Buratinonun macəraları. Алексей Толстой

Чтение книги онлайн.

Читать онлайн книгу Buratinonun macəraları - Алексей Толстой страница 2

Buratinonun macəraları - Алексей Толстой Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

kətanın üzərində çəkilmiş şəkil idi.

      Karlo otağa daxil oldu, otaqdakı ayaqsız masanın arxasına qoyulmuş yeganə stulda oturub odun parçasını əlində o tərəfə, bu tərəfə çevirdi və bıçağı əlinə alıb ondan kukla düzəltməyə başladı.

      “Bunun adını nə qoyum? – deyə Karlo fikrə getdi. – Adını Buratino qoyacağam. Bu ad mənə xoşbəxtlik gətirər. Mən bir ailə tanıyırdım, – onların hamısını Buratino deyə çağırırdılar: ata Buratino, ana Buratino, uşaqlar da Buratino… Hamısı da şən və qayğısız yaşayırdılar…”

      O, əvvəlcə kuklanın saçını, sonra alnını, daha sonra isə gözlərini kəsib düzəltdi…

      Birdən gözlər öz-özünə açılıb ona zilləndi…

      Karlo qorxduğunu büruzə vermədi, yalnız nəvazişlə soruşdu:

      – Ay taxta gözcüklər, niyə mənə belə qəribə baxırsınız?

      Kukla isə susurdu, ona görə ki hələ ağzı yox idi. Karlo ona qaş, sonra da adicə bir burun yondu…

      Birdən burun uzanmağa başladı, uzandı, uzandı, elə uzun və sivri burun alındı ki, hətta Karlo da dözməyib vaqqıldadı:

      – Yox, çox uzun oldu…

      Və burnun ucundan kəsdi. Amma yenə mümkün olmadı. Burun hərləndi, fırlandı, elə yenə də ucu sivri şəkilli, məzəli bir uzun burun kimi də qaldı.

      Karlo ona ağız düzəltməyə başladı. Elə təzəcə dodaqlarını kəsib düzəltmişdi ki, ağız elə həmin andaca açıldı:

      – Hi-hi-hi, ha-ha-ha!

      Ağızdan qıpqırmızı nazik bir dil bayıra çıxdı.

      Karlo daha bu hoqqalara fikir vermədi, yenə də yonmağa, kəsməyə davam elədi…Kuklanın çənəsini, boynunu, çiynini, gövdəsini, əllərini yonub düzəltdi.

      Elə sonuncu barmağını təzəcə yonub qurtarmışdı ki, Buratino yumruğu ilə Karlonun dazlaşmış başına döyəcləməyə, onu çimdikləyib qıdıqlamağa başladı.

      – Mənə bax, – Karlo ciddi tərzdə dedi, – mən hələ səni düzəldib qurtarmamışam, başlamısan nadincliyə… Bəs bunun axırı necə olacaq… Hə?

      O, Buratinonu diqqətlə gözdən keçirdi. Buratino da siçan gözlərinə bənzəyən dəyirmi gözlərini Karlo ataya zillədi.

      Karlo ona tilişkədən iri pəncəli uzun ayaqlar düzəltdi. Bununla işini bitirib odun parçasından yonduğu oğlana yeriməyi öyrətmək üçün onu döşəməyə qoydu.

      Buratino nazik ayaqları üstündə yırğalandı, yırğalandı, əvvəlcə bir-iki addım atdı, sonra atlana-atlana düz qapıya sarı getdi, ordan da kandarı aşıb küçəyə çıxdı.

      Karlo narahat olub, onun dalınca yeridi.

      – Ey, cüvəllağı, qayıt geri!..

      Kimə deyirsən! Buratino dovşan kimi atlana-atlana küçə ilə qaçmağa başladı. Taxta başmaqları daşlara dəyərək, taqqıldayırdı: tak-tuk, tak-tuk…

      – Tutun onu! – deyə Karlo qışqırdı.

      Küçədən keçənlər qaçan Buratinonu barmaqları ilə göstərərək gülüşürdülər. Yolayrıcında başında üçkünc şlyapa olan nəhəng, bığıburma bir polis dayanmışdı.

      O, ağacdan yonulmuş adamcığazın qaçdığını görüb ayaqlarını küçə eni qədər aralı qoydu və onun yolunu kəsdi. Buratino polisin ayaqları arasından sivişib keçmək istədi, lakin polis onun uzun burnundan yapışıb Karlo ata çatana kimi tutub saxladı…

      – Yaxşı, dayan bir, gör mən sənə nə divan tuturam, – Karlo təngnəfəs halda Buratinonu gödəkcəsinin cibinə dürtmək istədi.

      Buratino belə bir fərəhli gündə, özü də camaatın gözü qabağında, gödəkcənin cibində heç də baş-ayaq olmaq istəmirdi. Ona görə cəld yerində fırlanıb şappıltı ilə daş döşənmiş küçəyə düşdü və özünü ölülüyə vurdu.

      – Vay, vay, – deyə polis söyləndi, – deyəsən, işlər xarabdı.

      Küçədən keçənlər oraya yığışmağa başladılar. Onlar yerə sərilmiş Buratinoya baxaraq başlarını bulayırdılar.

      Biri deyirdi:

      – Yazıq, bəlkə də, acından ölüb…

      Bir başqası deyirdi:

      – Karlo onu ölüncə döyüb. Bu qoca şarmankaçalan özünü yaxşı adam kimi göstərir, amma əslində, yaramazın, qəddarın biridi…

      Bunu eşidən bığıburma polis zavallı Karlonun yaxasından yapışıb onu düz polis şöbəsinə kimi sürüdü.

      Karlo başmaqları ilə yerdən toz qopararaq bərkdən inildəyirdi:

      – Of, of, odundan yonduğum bu oğlanı başıma bəla elədim!

      Elə ki, camaat küçədən dağıldı, Buratino burnunu yuxarı qovzayıb ətrafı gözdən keçirdi və atıla-atıla evə tərəf qaçdı…

      Danışan Sisək1Buratinoya ağıllı məsləhət verir

      Buratino qaçaraq pilləkən altındakı balaca otağa girdi və stulun ayaqları yanında yerə sərildi.

      – Belə şey kimin ağlına gələrdi?

      Lakin unutmaq lazım deyil ki, Buratinonun doğulduğu cəmisi bircə gün idi. Onun başındakı fikirlər bapbalaca, qısa, bomboş idi.

      Bu vaxt səs eşidildi:

      – Çrri-çri, çrri-çri, çrri-çri.

      Buratino başını dolandırıb otağı gözdən keçirdi.

      – Ey, kim var burda?

      – Mənəm, – çrri-çri…

      Buratino azacıq tarakana bənzəyən canlı bir varlıq gördü, amma baş tərəfindən cırcıramaya oxşayırdı. O, ocağın üstündəki divarda oturub çırtıldayırdı: çrri-çri. Şüşəyə bənzər, rəngbərəng, dombalan gözləri ilə ona baxır, bığlarını oynadırdı.

      – Ey, sən kimsən?

      Canlı varlıq dilləndi:

      – Mən Danışan Sisəyəm, bu otaqda yüz ildən çoxdu yaşayıram.

      – Buranın

Скачать книгу


<p>1</p>

Sisək – düzqanadlı həşərat; bir çox növü (ev sisəyi, çöl sisəyi və s.) varїm