Robin Hud. Народное творчество
Чтение книги онлайн.
Читать онлайн книгу Robin Hud - Народное творчество страница 4
– Sən heç Şervud meşəsində gizlədilmiş uğur buynuzu haqqında eşitmisən?
– Məncə, bu əfsanəni hamı eşidib, – Robin Hud dedi. – Mən inanıram ki, bu, uydurma deyil. Onda az da olsa həqiqət payı var. Amma bilmirəm o harada gizlədilib.
– Mən bilirəm, – dəstəyə qoşulmuş meşəbəyi Martin Maç dilləndi. – Sizi oraya apara bilərəm, ancaq xəbərdar edim ki, onu əldə etmək çətindir, çünki buynuz səylə qorunur.
– Mən bu buynuzu gətirmək istəyirəm, – Robin Hud cavab verdi. – O, adamları yığmaqda, dara düşəndə mənə gərək olacaq. Sən məni oraya apara bilərsən, Martin?
– Apara bilərəm, – Martin sevincək oldu. Meşədəki həyat darıxdırıcı olmuşdu, balıq tutmaqdan və ov etməkdən başqa iş yox idi. Buna görə də yeni macəra hamı üçün maraqlı olmalıydı.
Hava qaralan kimi Robinin başçılığı ilə kiçik bir dəstə buynuzun axtarışına yollandı. Xeyli getdilər, lazım olan yerə çatanda meşəbəyi tapşırdı ki, addımlarını yavaşıtsınlar.
Birdən ağacların arasından nərilti eşidildi. Qaçaqlar cəld qılınclarını çıxartdılar. Səs ağacların arasında əks-səda verib kəsildi. Martin işarə etdi ki, ehtiyatla yollarına davam etsinlər. Yolçular gəlib bir mağaranın ağzına çatdılar.
Bu dəfə nərilti yenidən, həm də arxa tərəfdən eşidildi; qaçaqlar başa düşdülər ki, tələyə düşüblər: böyük bir heyvan mağaranın girişini tutmuşdu. Dəstədəkilərdən heç kəs ömründə belə böyük it görməmişdi.
Bu vaxt yuxarıdan bir səs eşidildi:
– Tut onları, Beyn. Bizə lazım deyil kiçik Conun adamları buraya gəlsinlər. Onlar sehrli buynuzun dalınca gəliblər, amma onu əldə edə bilməyəcəklər.
Yuxarıdan düşən zəif bir işıq Robini başını qaldırmağa məcbur elədi. Mağaranın üstündəki deşikdən əlində məşəl tutmuş saqqallı bir adam baxırdı.
– Tut onları! Nə gözləyirsən? – o, itə qışqırdı.
İt qəfildən qaçaqların üstünə cumdu. Dəstənin üzvləri hündür bir qaya çıxıntısına dırmaşdılar.
– İti öldürməyin, bu, sahibi qəzəbləndirəcək. Mən çalışaram onu sakitləşdirim, – Robin Hud dedi. Sonra mağaranın ağzına gəlib itin yalından tutdu. Bir neçə dəqiqə tutaşandan sonra heyvanın qulağına xoş sözlər pıçıldayıb başını tumarlamağa başladı. İt ovsunlanmış kimi sakitcə mağaranın bir küncünə çəkildi. Amma içəridən yenə səs gəldi:
– Mən kiçik Conun tərəfdarına itimlə dostlaşmağa icazə vermirəm.
– Mən Conun tərəfdarı deyiləm, – Robin dedi, – ona görə də sakit ol, dostum. Məncə, biz ikimiz də kral Riçardın tərəfdarıyıq. Allah onu hifz eləsin!
Saqqallı adam məşəli qaldırıb Robin Hudun üzünə baxdı.
– Mən sizi tanıyıram. Siz Hantiqton qrafısınız! Gecənin bu vaxtı bu mağarada nə işiniz var?
– Mən əvvəl qraf idim. Toyumda mübahisə düşdü, bu da mənim həyatımı həmişəlik dəyişdi. İndi arvadım və dostlarımla Şervud meşəsində yaşayıram. Fikirləşdim ki, uğur buynuzunun sahibi yoxdur, onu götürməyə gəldim.
– Gəlin belə bir şərt kəsək, – adam dedi, – əgər silahsız tutaşmada siz mənə qalib gəlsəniz, buynuz sizindir.
Amansız mübarizə başladı. Robin Huda bir neçə dəfə elə gəldi ki, daha uduzub. Döyüş uzandı. Tutaşanların paltarları cırıldı, özləri qan-tərə batdılar. Ancaq rəqibinin gücdən düşdüyünü hiss edən Robin onu yerə yıxıb dizini sinəsinə qoydu və saqqalından tutub o qədər dartdı ki, kişi yalvarmağa başladı. Robin ayağa qalxdı.
– Siz qalib gəldiniz, Robin. Buynuz sizindir, – kişi tövşüyə-tövşüyə dedi. Sonra əlində məşəl onu mağaranın içinə aparıb buynuzu göstərdi. Robin Hud məşhur buynuzu əlinə götürdü, təmiz və aydın səslə çaldı. Sonra buynuzu kəmərinə keçirib dostlarına göstərmək üçün mağaradan çıxdı. İt də onun dalınca düşdü. Robin üzünü buynuzun keşikçisinə tutub dedi:
– Yaxşı olar ki, siz də bizə qoşulasınız, dostum. Burada tənha qalmağınızın mənası yoxdur. Mənə yaxşı döyüşçülər lazımdır. Bir də siz hər gün buynuzun səsini eşidəcəksiniz.
– Məmnuniyyətlə, – keşikçi dedi. – Mən ser Robinlə dünyanın o başına da gedərəm. Beyn, sən də mənimlə gedirsən, eləmi?
İt ucadan hürdü və sahibinin yanında oturdu.
Birlikdə düşərgəyə qayıtdılar.
Səhəri gün buynuzun əldə olunması münasibətilə qonaqlıq təşkil olundu. Robin Hud belə bir nitq söylədi:
– Əzizlərim, mən sizə inanır və etibar edirəm. Sizin aranızda Uill Skarlet kimi, Meşə Pəhləvanı kimi cəsurlar var. Dostluğumuz günü-gündən möhkəmlənəcək. Amma bizim həyatımız təhlükələrlə dolu olacaq. Biz yoxsullara, əzilənlərə kömək edəcəyik. Varlıların sərvətini talayıb kasıblara verəcəyik. Burada pis heç nə yoxdur. Biz kral Riçardın tərəfindəyik, şahzadə Conun əleyhinəyik. Nottinhem şerifi də, Qay Qisborn da bizim düşmənlərimizdir. Hansı birimiz onların əlinə keçsə, asılacaq. Buna görə də biz meşəni tək yox, böyük və kiçik dəstələrlə dolaşacağıq. Hamımız ayıq-sayıq olmalıyıq. Mən dara düşəndə, çətin bir iş həll edəndə sizi bu buynuzla köməyə çağıracağam.
Bunu deyib buynuza üfürdü, uzun və aydın səs eşidildi. Sonra dedi:
– İndi də gəlin içək işlərimizin uğurlu olması üçün.
Qədəhlər qalxdı, hər yandan "Ura" səsləri eşidildi.
Robin Hud şerifin dərsini verir
Meşəbəyi əzab-əziyyətlə kəsdiyi tirləri həyətinə təzəcə gətirmişdi. Nottinhem şerifi cəld onun başının üstünü aldı. Tirlərə baxıb:
– Əla ağaclardır, – dedi. – Şahzadə Con razı qalacaq. Ancaq siz Londonda verilən məbləği almayacaqsınız, çünki vergi ödəməlisiniz. Düz iki yüz giney4 verməlisiniz.
Meşəbəyi və arvadı heyrətdən donub-qaldılar. Şerif sözünə davam etdi:
– Vergini
4