Qala. Арчибалд Джозеф Кронин
Чтение книги онлайн.
Читать онлайн книгу Qala - Арчибалд Джозеф Кронин страница 8
Ser Con Qoukins quyruğunu xalıya çırpdı və Mənsonu hirsləndirmək istəyirmiş kimi qırmızı dilini göstərdi.
Buna baxmayaraq Qlayder-pleysdən keçib evə qayıdanda yolüstü hamıya suyu qaynadıb içməyi möhkəm tapşıran Əndru hiss etdi ki, Dennidən daha əvvəlki kimi zəhləsi getmir.
IV
Əndru təbiətinə xas olan bütün coşqunluğu, cəldliyi ilə yatalaqla mübarizəyə atıldı. O, öz işini sevir, buna görə də fəaliyyətinin lap əvvəlində əlinə belə bir fürsət düşdüyünü uğurlu başlanğıc hesab edirdi. İlk həftələri lap öküz kimi, özü də həvəslə işlədi. Xəstələrə hər gün baş çəkmək, onları qəbul etmək bütünlüklə onun öhdəsinə düşürdü. Bu işi yerinə yetirdikdən sonra isə yatalaq xəstəliyinə tutulanlarla böyük maraqla məşğul olurdu.
Deyəsən, elə bu ilk mübarizədə bəxti gətirdi. Ayın axırına yaxın bütün xəstələri sağalmağa başladı. Belə düşünmək olardı ki, epidemiyanın qarşısı alınmışdır. O, amansız bir ciddiliklə həyata keçirdiyi bütün tədbirlər – suyu qaynatmaq, dezinfeksiya, xəstələrin təcrid edilməsi, hər qapıdan karbol turşusu hopdurulmuş döşəkağı asılması, missis Peycin hesabına girvənkə-girvənkə gətirtdiyi və öz əlilə Qlayderin çirkab qanovlarına səpələdiyi xlorlu əhəng haqqında fikirləşdikcə ləzzətlə, razılıq hissilə öz-özünə deyirdi: "Kömək elədi! Mən belə xoşbəxtliyə layiq deyiləm. Lakin allah şahiddir ki, bütün bunları mən eləmişəm!"
O, xəstələrinin Denninin xəstələrindən tez sağaldıqlarını görüb ürəyində onu utandıran gizli bir sevinc duyurdu.
Denni onun üçün yenə də tapmaca idi, onu əsəbiləşdirirdi. Onlar təbii ki, indi tez-tez görüşür, eyni sahələrdəki xəstələri yoluxurdular. Denninin ikilikdə gördükləri işə bütün varlığı ilə rişxənd etməkdən xoşu gəlirdi. O, özünü və Mənsonu "epidemiyanın zəhmli qənimləri" adlandırır, bu çeynənmiş ifadəni kinayəli razılıq hissilə dilə gətirirdi. Lakin onun bütün sarkazmı, rişxəndlə dediyi "doktor, unutmayın ki, biz həqiqətən gözəl bir peşənin şərəfini qoruyuruq" kimi sözləri xəstəliyin ona keçməsi barədə fikirləşmədən saatlarla xəstə ilə bir otaqda qalmasına, yataqları yanında əyləşməsinə, onlara toxunmasına əsla mane olmurdu.
Arabir üzə vurmadığı utancaq səmimilik, sadəlik əlamətlərindən ötrü Əndru hətta ona vurulmağa hazırdı, lakin sonra Denninin dediyi kəskin, acı bir söz yenə hər şeyi korlayırdı.
Bir dəfə incimiş, əhvalı pozulmuş Əndru Denni barəsində bir məlumat almaq ümidilə "həkimin ünvan-təqviminə" pənah apardı. Bu, doktor Peycin rəfində tapdığı beş il əvvəl çap edilmiş köhnə məlumat kitabı idi. Lakin burada doktor Filipp Denni haqqında çox qiyamət məlumata rast gəldi. Sən demə o, Kembric universitetini fərqlənmə diplomu ilə bitirmiş, cərrahiyyə magistri elmi dərəcəsi almış, Liboro şəhərində baş cərrah vəzifəsində işləmişdir.
Noyabrın onunda Denni gözlənilmədən telefonla ona zəng vurdu.
– Mənson, sizi görməliyəm, saat üçdə yanıma gələ bilməzsinizmi? Çox vacib işdir.
– Yaxşı, gələrəm.
Səhər yeməyi zamanı Əndru fikirli idi. Bu gün ona verilən kənd piroqunu yeyib qurtarırdı ki, Bloduenin gözlərini zilləyib işvə ilə, eyni zamanda amiranə tərzdə ona baxdığını hiss etdi.
– Sizinlə telefonda danışan kim idi? Denni idi, hə? Siz gərək elə adamlarla oturub-durmayasınız. Ondan sizə heç bir xeyir dəyməz.
Əndru soyuq nəzərlə qadının gözünün içinə baxdı:
– Əksinə, onun mənə çox xeyri dəyib.
Sözünə etiraz edilməsinə heç vaxt dözməyən Bloduen qeyzlə çımxırdı:
– Bəsdir, doktor! O, əsl dəlidir! Heç kəsə dərman yazmır. Məsələn, bütün ömrü boyu həkimlərin dərmanla müalicə etdikləri Ris Morqan onun yanına gedəndə qadına məsləhət görüb ki, hər gün iki mil piyada dağlara tərəf getsin, daha "donuz yemi olan hər cür horranı qarnına tökməsin". Bu, onun öz sözləridir. Onda qadın onun siyahısından çıxıb yanımıza gəldi, Cenkinsdən butulka-butulka qıyamət sulu dərmanlar almağa başladı. Bu Denni çox qaba, iyrənc adamdır. Hamı deyir ki, onun hardasa arvadı var, arvad onunla yaşamır. Görürsünüz necə adamdır! Bundan başqa, demək olar ki, həmişə sərxoşdur. Yaxşısı budur ki, onunla əlaqənizi kəsin, doktor. Bir də unutmayın ki, siz doktor Peyc üçün işləyirsiniz.
Artıq dəfələrlə eşitdiyi bu tapşırıq Əndrunu bərk əsəbiləşdirdi. O, missis Peyci razı salmaq üçün onsuz da əlindən gələni edirdi, lakin tələbatın hədd-hüdudu yoxdu, Missis Peycin bir-birini əvəz edən şəkk-şübhə dolu hərəkətləri və saxta şənliyində həmişə Əndrudan son imkanadək istifadə etmək, əvəzini isə mümkün qədər az vermək meyli duyulurdu. Birinci ayın maaşını artıq üç gündü ki, yubadırdı. Bu, bəlkə də qadının tərəfindən adi unutqanlıqdı. Lakin belə unutqanlıq, Mənsonu narahat edir, qəzəbləndirirdi. Odur ki, öz firavanlığını hər vasitə ilə qoruyan, Dennini tənqid eləməyə cəsarət edən bu piyli, ətli-əndamlı qadının görkəmi onu özündən çıxartdı. Əndru qeyzlə dedi:
– Missis Peyc, əgər maaşımı vaxtında alsaydım, onda doktor Peyc üçün işlədiyimi daha yaxşı xatırlayardım.
Qadın birdən-birə qızardı, Mənsona aydın oldu ki, maaş missis Peycin həmişə yaxşı yadında imiş. Qadın başını həyasızcasına dikəltdi:
– Alarsınız! Böyük şey imiş!
Yeməyin axırınadək missis Peyc qaşqabağını töküb oturdu, onu Əndru təhqir edibmiş kimi başını qaldırıb üzünə baxmadı da. Yeməkdən sonra Əndru qonaq otağına çağrılanda qadın onu tamam başqa əhvali-ruhiyyə ilə qarşıladı. O, həddən artıq nəzakətli, şən, gülümsərdi.
– Budur, bu da sizin pulunuz, doktor. Əyləşin və bir qədər xoşrəftar olun. Biz gərək dostcasına yaşayaq, yoxsa aramız dəyər.
Qadın xovlu yaşıl kresloda əyləşmişdi, dolu, ətli dizləri üstdə bir funtluq iyirmi kağız pul, bir də qara dərili pul kisəsi vardı. Pulları əlinə götürüb ağır-ağır saymağa və Mənsona verməyə başladı: "Bir, iki, üç, dörd…" Əlindəki pullar azaldıqca