İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.
Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 2
Mask məni axşam yeməyinə müxtəlif mövzularda danışmaq üçün dəvət etmişdi. 18 ay öncə onun haqda kitab yazmaq istədiyimi deyəndə mənimlə bu məsələdə əməkdaşlıq etməyəcəyini söyləmişdi. Rədd etməsi mənə toxunsa da, qəzetçi inadım qamçılanmışdı. Qoy elə olsun dedim, bu kitabı onun yardımı olmadan da yazaram. Əvvəllər Maskın şirkətlərində çalışmış bir çoxları ilə münasibətim vardı. Onun bəzi dostlarını isə zatən tanıyırdım. Aylar bir-birini əvəzlərkən 200-ə yaxın insanla görüşüb məlumatlar topladım. O arada Mask mənimlə yenidən əlaqə yaratdı. Evimə telefon açaraq iki alternativdən birini seçəcəyini söylədi – ya həyatımı zəhərə çevirəcək, ya da layihəmdə mənə yardım edəcəkdi. Kitabı çapa getməzdən əvvəl oxuyacaq və qeydlər edəcəkdi. Əgər mən o qeydləri qəbul etsəm, əməkdaşlığa razılaşacaqdı. Yazdığım mətnə qarışmayacaq, səhv olduğuna inandığı xüsusları düzəltməyimi tələb edəcəkdi. Bunun səbəbini anlayırdım – Mask həyat hekayəsini şəxsi nəzarətinə götürmək istəyirdi. Ruhən o, alimdi və faktları təhrif etmək onu özündən çıxarırdı. Kitabın çapından sonra üzə çıxan hər hansı bir yanlışlıq onu sonsuza qədər incidərdi. Məntiqini anlayırdım. Lakin kitabı çapdan öncə oxumasına peşə etikası baxımından izin verə bilməzdim. Maskın öz həqiqətləri vardı, ancaq onlar heç də hər zaman başqalarının həqiqətləri ilə üst-üstə düşmürdü. Ən sadə suallara belə lüzumsuz, uzun cavablar verməyə meyilli idi. Onun otuz səhifəlik qeydlərinə ehtiyacım yoxdu. Buna baxmayaraq axşam yeməyində görüşüb bütün bunları müzakirə etməyə qərar verdik.
Görüşümüz PR-çıları müzakirə etməkdən başladı. Mask ictimaiyyətlə əlaqələr şöbəsində işləyənləri tez-tez dəyişməkdə ad çıxartmışdı və Tesla üçün yeni PR müdiri axtarırdı. Özünəxas bir əda ilə “Dünyadakı ən yaxşı PR müdiri kimdir?” deyə sordu. Daha sonra söhbət ikimizin də tanıdığımız Hovard Hyuz (Howard Hughes)[2] və Tesla zavodundan düşdü. Mask sifarişləri qəbul etməyə gələn ofisiantdan saxladığı pəhrizə uyğun azkalorili karbohidratlı yeməkləri soruşdu. Siyah kalmarla hazırlanmış lobster sifariş verdi. Söhbətimiz hələ başlamamışdı, Mask yeməyini yeyirdi. Gecələri onu yatmağa qoymayan böyük qorxusunu danışmağa başladı: Google şirkətinin qurucusu Larri Peycin (Larry Page) süni intellekt sahəsindəki çalışmalarından ehtiyat edir, robotların insan irqini məhv edəcəklərini deyirdi.
“Həqiqətən də, əndişəliyəm’’ dedi. Peyc yaxın dostu idi, onun xoşniyyət insan olduğunu deyirdi. Amma bu, Maskı rahatlatmağa yetərli deyildi. Robotlar insan həyatını asanlaşdıracaq deyə Peyc nikbindi. Mask: “Mən isə nikbin deyiləm. Peyc istəmədən şeytani bir şey yarada bilər’’ – dedi. Yemək gələn kimi boşqabındakıları tez yeyib bitirdi. Yemək demək doğru olmazdı, elə dişlədi ki, yemək bir andaca ortadan qeybə çəkildi. Maskı mutlu edib danışdırmaq üçün boşqabımdan böyük bir parça bifşteksi ona verdim. Planım işə yaradı, amma sadəcə doxsan saniyəliyə. Böyük ət parçasını da bir anda aşırtdı.
Maskı bədbin olduğu süni zəka mövzusundan öz məsələmizə gətirmək bir az zaman aldı. Kitab haqda danışmağa başladıq. Məndən onun haqda yazmaq istəyimin səbəblərini və niyyətimi öyrənməyə çalışırdı. Bir qədər gözləyib söhbətə nəzarəti əlimə aldım. Bədənimdə toplanan adrenalin cin-toniklə qarışdı və mən kitabı yazmaq səbəblərim haqda düz 45 dəqiqəlik bir monoloq söylədim. Maskdan çox şərt qoymadan izin verməsini gözləyirdim. Onun qeydləri və məni sürəkli nəzarətdə saxlamaq istəyi jurnalist kimi etibarıma kölgə salacaqdı. Nə qədər təəccüblü də olsa, Mask sözümü kəsib “Tamam” dedi. Demək ki, Mask öz fikrini müdafiə edən, əzmli və inadkar insanları sevir. Əvvəllər onlarla qəzetçi Mask haqda kitab yazmaq üçün ona müraciət etmiş, “Yox” cavabı alınca da itaət edərək taleləri ilə barışmışdılar. Fəqət Maskın rədd etdiyi insanlar içində tək mən inadla israrlarıma davam etmiş və bu da, görünür, onun xoşuna gəlmişdi.
Axşam yeməyi Maskın azkalorili karbohidrat pəhrizini pozması ilə bitdi. Ofisiantlardan biri halva deserti gətirdi və Mask əlləri ilə onu yeməyə girişdi. Artıq anlaşmışdıq: Mask mənə şirkətlərindəki müdirləri, dostları və ailə üzvləri ilə əlaqə qurmağa icazə verdi. Kitabı yazdığım müddətdə ayda bir dəfə axşam yeməyində mənimlə görüşəcəkdi. Mask ilk dəfə idi bir jurnalistə həyatına girməyə izin verirdi. İki saat yarım sürən yemək bitmək üzrə idi. Mask əllərini masanın üstünə qoyub qalxmaq istəyirdi ki, birdən dayandı, gözlərimin içinə baxaraq o inanılmaz sualı verdi: “Sizcə, mən dəliyəmmi?’’ O anda çaşıb-qaldım, bu sualın tapmaca olub-olmadığını düşünürdüm, odur ki, ağzımı açıb danışa bilmədim. Bu sualın mənim üçün deyil, Maskın özü üçün olduğunu sonralar anlayacaqdım. Əslində, cavabımın önəmi də yoxdu. Mask yenə duruxdu, yüksək səslə mənim güvəniləcək adam olub-olmadığımı sordu. Qərar vermək üçün gözlərimin içinə baxırdı. Bir-birimizin əlini sıxdıq və o, qırmızı rəngli Tesla Model S avtomobilinə minib uzaqlaşdı.
İlonun dünyası ilə tanışlığa Kaliforniyada, Hotornda (Hawthorne), Los-Anceles beynəlxalq hava limanından bir neçə mil məsafədəki SpaceX mərkəzindən başlamaq lazımdır. Maskın iş otağına gedən yolda ziyarətçilər yan-yana asılmış iki nəhəng Mars fotosu ilə qarşılaşırlar. Soldakı fotoda Mars bu gün olduğu kimi verilib – soyuq, səhra və qızılı rəngdə, sağdakında isə Mars artıq okeanlarla əhatə olunub və yaşıllıqlar içindədir. Planetin temperaturu artırılıb və insan həyatına uyğunlaşdırılmış hala gətirilib. Maskın məqsədi də buna nail olmaqdır. Marsda insan oğlu üçün kosmik koloniyalar qurmaq İlon Maskın həyatının mənasıdır. O bu haqda belə deyir: “İnsanlığın parlaq bir gələcəyə sahib olduğunu düşünərək ölmək istərdim. Əgər bərpa olunan enerji (Günəş, külək, dalğa, su və b. mənbələrdən alınan enerji – İ.N.) problemini çözsək və başqa bir planetdə mədəniyyət qurub bir yox, bir neçə planetdə yaşamaq bacarığına nail olsaq, bu, həqiqətən də, çox yaxşı olar’’.
Maskın söylədiyi, ya da gördüyü işlər bəzilərinə ağlasığmaz gəlirsə, bunun səbəbi elə onların ağlasığmaz olmasındadır. İmkansız şeylərlə məşğul olması Maskı Silikon Vadisinin[3] kumirinə çevirib. Peyc kimi həmkarları onun haqqında hörmət və bir az da ehtiyatla danışırlar. Biznes həyatına yeni atılanlar artıq “İlon kimi olmaq’’ istəyirlər. Əvvəllər hamı Stiv Cobsa (Steven Paul Jobs, 1955–2011, “Apple Computer, Inc.” şirkətinin qurucusu və ortaqlarından biri – İ.N.) bənzəməyə can atırdı. Amma Silikon Vadisi fərqli bir dünyadır. Onun xaricində Maskı təzadlı biri kimi görürlər. Onu elektromobilləri, günəş batareyaları və raketləri olan, boş ümidlər satan bir adam kimi qəbul edirlər. Stiv Cobsu unudun. Mask insanların qorxuları üzərində ağlasığmaz sərvət qazanmış P.T.Barnumun (19-cu əsrdə yaşamış amerikalı iş adamı, “Ringling Bros. and Barnum & Bailey” sirkinin qurucusu – İ.N.) elmi-fantastik versiyasıdır. Bir Tesla avtomobili satın
2
3