Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.
Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 5
Avropa qıpçaqları isə laqeyd xalqdır, səbəbi də inkvizisiyadır. Roma və Bizans kilsələri əsrlərlə Avropa çöllərində yaşayan insanları özlərinə, öz tarixlərinə laqeyd ruhda tərbiyə edib[6]. Buradan da tənbəllik, laqeyd münasibət yaranıb. Bir sözlə, sındırılmış, lakin həlak olmamış xalq.
Onlar Altayın indiyədək Azərbaycan muğamlarında duyula biləcək ağı-mahnılarını kaş eşitsəydilər! Bax budur Qıpçaqların Böyük Qardaşlığı, onu yalnız musiqi ifadə edə bilər. Sözsüz musiqi türk üçün olduqca quru və cansızdır.
Qırğız qıpçaqları da zahirən sakitdirlər, amma bu, məxsusi sakitlikdir. Nədir, olmaya bu insanları sakitləşdirən dağlardır? Bəlkə, burada türkləri soyuqqanlı edən çinlilərin arxayınlığıdır? Qırğızın sakitliyi onun xasiyyətindədir, onun davranışındadır: o özünü dağın vadisində heç vaxt “narahat” hiss etməyib!..
Qırğızlar qıpçaqların qədim müdrikliklərini qoruyub-saxlayıblar. Altaylılar da… Xakaslar da… Bizim babalarımız dağları ilahiləşdirirdilər. Dağlarda, onların əbədi sakitliyində ta qədimdən dünyanın yaranışının sirrini axtarırdılar, çünki Altay türklərin qədim Vətənidir[7]. Ona görə də dünyanı tərk edən qıpçaqların ruhu ancaq dağlara can atır.
Məhz buna görə türklər ölənlərin üzərində torpaqdan təpə (kurqan) düzəldir, məbədlər tikir, qəhrəmanlar üçün son mənzili ən yüksək dağlarda axtarırdılar. İnsanlar qədimdən öz ənənələrinə əməl edirdilər, təəssüf ki, indi bunların bir çoxu yaddan çıxıb.
Böyük Çölün genişliyinin nə demək olduğunu bilməyən xakaslar, altaylılar, buryatlar qədim türk dünyasının sirr və qalıqlarının daimi qoruyucularına çevrildilər. Əlbəttə, onların tarixi yaddaşı zəiflədi, çox şey unuduldu, lakin onlar hər gün əcdadlarının ayaqlarının istisini qoruyan torpağın üzərində gəzir, həmin dağları və eyni ilahi gözəlliyə malik səmanı müşahidə edirlər.
Əlbəttə, Altayda hər dağ silsiləsi nəzərə çarpmırdı. Biz heç vaxt bilməyəcəyik ki, dağ necə müqəddəs bir məkana çevrilirdi, bunu dərk etmək hər kəsə müyəssər də olmur. Lakin hər bir türk babalarının sitayiş etdiyi yüksəklikləri tanımağa məcburdu; bu, Kaylasdır, Xan Tenqridir, Üç Sümərdir, Borusdur…
Bəli, bizim Vətənimiz – Çöldür, lakin beşiyimiz – Altaydır.
İki min il yarım bundan əvvəl burada türklər Əbədi Göy Rəngdə olan səmanı görmüş və onu Tenqri adlandırmışdılar… Biz də həyatımızda, heç olmasa, bir dəfə Altayda olmalı, onun sərin bulaqlarından su içməli, buradakı göyə baxmalıyıq – dünyanın ən təmiz səmasına. Bunu özümüzün dəyişməyimiz üçün etməliyik.
60-cı illərdə Altayda, Ulalinka çayının kənarında akademik A.P.Okladnikov Rusiya ərazisində ən qədim insan məskəni tapdı. Onun iki yüz min il tarixi vardır! Məhz həmin dövrdə elə bir mədəniyyət formalaşmağa başladı ki, fin-uqor, koreya, türk və başqa xalqların yaranmasına gətirib çıxartdı.
Düzdür, Ulalinka məskəni üstündə bəzi arxeoloqlar “mübahisə” edirlər: onların iddiasına görə, daha qədim dövrdə yaşayan türklərin izinə rast gəliblər! Qoy belə olsun. Lakin Okladnikovla həmkarlarının xidməti kəşfin özündə deyil; məsələ ondadır ki, bu akademik türk mədəniyyətinin formalaşmasını qədim dövrdən başlayaraq izləyən birinci alimdir. Onun tədqiqatının qiyməti də məhz bundadır, tədqiqatçı alim anı və əbədiyyəti birləşdirmişdir!
Okladnikov öz kəşfini çox çətinliklə sübuta yetirdi. Senzorlar köpəkbalığı kimi elmin hər bir kiçik kanalını belə güdürdülər! Türk mədəniyyətinin hətta adını çəkməyə icazə vermirdilər. Amma eyhamla danışmaq olardı. Beləliklə də “Altay”, “Sibir” mədəniyyətləri yarandı. Belə yalançı baxışların sayı artdı və geniş yayıldı. “Mixaylovski”, “Dyakovski” və digər mədəniyyətlər yarandı. Ancaq hamı gözəl bilir ki, xalqsız mədəniyyət olmur.
Gözəl alim, professor S.İ.Rudenko da belə bir sınaqdan keçdi. Fikrimcə, o bildiklərinin və tapıntılarının heç yarısını da söyləmədi. Buna icazə vermədilər. Lakin onun istedadı sayəsində bu gün Altay haqqında demədiklərinin bəzilərini müəyyən etmək mümkündür.
İnanıram ki, Rudenko və Okladnikovu nə vaxtsa arxeologiyanın klassikləri adlandıracaqlar[8]. Onların əsərlərindən tələbələr alim etikasının nə olduğunu öyrənəcəklər. Burada irsi türklərdə çatışmayan elm, vətəndaş mövqeyi, cəsarət var!
Rusiyada ədalətli tədqiqatçılar az olmayıb, lakin həqiqi elmdən uzaq olan akademik “generallar” həmişə onları nəzarətdə saxlayırdılar. Onlar bu “generalların” zəhlətökən diqqətindən birtəhər can qurtarıb işləyirdilər. Lakin türkoloqların vəziyyəti yüzqat ağır idi, onlara hər hansı alimi istənilən vaxt pantürkizmdə günahlandırmağa hazır olan xüsusi “beynəlmiləlçilər” nəzarət edirdilər. Bu cür ittihamların sonu isə həbsxana, sürgün, ən yaxşı halda işdən uzaqlaşdırmaq idi… “Pantürkizmin” nə demək olduğunu isə heç kəs bilmirdi. Pis “pantürkizmin” yaxşı “panslavizmdən” fərqi nədə idi? Onu da izah etmək mümkün deyil. İkisi də mənasızdı!.. Vaxtilə bu cür axmaq siyasət nəticəsində nə qədər maraqlı işlər elmdən kənara atılmışdı!
Məsələn, qazax akademiki A.X.Marqulan istədiyi əsərləri yaza bilmədi, hansı ki onlar adamı heyran edə bilərdi. Alim onlarca qədim türk şəhərinin yerini müəyyənləşdirmişdi. Bunlar meydanları, kanalları, məbədləri olan şəhərlər idi… O bu mövzunu qapatmalı oldu, çünki Moskva və Alma-Ata Böyük Çöldə türk şəhərlərini, burada yaşayan xalqın nailiyyətlərini yox, “vəhşi köçəriləri” və “əclaf tatar” ordusunu görmək istəyirdi.
Altay və Böyük Çöl çox zəif tədqiq edilib. Alimlər təsadüfi tapıntılarla kifayətlənməli olublar, baxmayaraq ki bu tapıntılar da tarixi baxımdan kifayət qədər inandırıcıdır.
Genişqəlbli, əliaçıq Altay öz incilərini tələsmədən, tədricən üzə çıxarırdı. İlk baxışdan sadə görünən mis əşyalar burada metal əridilməsinin nə vaxtdan başlandığını müəyyənləşdirməyə kömək etdi. Tunc dövrü altaylıları məşhurlaşdırmadı, çünki digərlərində olanlar onlarda da var idi. Lakin Tunc dövrü başqa bir hadisə ilə maraqlıdır: həmin vaxt xalqların ilk köçü baş verdi; bəzi tayfalar Altaydan köçdülər və sonralar Avropanın
6
494-cü il I Roma Məclisindən başlayaraq Qərb kilsəsi türklərə qarşı gizli müharibə aparmağa başladı. İdeoloji təcavüz VII əsrdə papa Böyük Qriqorinin dövründə formalaşdı və papanın proqramına daxil edildi və sonrakı üç əsr ərzində həyata keçirildi. Orta əsrlərdə, yəni inkvizisiya zamanı onda keyfiyyət dəyişikliyi baş verdi, bu vaxt türk mədəniyyəti izlərinin kütləvi surətdə məhv edılməsi başa çatdı: kitablar yandırıldı, məbədlər məhv edildi, kütləvi qırğınlar baş verdi. Rusiyada bu dövr Romanovlar sülaləsi ilə bağlıdır.
7
İndikindən fərqli olaraq babalarımız “Altay” deyəndə başqa ərazini nəzərdə tuturdular. Bu, demək olar ki, şərqdə Baykal və Baykalın arxa tərəfi, qərbdə Pamirə qədər ərazidir. Öz kitabımda mən bunu qədim Altay adlandıracağam.
8
Məhz türk arxeologiyasının! Baxmayaraq ki tapdıqlarının müəyyən hissəsini irandilli skiflərə aid edib, bu heç nəyi dəyişmir. Tədqiqatçının taktikasını başa düşmək olar. Pantürkizmlə mübarizə dövründə Altayda tədqiqatı davam etdirmək üçün alimin başqa yolu yox idi.s