Robin Hud. Народное творчество
Чтение книги онлайн.
Читать онлайн книгу Robin Hud - Народное творчество страница 3
Rahib Tuk çay kənarında bir az dincəldi, özüylə götürdüyü çörəyi yedi, sonra Şervud meşəsinə üz tutdu. Meşə onun ürəyincə idi və rahib hər hansı təhlükəni dəf etmək üçün özündə güc hiss edirdi. Əlağacına söykənə-söykənə yeriyirdi, əlində isə böyük bir qılınc tutmuşdu. Birdən kolluqdan bir dovşan çıxdı, qaçıb özünü suya salmaq istəyirdi ki, qəfil atılan bir ox ürəyinə sancılıb onu öldürdü.
Rahib Tuk ətrafa baxdı. Bu zaman kolluqdan əynində cır-cındır olan bir quldur çıxdı. O, əlində yay tutmuş, çiynindən oxqabı asmışdı. Rahibə baxıb iki cərgə çürük dişlərini ağartdı.
– Sabahın xeyir, rahib, – gur səslə dedi. – Mən kompanxerstli abidəm. Öldürülmüş dovşan görmə-misən ki?
– Hə, buradadır. O yazığı sənin atdığın ox öldürdü. Deməli, sən kompanxerstli abidsən?
– Bəli, – çirkli adam təsdiqlədi. – Sənin qulluğundayam, rahib!
– Mən elə bilirdim ki, bütün abidləri tanıyıram. Sən demə, belə deyilmiş.
– Mən məşhur abid Alfredin qardaşı oğluyam. İndi icazə ver, dovşanı götürüm aparım.
– Mən çox istərdim ki, onun mağarasına baş çəkim. – Rahib Tuk ayağa qalxdı. – Orada bir neçə saat oturub köhnə vaxtları yada salaram. Hə, əziz abid, qabağa düş görək!
Abid dovşanı götürüb meşəylə getməyə başladı. Tuk da onun dalınca getdi. Birdən yadına nəsə düşdü, abiddən xəbər aldı:
– Mən bilən, Alfredin qohumu yoxdur axı?
– O… mənim əsl dayım deyildi, – abid kəkələdi. – Mən onu hörmətlə belə çağırırdım.
– Sən dovşanı bu gün yeyəcəksən? – Tuk yenə soruşdu.
– Hə, bu gün yeyəcəyəm.
– Bəs xəbərin yoxdur ki, bu gün cümə günüdür, bu müqəddəs gündə ət yemək olmaz?
Abid yenə tutuldu:
– Onda… mən dovşanı sabah yeyərəm.
Əvvəlcə balıq tutdular, bir az da ov edəndən sonra, nəhayət, gəlib abidin yaşadığı mağaraya çatdılar. Rahib Tuk onun yalançı olduğunu başa düşmüşdü. Artıq hirslənməyə başlamışdı. Axşam yeməyinə quru pendir, bərkimiş çörək, bir də iylənmiş su görəndə lap özündən çıxdı.
– Bugünkü ovun əvəzində bu çox az işdir, – dedi.
– Balığı təmizləmək vaxt aparacaq. Əgər pul ödəsən, sənə yaxşı yemək bişirərəm.
– Sən mənim bu gün əldə etdiyim ov üçün məndən pul istəyirsən? Yoxsa deyəcəksən ki, qalmaq pulunu da verim?
– Əlbəttə. Görmürsən ki, mən yoxsul adamam?
– Meşədən istifadə edən adam yoxsul ola bilməz. Cəld ol! – Rahib amiranə tərzdə dedi. – Mənə iki balıq bişir!
Abid susub yemək hazırlamağa girişdi, rahib Tuk isə mağaranın içərisini gözdən keçirməyə başladı. Bura qaranlıq və çirkli yer idi. İçəridə arıq bir it quduzcasına hürür, sanki rahibin üstünə atılmaq istəyirdi.
– Sakit ol, köpək, – Tuk dedi. – Mənim sənin qoruduqlarınla işim yoxdur.
Sonra bayıra çıxdı, çaya tərəf gedib sahilə bağlanmış qayıq gördü. Bir müddət sonra yemək hazır oldu. Rahib Tuk acgözlüklə şam elədi. Azacıq itə də atdı. Sonra qərara gəldi ki, mağara sakinlərinin səs-küyündən uzaq olmaq üçün bayırda yatsın. Mağaradan bir xeyli aralandı, kolların içində yerini rahatlayıb uzandı.
Təzəcə mürgüləməyə başlamışdı ki, at ayaqlarının səsini və it hürüşü eşitdi. Başını qaldırıb talada iki nəfər, yanlarında da yüklü bir qatır gördü. Özünü abid adlandıran adam mağaradan çıxıb tez onları qarşılamağa getdi. Rahibin yatdığı yeri onlara göstərdi; kişilər astadan danışmağa başladılar. Qatırı açıb içi qızıl-gümüş dolu kisələri bellərində mağaraya apardılar. Haradansa böyük sərvət ələ keçirmişdilər.
Rahib Tuk başa düşdü ki, oğruların arasındadır. O, haqq yoluyla gedən adam olduğu üçün belə şeylərə dözə bilməzdi. Buna görə də çox düşünmədən özünü quldurların dalınca mağaraya saldı. Oğrular qonaqlıq düzəltmişdilər, yeyib-içirdilər. Rahibi görəndə özlərini itirdilər.
– Yaşasın kral Riçard! – deyə Tuk təntənəylə bildirdi. – Allah onu hifz eləsin!
– Rədd olsun kral Riçard! – quldurlar dedilər. – Riçardın İngiltərəyə heç bir faydası yoxdur. O, ölkə ilə maraqlanmır, heç nədən ötrü vuruşduğunu da bilmir. Biz şahzadə Conun tərəfdarlarıyıq.
– Haqlısınız, – Tuk dedi, – çünki o da sizin kimi quldurdur. Xalqın varını çapıb-talayır, ona zülm edir. Yəqin ki, oğurladığınız qızıl-gümüşü aparıb ona verəcəksiniz, o da sizi yaxşıca mükafatlandıracaq. Yaramaz oğrular!
Quldurlar qılınclarını çıxarıb onun üstünə atıldılar. Rahib Tuk ağırtərpənən olsa da, güclü adam idi, buna görə də bir andaca qılıncını çəkib quldurların hamısını məğlub elədi. Qılınclarını vurub əllərindən saldı. Onlar qorxudan meşəyə qaçıb getdilər. Tuk mağaraya baxıb çoxlu daş-qaş, qızıl-gümüş gördü. Öz-özünə dedi:
– Robin Fitzut varlıların sərvətini əllərindən alıb kasıblara paylayır. Mən də belə edəcəyəm. Bu, doğrudan da, xeyirxah işdir.
Sonra mağaranı səliqəyə saldı. Qərara gəldi ki, elə buradaca yaşasın. Sahildəki qayıqla çaydan adam keçirib çörəkpulu qazansa bəs edər. Beləcə yeni həyata başladı. Təzə həyat ona həm maraqlı, həm də uğurlu gəlirdi.
Yeni məskəndə
Robin Hudun Marianna və dostları ilə birlikdə Şervud meşəsində keçirdiyi ilk gecə narahatlıq və qayğılarla dolu idi. Marianna kiçik bir mağarada yatdı, mağaranın ağzına gözətçi qoydular.
Səhər hamı təpənin ətəyindən
2
3