz pəncərədən düşən ay işığında çarpayılarımızda və döşə- mədə oturub pıçıltı ilə danışır, qarağat şirəsi içir, şirniy- yat yeyirdik.
Uşaqlardan pansion və onun sakinləri haqqında çox şey öyrəndim…
Mister Krikl, doğrudan da, vəhşidir. Hər gün əlində qamçı süvari döyüşçü kimi sağını-solunu çırpır, qarşısına çıxanı ağına-bozuna baxmadan döyür. Bu işdən başqa, əlindən heç nə gəlmir. Əvvəllər alverçi imiş, işi alt-üst olandan sonra bu məktəbi açıb. Taxtaayaq Tangey alverdə ona kömək edirmiş. Onun yanında xidmət edəndə ayağını sındırıb. Öyrəndim ki, mister Kriklin bir oğlu var. Atasına şagirdləri və evdə anasını döydüyünə görə etiraz edirmiş. Bunun üstündə evdən qovulub…
VII fəsil
Səlem-Hausda ilk "yarımil"
Ertəsi gün mister Krikl qapıda görünəndə sinfə dərin sükut çökdü. O, nağıllardakı nəhənglər kimi dayanmışdı. Tangey yanında idi. Mister Krikl dedi:
– Hə, uşaqlar, yeni yarımil başlanır. Heç kəsin başı sığallanmayacaq. Kürəyinizi qaşımağa ehtiyac yoxdur, onsuz da şallağımın yerini silə bilməzsiniz. İndisə, haydı!
Bu qorxulu çıxışı bitirib mənə yaxınlaşdı. Qamçını göstərdi və havada silkələyərək dedi ki, bu barədə nə düşünürəm? Suallarını davam etdirərək qamçını təpəmə-gözümə çırpırdı. Mən hər dəfə ağrıdan qıvrılırdım.
Təkcə mən döyülmədim. Sinifdə gəzişərək şagirdlərin çoxunu qamçı ilə döydü. Uşaqlar yerlərində qıvrılır, gözlərindən yaş axırdı.
Yazıq Tredls! Ən xoşxasiyyət və ən bədbəxt şagird idi. Onu yarım il ərzində hər gün qamçıladı. Onun bir adəti vardı: gözündə yaş olsa da, lövhədə həmişə skelet rəsmi çəkərdi. Anlaya bilmirdim ki, bu skelet çəkməkdə nə görüb?
Çox nəcib uşaq idi Tredls. Deyirdi ki, gərək şagirdlər bir-birinə qahmar çıxsın. Bunun üstündə nə qədər döyülmüşdü…
Stirfort çox faydalı dost çıxdı. Bircə məni mister Krikldən müdafiə edə bilmirdi. Bunu bacarmazdı da. Bir dəfə söhbət edəndə bildi ki, mən evdə çoxlu kitab oxumuşam. Soruşdu:
– Onlar yadında qalıb?
– Əlbəttə, yaddaşım əladır.
– Belədirsə, onları mənə nağıl edəcəksən.
Bundan sonra gecələr Ceyms Stirfortun çarpayısının yanında əyləşib bir vaxt oxumuş olduğum kitabları ona nağıl edirdim. Dərslər başlanandan bir həftə sonra Peqottidən sovqat gəldi. Uşaqlara yeni bir qonaqlıq verdim.
Müəllim mister Mell mənə çox kömək edirdi. Onu minnətdarlıqla xatırlayıram.
Həmin yarımildə daha bir hadisə baş verdi və onu indi də unuda bilmirəm. Tangey elan etdi ki, mister Kopperfildi görməyə gəliblər. Mister Peqotti və Hem məni görmək üçün məktəbə gəlmişdilər. Onları görəndə məni nə üçün ağlamaq tutduğunu bilmirəm.
– Gülərüz, şən Devi! Əməlli-başlı böyümüsən!
– Böyümüşəm?
– Özü də necə! – Hem mənə ürək-dirək verirdi.
Biz söhbət edəndə qəfildən Stirfort göründü. Mən onu qonaqlarımla tanış etdim.
Günlər keçir, uzaqlarda görünən tətil yavaş-yavaş yaxınlaşırdı. Budur, son məşğələ! Budur, poçt kareti ilə evə gedirəm.
VIII fəsil
Ən gözəl bir günüm
Həmin mehmanxana idi. Məni aldatmış nökər isti çay gətirdi. Yuxudan qalxıb həyətə düşəndə mister Barkis məni elə qarşıladı ki, sanki beş dəqiqə əvvəl ayrılmışdıq. Mən arabaya minən kimi onun tənbəl atı yerin- dən tərpəndi.
– Gözəl gündür, hə, mister Barkis? Mən tapşırığını yerinə yetirdim. Peqottiyə məktub yazıb sənin sözünü çatdırdım.
– Hə? – qaşqabağını tökdü. – Bir nəticəsi olmadı. Bəlkə, ona deyəsən, mister Barkis cavab gözləyir, hə? Onun adı nəydi?
– Peqotti.
– Bu onun adıdır, yoxsa soyadı?
– Soyadıdır. Adı Klaradır.
Mister Barkis nə düşündüsə, cibindən tabaşir çıxardı və arabanın iç tərəfindən divara "Klara Peqotti" yazdı.
Doğma evə qayıtmaq nə qəribə duyğu imiş. Mister və miss Merdstonun sifəti görünmürdü. Qapını döymədən içəri girdim. Qulağıma alçaqdan layla səsi gəlirdi. Anam buxarının önündə oturub çağa əmizdirirdi. Məni görüb "Əzizim Devi! Mənim balam!"