Keçmişdən gələn səslər. Болеслав Прус

Чтение книги онлайн.

Читать онлайн книгу Keçmişdən gələn səslər - Болеслав Прус страница 5

Жанр:
Серия:
Издательство:
Keçmişdən gələn səslər - Болеслав Прус

Скачать книгу

hər cür tərifə layiq olan itaətlə öz qismətinə tabe oldu. Ancaq bu ona dərhal zingildəməkdə, qapını cırmaqlamaqda və sonra şəstlə gəzişən xoruzların üzərinə atılmaqda mane olmadı.

      Bu arada Anelka nədənsə kefsizləyən Yuzeki daha rahat əyləşdirdi, anasına isti dəsmal, mürəbbiyəyə isə ingilis qrammatikasını verdi, Yuzekə süd gətirməkdən ötrü və anasına kotlet sifariş etmək üçün mətbəxə yüyürdü. Yolda çiçək qırdı və və saçına taxdı. Terrasa hündür boylu və ağır çəkili, heç də ilk gəncliyində olmayan şəxslə – anbardar pani Kivalskaya ilə birlikdə qayıtdı. Onun əynində qara və qırmızı zolaqlı yun paltar vardı. Bu parad tualetinin sərbəst sinəsi onun möhtəşəm formalarını əlverişli şəkildə göstərirdi.

      Anbardar evin sahibəsinə döşəmə taxtalarını şikayətlə cırıldadan zərif reverans etdi, mürəbbiyəyə başını yellədi, o isə hətta baxışını da layiq bilmədi. Panna Valentina ona təcili ər lazım olduğu barədə mətbəxin yanından keçərkən eşitdiyi boşboğazlığını edəndən bəri anbardara nifrət edirdi.

      – A, əzizim, qayıtdınmı? Şəhərdə yeni nə var? Feldşer dişlərini müalicə etdimi?

      – Ah, yeniliklər, sizə ərz edim, çoxdur, mərhəmətli pani! Cənab keşişin təsərrüfat müdirəsinin vəziyyəti lap pisdir, ayaqları artıq şişib, – deyə anbardar nəql etdi, son kəlmələrində xaç çəkdi və yumruğunu sinəsinə vurdu.

      – Ona nə olub?

      – Bunu bilmirəm, amma, mərhəmətli pani, sizə ərz edim, ksöndz təbaşir kimi ağ rəngdə gəzir. Məni görən kimi bir söz də demədi, ancaq əlini yellədi. Ancaq bir anda onun gözlərindən nə demək istədiyini anladım: “Heç olmasa, sən, Kivalskaya, mənim yanımda işləməyə razılaşasan. Qarı, günahı gizlətməyə dəyməz, can üstədir, bu yaramazlar isə, onlara göz qoyulmasa, məni acından öldürərlər”.

      Xəstə qadın anbardarın, görünür, ölənin yerinə can atdığı fikrilə başını yellədi. Kivalskaya boşboğazlığını davam etdirdi.

      – Anelka, – mürəbbiyə anbardarın çərənçiliyindən və sahibəsinin sadəlövhlüyündən qıcıqlanaraq, belə dedi, – orta əsrlər tarixini götür və bağa gedək.

      – Tarixi?.. – qız qorxu ilə soruşdu. Amma itaətə öyrəşərək, dərhal otağına istiqamətləndi və tezliklə əlindəki kitabla və cibində sərçələr üçün peçenye ilə qayıtdı.

      – Yaxşı, gedin, gedin, – Anelkanın anası belə dedi. – Mənsə burda Kivalskaya ilə əyləşəcəyəm. Şəhərdə təsadüfən pana rast gəlmədin? O, komissarın yanına hazırlaşırdı. Joseph, mon enfant, veux-tu aller au jardin (Jozef, mənim balam, bağa getmək istəyirsənmi)?

      – Non, – deyə oğlan cavab verdi.

      Panna Valentina Anelka ilə bağa çıxdı, Kivalskaya isə daha rahat əyləşərək, öz sahibəsini yeniliklərlə əyləndirməyə davam etdi. Onun uca səsi hətta bağda da eşidilirdi, amma tezliklə mürəbbiyə və Anelkaya çatmağa son verdi.

      Böyük və qoca bağ evu üç tətəfdən nal kimi əhatəyə almışdı. Burdakı sərbəstlikdə nəhəng şabalıd ağacları yazda piramidal ağ çiçək salxımları, payızda isə tikanlı meyvələrlə örtülərək, öz ömürlərinin sonunu yaşayırdılar. Orda yarpaqları ördək pəncələrini xatırladan ağcaqayın ağacları, daraq dişləri kimi sıx oturmuş yarpaqları və şir udlağına bənzər, şirin ətrilə arıları cəlb edən çiçəkləri olan akasiyalar da böyüyürdü. Tarlaları və dərz anbarlarını diqqətlə izləyən bütöv sərçə dəstələri daraşmış cökə ağacları hasar boyu düzülmüşdü. Cökələrin yanında nazik italyan qovaq ağacları, budaqlarını geniş şəkildə aşağı gərmiş kədərli və şiş uclu küknar ağacları böyüyürdü.

      Ağır göy salxımlı italyan yasəməni, kəskin qoxulu çiçəkləri tərqovucu vasitə kimi istifadə olunan dərmanlıq yasəmən, payızda qara, dişqamaşdırıcı giləmeyvələrlə örtülən çaqqal gavalısı kolları, yemişan, itburnu, qaratoyuqların sevimlisi ardıc bütün bağ boyu səpələnmişdi; onlar öz aralarında torpağın şirəsi və və havanın karbon qazı uğrunda inadlı və gizli mübarizə apararaq, ağaclardan azad olan bütün boşluğu tutmuşdular. Hansısa kolun zəifləməsi kifayət idi ki, dərhal yanında qısa ömürlü, lakin təhlükəli alaqlar və otlar peyda olsun.

      Bağın ortasında qəribə şəkildə burulmuş söyüd ağacları ilə əhatələnmiş nohur vardı. Qışda onların gövdələri eybəcər halda burulmuş şikəstlərə bənzəyirdi; gecələr onlar insan zahir olarkən qəribə pozalarda donan, özünü cansız kimi aparan bürüşmüş, qozbel, başsız, çoxəlli bədheybətlər simasını alırdılar. Istilərin başlanması ilə bu qorxuluqlar zərif zoğlar və üstdən parlaq-yaşıl, altdan isə gümüşü xırda yarpaqlarla örtülürdü; onların açıq ağıza bənzəyən koğuşlarında quşlar yuva salırdı.

      Anelka öz mürəbbiyəsilə birlikdə bu, cizgi və rənglərini daim dəyişən, dalğalanan, ətir saçan, parlayan, xışıldayan və hər cür quşların səsilə cingildəyən bağla, nahamar, ot basmış cığırla gedirdi. Ətrafdakı hər şey qızı heyran edirdi. O tez-tez və dərindən tənəfüs edir, hər bir budağı uzun müddət nəzərdən keçirmək, hər bir quşun və kəpənəyin ardınca cummaq, hər şeyi ağuşuna almaq istəyirdi. Panna Valentina isə, əksinə, soyuq idi. O, başmaqlarının uclarını seyr edərək və ingilis qrammatikasını arıq sinəsinə sıxaraq, xırda addımlarla yeriyirdi.

      – Kanossanın harda yerləşdiyini coğrafiyadan öyrəndin, – deyə o başladı, – indi isə sənə Dördüncü Henrixin nəyə görə Yeddinci Qriqoridən əfv dilədiyini öyrənmək imkanı yaranacaq. Bu barədə Yeddinci Qriqorinin, yaxud başqa cür adlandırdıqları kimi, Hildebrandın həyatının təsvirində, “Almanlar və italyanlar” fəslində oxuyacaqsan.

      Belə şəraitdə tarix dərsliyini oxumaq təklifi Anelkanı hiddətləndirdi. Köks ötürməsini boğaraq, istehza ilə soruşdu:

      – Doğrudanmı bağda ingilis dili ilə məşğul olacaqsınız?

      – Olacağam.

      – Deməli, mən də ingiliscə öyrənəcəyəm?

      – Əvvəlcə fransız və alman dillərini əsaslı şəkildə öyrənməlisən.

      Ah!.. Lütfən deyin, fransız, alman və ingilis dillərini öyrənəndən sonra nə edəcəyəm?

      –Bu dillərdəki kitabları oxuya biləcəksən.

      –Bütün kitabları oxuyandan sonra isə?

      Panna Valentina nəzərini qovaq ağacının zirvəsinə yönəltdi və çiyinlərini çəkdi.

      – Insanın ömrü hətta bir dildəki kitabların mində bir payını oxumaqdan ötrü çatmaz. Dünyadakı üç ən zəngin ədəbiyyat barəsində isə heç danışmağa dəyməz!

Скачать книгу