Uzuncorab Peppi. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Uzuncorab Peppi - Астрид Линдгрен страница 3
– İndi mən doğrudan da nəsə tapmışam! – Otluğun içinə atılmış paslı konserv qutusunu göstərdi. – Bax buna deyərəm tapıntı! Bax bu lap əla oldu! Belə qutu həmişə kara gələr.
Tommi təəccüblə qutuya baxıb soruşdu:
– O nəyə kara gələr?
– Nəyə desən. Birincisi, onun içinə pryanikləri qoymaq olar və o, Pryanikli Qiyamət Qutuya çevrilər.
Peppi paslı və deşikli qutuya diqqətlə baxıb dedi:
– Onu başa da qoymaq olar. Bax belə! Baxın, o mənim bütün üzümü örtdü. Gör necə qaranlıq oldu! İndi mən gecə oyunu oynayacağam.
Peppi başında qutu küçədə obaş-bubaşa qaçmağa başladı, axırda məftil parçasına ilişib yerə sərələndi. Qutu cingilti ilə qanova diyirləndi.
– Gördünüz, – Peppi qutunu qaldırdı. – Bax bu qutu olmasaydı, burnum əziləcəkdi.
– Məncə, o qutunu başına taxmasaydın, – Annika əlavə etdi, – heç məftilə də ilişməzdin…
Peppinin sevincək səsi Annikanın sözünü kəsdi. O, sap çarxı tapmışdı:
–Bu gün bəxtim yamanca gətirir! Gör bir nə yaxşı balaca çarxdır! Bu çarxdan elə sabun köpükləri üfürüb çıxartmaq olar ki! Sap keçirdib boynumdan muncuq kimi də asa bilərəm. Mən sap üçün evə getdim.
Elə bu zaman çəpərlərdən birinin doqqazı açıldı və bir qız təşvişlə küçəyə çıxdı. Onun bərk qorxduğu üzündən görünürdü. Buna səbəb beş oğlan uşağının onu təqib etməsi idi. Oğlanlar onu dövrəyə alıb divara dirədilər. Beşi də qızı əzişdirməyə başladı. Qız ağladı və qorunmaq üçün əlləri ilə üzünü örtdü.
– Döyün onu, uşaqlar! – oğlanlardan ən böyüyü və güclüsü qışqırdı. – Elə döyün ki, bir də bizim küçəyə ayaq basmasın.
– Ay aman! – Annika qışqırdı. – Onlar Villeni döyürlər!.. Yaramazlar!
Tommi də əlavə etdi:
– O zorbanın adı Benqtdir. Yaman davakardır, özü də pis oğlandır. Ora baxın, beşi də bir qızın üstünə düşüb!
Peppi oğlanlara yanaşıb şəhadət barmağını Benqtin kürəyinə vurdu.
– Ey, balaca Ville ilə təkbətək dalaşsana! Niyə onu təkləmisiniz?
Benqt geri dönüb əvvəllər burada rast gəlmədiyi qızı gördü. Bəli, bəli, qətiyyən tanımadığı bu qız hələ bir cürət edib barmağı ilə də onu vurmuşdu. O, heyrətdən bir anlıq yerində donuxub qaldı, sonra barmağı ilə Peppini göstərərək dedi:
– Hey, uşaqlar, Villedən əl çəkin. Bu eybəcər müqəvvaya bir baxın!
O, gülməkdən uğunub getdi, əlləri ilə dizlərindən yapışaraq qəhqəhə çəkirdi. Oğlanlar dərhal Peppini dövrəyə aldılar, Ville isə göz yaşlarını silə-silə sakitcə Tomminin yanına çəkildi.
– Siz bir onun saçlarına baxın! – Benqt sakitləşmirdi. – Alov kimi yanır. Ayaqqabılarına, ayaqqabılarına bir bax! Hey, bəri bax, o ayaqqabılarının birini mənə borc versənə, çoxdandır ki, qayıqda gəzmək istəyirdim, bilmirdim haradan tapım.
O, Peppinin hörüyündən yapışdı və qəsdən üz-gözünü büzüb əlini çəkdi.
– Ay aman, əlim yandı!
Oğlanların beşi də Peppinin ətrafında atılıb-düşərək “Kürən! Kürən!” – deyə bağırışırdı.
Peppi isə onu dövrəyə almış oğlanların arasında durub ürəkdən gülürdü.
Benqt güman edirdi ki, qız hirslənəcək, bəlkə də, ağlayacaq. Sözlə qızı özündən çıxartmaq mümkün olmadığını gördükdə Benqt onu itələdi.
– Xanımlarla nəzakətlə rəftar etmək lazımdır, – Pep-pi güclü əlləri ilə Benqti qamarlayıb yuxarıya elə tulladı ki, o, yaxınlıqdakı tozağacının budağından asılı qaldı. Sonra da o biri oğlanı qamarlayıb başqa bir budağa atdı. Üçüncünü villa qapısının kəlləsinə tulladı. Dördüncü hasarın üstündən uçaraq birbaş gül ləkinə düşdü. Beşinci oğlanı isə yolda durmuş oyuncaq arabacığına basdı.
Peppi, Tommi, Annika və Ville sükut içərisində dayanıb heyrətdən dilləri tutulmuş oğlanlara baxırdılar.
– Ay qorxaqlar! – Peppi, nəhayət, çığırdı. – Beşiniz də bir qızın üstünə hücum etmisiniz – bu axmaqlıqdır! Tfu, nə pis uşaqlarsınız… Ayıb olsun sizə! Tommi, Annika, biz evə getməliyik. Ville, bir də onlar cürət edib barmaqlarının ucu ilə belə sənə toxunmuş olsalar, mənə xəbər verərsən.
Peppi başını yuxarı qaldırıb budaqda hələ də asılı qalmış, qorxusundan cınqırını çıxarmayan Benqtə dedi:
– Bəlkə, saçlarımın rəngindən, ayaqqabılarımın böyüklüyündən yenə də nəsə demək istəyirsən? Hələ ki burdayam, döşə gəlsin, utanma.
Lakin Benqtin ağzını açmağa belə halı qalmamışdı. Peppi tələsmədən dəmir qutunu və çarxı yerdən götürüb Tommi və Annika ilə evlərinə yollandı.
Öz villalarına çatanda Peppi dedi:
– Əzizlərim, heç bilirsiniz mən necə təəssüflənirəm: mən iki qiyamət şey tapdım, amma siz heç nə tapma-mısınız. Həvəsdən düşməyin, bir az da axtarın. Tommi, bəlkə, sən bax o böyük ağacın oyuğuna baxasan? Di-lektorlar belə ağacları yoxlamamış ötüb-keçməzlər.
Tommi dedi ki, onsuz da nə özü, nə də bacısı dəyərli bir şey tapa bilməyəcəklər. İndi ki Peppi xahiş edir, o axtarar və əlini oyuğa saldı.
– Bu nədir belə? – Tommi təəccüblə qışqırdı və oyuqdan meşin üzlü, yaraşıqlı cib dəftərçəsi və balaca gümüşü karandaş çıxartdı. – Möcüzədir! – Tommi öz tapdığına maraqla baxırdı.
– Gördün! İndi gördün ki, dünyada dilektor olmaqdan yaxşı iş yoxdur. Annika, indi də sən o kötüyün altını eşələ. Adətən, qoca kötüklərin altından əla şeylər tapmaq olur.
Peppinin məsləhətinə əməl edən Annika kötüyün altından qırmızı mərcan boyunbağı tapdı. Təəccübdən ağızları açıla qalmış bacı-qardaş qərara gəldilər