Qala. Арчибалд Джозеф Кронин
Чтение книги онлайн.
Читать онлайн книгу Qala - Арчибалд Джозеф Кронин страница 13
– Deyəsən siz doktor Peycin təzə köməkçisisiniz?
– Məsələ mənim kim olmağımda deyil, – deyə Əndru soyuq cavab verdi. – Mən doğrudan da doktor Mənsonam. Sizdə İdris Houels oxuyur. Siz bilirsinizmi ki, onun qardaşı qızılca çıxarıb?
Araya sükut çökdü. Qızın gözləri təəccüblə baxırdısa da, mehriban ifadəsini itirməmişdi.
Miss Barlou dağınıq saçlarını alnından kənar edib cavab verdi:
– Bəli, bilirəm.
Qız deyəsən Mənsonun gəlişinə ciddi yanaşmaq fikrində deyildi, buna görə də Əndrunu təzədən qəzəb boğdu.
– Siz başa düşürsünüzmü ki, onu burada saxlamaq, bütün qanunlara zidd getmək deməkdir?
Mənsonun səsinin ahəngindən qız pörtdü, üzündəki mehribanlıq ifadəsi çəkildi. Mənson onun təravətli, təmiz dərisini görməyə bilməzdi. Hələ üstəlik sağ yanağının yuxarısında eynilə gözləri rəngindəki xırdaca qəhvəyi xalı da nəzərindən qaçmadı. Qız ağ koftasında çox zərif, kövrək, lap yeniyetmə təki gülməli görünürdü. O, tez-tez nəfəs alsa da, hər halda ağır-ağır, sakit səslə dedi:
– Missis Houels başını tamam itirib. Buradakı uşaqların çoxu qızılca çıxarıb. Çıxarmayanlar isə tez-gec çıxaracaqlar. Əgər İdris məktəbə gəlməsəydi ona böyük fayda verən südü də ala bilməyəcəkdi.
Mənson onun sözünü kəsdi:
– Məsələ süddə deyil. Onu başqa uşaqlardan mütləq ayırmaq lazımdır.
Qız inadla ona etiraz elədi.
– Müəyyən dərəcədə ayırmışam da. Əgər inanmırsınızsa, baxa bilərsiniz.
Mənson qızın baxdığı səmtə döndü. Beş yaşında olan İdris uşaqlardan ayrı, buxarı qarşısında, alçaq partada əyləşib həyatdan çox razı bir halda süd dolu krujkasının arxasından solğun mavi gözlərini sevinclə bərəldib baxırdı.
Bu mənzərə Əndrunu daha da hirsləndirdi. O, kinayəli, əsəbi halda güldü.
– Siz bunu başqalarından ayırmaq hesab edə bilərsiniz, mən isə təəssüf ki, yox. Siz elə bu saat uşağı evə göndərməlisiniz.
Qızın gözlərində qığılcımlar parladı.
– Sizin heç ağlınıza gəlmir ki, bu sinfin sahibi mənəm? Bəlkə siz adamlara daha geniş miqyasda ağalıq etmək haqqına maliksiniz, lakin burada təkcə mən göstəriş verə bilərəm.
Əndru özünü çəkib nifrət dolu gözlərini qıza dikdi.
– Siz qanunu pozursunuz! Sizin uşağı məktəbdə saxlamağa haqqınız yoxdur! Tərslik etsəniz, bu barədə inspektora xəbər verəcəyəm.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.