Uzuncorab Peppi. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Uzuncorab Peppi - Астрид Линдгрен страница 6
Beləliklə, Peppi, Tommi və Annika ən yaxşı yerlərdə – birinci sırada, məxmər kreslolarda əyləşdilər. Tommi və Annika yerlərində fırfıra kimi fırlanır, onlardan xeyli aralı, arxa cərgələrdə oturmuş məktəb yoldaşlarını salamlayırdılar.
– Nə qəribə alaçıqdır… – Peppi təəccüblə sirki nəzərdən keçirirdi.
Eyvanda oturan çalğıçılar birdən gurultu ilə marş çaldılar. Peppi bərk-bərk əl çaldı, yerində bir neçə dəfə hoppanıb-düşdü və soruşdu:
– Musiqi havayıdır, ya ona da pul vermək lazımdır?
Elə bu vaxt pərdə arxasından sirkin direktoru çıxdı. Əynində qara frak, əlində uzun qamçı vardı. Ardınca başları qırmızı quş lələkləri ilə bəzənmiş iki ağ at çapaçapa meydana girdi. Direktor qamçını şappıldatdı və atlar qabaq ayaqları ilə baryerin üstə qalxdılar. Atlardan biri Peppigilin lap qabağında durmuşdu. Peppi iki əli ilə atın ayağından yapışaraq dedi:
– Salam, ay at! Sənə öz atımın salamını çatdırıram! Bu gün onun ad günüdür, amma mən qızılgüllə onun başını yox, quyruğunu bəzəmişəm…
Lakin Peppi o dəqiqə atın ayağını buraxmalı oldu. Çünki direktor yenə qamçını şappıldatdı və atlar baryerdən düşüb meydançada çapdılar.
Nömrə qurtardı. Direktor hörmətlə təzim etdikdə atlar da bəzəkli başlarını əydi. Pərdə açıldı və meydançaya zil qara bir at çıxdı. Atın belində yaşıl paltarlı bir qız durmuşdu. Proqramda bu qızın adı miss Karmensita yazılmışdı. At meydançada çapır, miss Karmensita isə onun belində sakitcə durub gülümsəyirdi. Lakin at Peppinin yanından çaparaq keçdikcə birdən havada qaraltı göründü. Bu qaraltı – Peppinin özü idi. O, atın belinə sıçrayıb miss Karmensitanın arxasında durdu. Bu gözlənilməzlikdən miss Karmensita az qala yerə yıxılacaqdı. Sonra qəzəblə qollarını yelləyərək Peppini itələyib yerə salmaq istədisə də, buna nail ola bilmədi.
– Xeyr a, – Peppi qışqırdı, – indi də qoy bir az mən əylənim. Elə bilirsən bircə sən at çapmaq istəyirsən? Təkcə sən yox, hamı pul verib!
Onda miss Karmensita özü atın belindən düşmək istədi, lakin bacarmadı – Peppi iki əli ilə onu bərk-bərk tutmuşdu. Tamaşaçılar gülməkdən uğunub gedirdilər. Sirkin direktoru xidmətçilərə atı saxlamağı işarə etdi. Atın dayandığını görüb Peppi soruşdu:
– Olmaya nömrə qurtardı? Heyif, yaxşıca əylənirdik!
– Zəhləm getmiş, rədd ol mənim sirkimdən! – deyə direktor qəzəbləndi.
Peppi məzəmmətlə ona baxdı.
– Acığın niyə tutur? Mən elə bilirdim ki, hamı bura şənlənməyə gəlib? Elə deyil məgər? – Peppi soruşdu.
Peppi atdan düşüb öz yerində oturdu. Bu vaxt iki xidmətçi ona yanaşdı. Onlar qızın qollarından yapışıb yerindən qaldırmaq və sirkdən çıxartmaq istədilər. Lakin Peppi kresloda elə möhkəm oturmuşdu ki, onu yerindən qaldırmaq qeyri-mümkün idi.
Elə bu vaxt növbəti nömrə başlandı. Meydançaya çəhrayı paltar geymiş bəzəkli miss Elvira çıxdı. Elvira əlində çətir tutmuşdu. O, tarım çəkilmiş kəndirin üstü ilə xırda addımlarla irəlilədi, sonra da cürbəcür maraqlı akrobatik nömrələr göstərdi. O, yuxarıdakı meydançaya çıxdıqda Peppi artıq orada durmuşdu. Miss Elviranın təəccüblü baxışını görən Peppi qətiyyətlə dedi:
– Hə, indi də icazə ver, mən gəzim. Hamı növbə ilə gəzməlidir.
Miss Elvira cavab verməyib aşağı tullandı və direktorun boynuna sarıldı. Sonra məlum oldu ki, direktor onun atasıdır. Peppini sirkdən qovmaq üçün direktor bu dəfə beş nəfər qırmızı geyimli xidmətçi göndərdi… Lakin tamaşaçılar ayaqlarını yerə döyür, əl çalır və çığırışırdılar:
“Qoy o sarı qız çıxış etsin…”
Peppi kəndirin üstü ilə yeridi. Hamı gördü ki, bu qızın ifaçılıq qabiliyyəti miss Elviradan qat-qat üstündür. O, kəndirin ortasında ayağını elə qaldırdı ki, ayaqqabısının burnu çətir kimi başını tutdu. Sonra da yerində fırlanmağa başladı.
Lakin sirkin direktoru heç də Peppinin çıxışından razı deyildi. Onun ancaq bircə arzusu vardı – nəyin bahasına olursa-olsun Peppidən yaxa qurtarmaq. Direktor kəndiri tarımlayan mexanizmə yanaşıb lingi dartdı. Ümid edirdi ki, kəndir boşalanda Peppi yıxılacaq. Ancaq belə olmadı. Kəndir boşaldıqca Peppi də yelləncəkdə olduğu kimi yellənirdi. O, yellənə-yellənə qəfildən direktorun kürəyinə hoppandı. Bu gözlənilməzlikdən direktor qorxub fırfıra kimi yerində fırlandı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.