Üç gonbul. Юрий Олеша
Чтение книги онлайн.
Читать онлайн книгу Üç gonbul - Юрий Олеша страница 1
Birinci hissə
KƏNDİRBAZ TİBUL
I fəsil
DOKTOR QASPAR ARNERİNİN NARAHAT GÜNÜ
Sehrbazların vaxtı çoxdan ötüb-keçib. Çox güman ki, onlar, bəlkə də, heç olmayıblar. Bütün bu uydurma və nağıllar balaca uşaqlar üçündür. Sadəcə, bəzi hoqqabazlar maymaqları elə məharətlə aldadıblar ki, sonra bu hoqqabazları cadugər və sehrbaz kimi qələmə veriblər.
Bir doktor vardı. Adı Qaspar Arneri idi. Sadəlövh adam, yarmarka əyyaşı, yarımçıq oxumuş tələbə də onu sehrbaz kimi qəbul edə bilərdi. Doğrudan da, bu doktor əsl möcüzəyə oxşayan heyrətamiz şeylər edirdi. Əlbəttə, onun sadəlövh camaatı aldadan sehrbaz və hiyləbazlara heç bir aidiyyəti yox idi.
Doktor Qaspar Arneri alim idi. Ola bilsin, o, yüzəcən elm öyrənmişdi. Hər halda, bu məmləkətdə Qaspar Arneri kimi müdrik insan və alim yox idi.
Onun alimliyinə hamı – dəyirmançı da, əsgər də, xanımlar da, nazirlər də bələd idi. Şagirdlər onun haqqında belə nəqəratla bütöv bir mahnı oxuyurdular:
Yerdən ulduzlara biz necə uçaq,
Tülkü quyruğundan bəs necə tutaq,
Bəs biz daşdan necə çıxaraq buxar, –
Bunu bacarar yalnız doktor Qaspar.
Bir dəfə yay vaxtı, iyun ayında, olduqca xoş bir havada doktor Qaspar Arneri müxtəlif növ ot və böcək toplamaq üçün gəzintiyə çıxmağı qərara aldı.
Doktor Qaspar cavan deyildi və ona görə də yağışdan və küləkdən çəkinirdi. Evdən çıxanda boynuna qalın şərf dolayar, gözlərinə toz dolmasın deyə eynək taxar, əlinə ağac alardı ki, ayağı büdrəməsin və ümumiyyətlə, gəzintiyə böyük ehtiyatla çıxardı.
Bu gün hava çox gözəl idi: günəş öz şəfəqini ətrafa yayırdı, otlar elə yamyaşıl idi ki, adam ağzında sanki onların şirin tamını hiss edirdi, zəncirotular havada uçuşur, quşlar civildəşirdilər. Yüngül ziyafət paltarısayağı xəfif meh əsirdi.
– Çox gözəl havadır, – doktor dedi, – ancaq ehtiyat üçün plaş götürmək lazımdır, çünki yay havası aldadıcı olur. Yağış da yağa bilər.
Doktor təsərrüfatını yerbəyer elədi, eynəyini üfürdü, yaşıl dərili, çamadana oxşayan yeşiyini götürüb yola düşdü.
Ən maraqlı yerlər şəhərdən kənarda, Üç Gonbulun sarayı olan ərazidə idi. Doktor bu yerlərə tez-tez gələrdi. Saray böyük bir parkın ortasında yerləşirdi. Park isə dərin kanallarla əhatə olunmuşdu. Kanalların üzərindən qara dəmir körpülər salınmışdı. Körpüləri qara müşəmbə şlyapalarına sarı lələklər taxılmış saray keşikçiləri mühafizə edirdilər. Parkın ətrafı üfüqədək gül-çiçək səpələnmiş valehedici çəmənliklə, balaca meşəlik və nohurlarla əhatə olunmuşdu. Bura gəzinti üçün çox gözəl yer idi. Burada ən maraqlı növ otlar bitirdi, ən gözəl böcəklər səs salır, quşlar məharətlə oxuyurdular.
“Amma piyada getsəm, uzaq olar. Şəhər səddinə kimi gedib orda fayton tutaram. O da məni saray parkınacan aparar”, – deyə doktor fikirləşdi.
Şəhər səddi yanında camaat həmişəkindən çox idi.
“Məgər bu gün istirahət günüdür? – deyə doktor şübhələndi. – Düşünmürəm, bu gün çərşənbə axşamıdır”.
Doktor yaxına gəldi. Meydan camaatla dolu idi.
Doktor yaşıl köbəli boz mahud gödəkcə geymiş sənətkarları, sifəti gil rəngində olan dənizçiləri, yubkaları çəhrayı kollara bənzəyən arvadları ilə gəlmiş rəngbərəng jiletli varlı şəhərliləri, qrafinli, tabaqlı, dondurma qablı və manqallı tacirləri, sanki paltarları yaşıl, sarı və ala-bəzək qurama yorğana bənzəyən arıq meydan aktyorlarını, kürən, şən itlərin quyruğundan dartan balaca uşaqları gördü.
Hamı şəhər darvazasının qabağına toplanmışdı. Nəhəng, hündür bina boyda dəmir darvaza bərk-bərk bağlanmışdı.
“Darvaza niyə bağlıdır?” – doktor heyrətləndi.
İzdiham səs-küy salmışdı; hamı ucadan danışır, qışqırır, söyürdü, lakin heç nə anlamaq olmurdu.
Doktor qucağında bozumtul kök pişik tutmuş cavan bir qadına yanaşıb soruşdu:
– Bağışlayın, deyin görüm, burda nə baş verir? Camaat niyə belə çoxdur, onların həyəcanına səbəb nədir, şəhərin darvazası niyə bağlıdır?
– Qvardiyaçılar camaatı şəhərdən buraxmırlar…
– Axı niyə buraxmırlar?
– Ona görə ki onlar şəhərdən çıxıb Üç Gonbul sarayına yollananlara kömək eləməsinlər…
– Vətəndaş, mən heç nə anlamıram, bağışlayın…
– Ah, siz doğrudanmı bilmirsiniz ki, bu gün silahqayıran Prospero və gimnast Tibul xalqı arxalarınca aparırlar ki, hücumla Üç Gonbul sarayını tutsunlar?
– Silahqayıran Prospero?
– Bəli, vətəndaş… Sədd hündürdü və onun o tayında qvardiya atıcıları durublar. Heç kim şəhərdən çıxmayacaq, silahqayıran Prosperonun arxasınca gedənləri isə saray qvardiyaçıları vuracaqlar.
Doğrudan da, uzaqda bir neçə atəş səsi eşidildi.
Qadın pişiyi qucağından yerə saldı. Pişik çiy xəmir kimi şappıltı ilə yerə dəydi. İzdiham nərildədi.
“Deməli, belə əhəmiyyətli hadisəni əldən verdim, – doktor fikirləşdi. – Düzdür, bir aydır otaqdan bayıra çıxmıram. Bağlı qapı arxasında işləmişəm. Heç nədən xəbərim yoxdur…”
Bu vaxt top bir neçə dəfə daha uzağı vurdu. Gurultu top kimi atıldı və külək boyu diyirləndi. Qorxan təkcə tələsik bir neçə addım geriyə atılan doktor olmadı, bütün izdiham guruldadı və ətrafa səpələndi. Uşaqlar ağlaşdılar, göyərçinlər qanadlarını şappıldadaraq uçub getdilər, itlər yerdə şöngüyüb ulamağa başladılar.
Güclü top atəşi başlandı. Son dərəcə şiddətli səs-küy qalxdı. İzdiham darvazanı itələyərək qışqırmağa başladı:
– Prospero! Prospero!
– Rədd olsun Üç Gonbul!
Doktor Qaspar tamam özünü itirdi. İzdihamda onu tanıdılar; çünki çox adam onu üzdən tanıyırdı. Bəziləri sanki ondan kömək diləyirmiş kimi ona carı atıldılar. Lakin doktor az qala ağlayacaqdı.
“Orada nə edirlər? Necə bilək ki, darvazanın o tayında nə baş verir? Bəlkə, xalq qələbə çalıb, bəlkə də, artıq hamısını güllələyiblər!”
Belə olanda ona qədər adam meydandan başlanan üç dar küçəyə tərəf qaçdı. Küçənin tinində köhnə qülləli hündür ev vardı. Doktor qalan adamlarla qülləyə qalxmağı qərara aldı. Aşağıda hamama bənzəyən camaşırxana vardı. Ora zirzəmi kimi qaranlıq idi. Yuxarıya dolama pilləkən qalxırdı. Ensiz pəncərələrdən işıq düşürdü, lakin çox zəif idi, ona görə də hamı yavaş-yavaş, böyük çətinliklə yuxarı qalxırdı, həm də ki sınıq sürahili pilləkən dağılmışdı.