80 gün dünya ətrafında. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу 80 gün dünya ətrafında - Жюль Верн страница 4
Arıq, alçaqboy, üzündən əsəbilik yağan ikinci şəxs isə qaşlarını çataraq hövsələsiz adamlar kimi yerində dayana bilmir, limanda var-gəl eləyirdi. Bu itibaxışlı adamın uzun kirpiklərinin arasından gözləri bir cüt qara muncuq kimi parıldayırdı. O, ingilis polis xəfiyyəsi cənab Fiks idi. Xəfiyyəni Süveyşə İngiltərə bankında baş vermiş qarət hadisəsi ilə bağlı göndərmişdilər. Ona tapşırıq verilmişdi ki, gözünə şübhəli dəyən hər kəsi təqib etsin.
– Cənab konsul, deyirsiniz ki, gəmi gecikməz, düzdür? – o, limandakı digər kişiyə yaxınlaşıb soruşdu.
– Bizdə olan məlumata görə, «Monqolustan» gəmisi dünən Port-Səid yaxınlığındakı açıq dənizdə görünüb. Oradan Süveyş kanalı ilə 160 kilometr məsafəni qət eləmək isə bu gəmi üçün heç nədir. Odur ki narahat olmayın, indilərdə gəlib çıxar. Siz mənə deyin görüm, oğru «Monqolustan»ın göyərtəsində olsa belə, onu necə tanıyacaqsınız?
– Cənab konsul, mən həyatım boyu çox oğru görmüşəm, onu yüz metrdən belə seçə bilərəm. Əgər bu adam gəminin göyərtəsində olsa, əlimdən heç yerə qurtula bilməyəcək! Düzdür, oğru alicənab centlmendən fərqlənmir. Lakin belə şeylərlə mənim gözümə kül üfürmək olmaz!
Çox keçmədən limandakı adamların sayı artmağa başladı: dənizçilər, tacirlər, fəllahlar[15], hamballar bura toplaşıb gəminin gəlib çıxmasını gözləyirdilər. Yarım saat sonra qulaqbatırıcı fit səsi eşidildi. Bir dəstə hambal körpüyə tərəf götürüldü. Onlarla qayıq «Monqolustan» gəmisini qarşılamaq üçün sahildən aralandı. Tezliklə gəminin nəhəng gövdəsi göründü. Göyərtədə xeyli sərnişin vardı.
Fiks sahildə dayanıb iti nəzərlərlə sərnişinləri gözdən keçirirdi. Elə bu vaxt onlardan biri ətrafını bürümüş hambalları cəld hərəkətlə itələyərək xəfiyyəyə yaxınlaşdı. Əlindəki pasportu göstərərək ingilis konsulluğunun yerini soruşdu. Dedi ki, pasporta viza möhürü vurdurmalıdır.
Fiks pasportu alıb baxdı. Buradakı bütün məlumatlar polis rəisinin ona göndərdiyi əlamətlərlə üst-üstə düşürdü.
– Bu sizin pasportunuzdur? – xəfiyyə soruşdu.
– Xeyr, cənab Fileas Foqundur. Mən onun yanında qulluq eləyirəm.
– Bəs o özü haradadır?
– Göyərtədə qaldı.
– Viza möhürü vurdurmaq üçün o özü şəxsən konsulluğa müraciət eləməlidir.
– Bəs konsulluq harada yerləşir? – sərnişin bir də soruşdu.
– Meydanın o biri başında, – xəfiyyə əli ilə yüz metr aralıdakı binanı nişan verib dedi.
– Onda gedib ağama xəbər verim, – sərnişin bunu deyib gəmiyə tərəf qaçdı.
7
Cənab Fiks tez özünü konsulluğa yetirdi. Konsul artıq öz otağında idi. Xəfiyyə içəri girən kimi dedi:
– Cənab konsul, axtardığımız şəxsin «Monqolustan» gəmisinin göyərtəsində olduğunu söyləmək üçün əlimdə əsas var.
Sonra baş verənləri yerli-yataqlı konsula danışdı.
– Çox gözəl, cənab Fiks! – konsul dedi.
– Siz də bilirsiniz ki, belə dələduzların sənədləri həmişə qaydasında olur. Bəs necə, diqqəti cəlb eləmək istəmirlər axı! Lakin ümid edirəm ki, siz ona mane olacaqsınız.
– Əgər sənədləri qaydasındadırsa, buna ixtiyarım çatmır, – konsul başını buladı. – Viza verməyə məcburam.
– Londondan həbs qərarı gələnə kimi bu adamı ləngitməliyəm, odur ki gərək köməyinizi əsirgəməyəsiniz, – Fiks onu yola gətirməyə çalışırdı.
– Bu sizin öz işinizdir, – konsul qətiyyətlə etiraz elədi.
Elə bu vaxt qapı döyüldü və Fileas Foqla lakeyi içəri girdilər. Cənab Foq pasportunu konsula uzadaraq ondan xahiş etdi ki, viza möhürü vursun. Konsul pasportu diqqətlə gözdən keçirdiyi vaxt otağın bir küncündə gizlənmiş Fiks lakeylə sahibini diqqətlə süzürdü.
– Deməli, siz eskvayr[16] Fileas Foqsunuz? – konsul, nəhayət, dilləndi.
– Bəli, cənab, – Foq dedi.
– Bu da sizin nökərinizdir?
– Bəli, adı da Paspartudur.
– Siz Londondan gəlirsiniz?
– Bəli.
– Bəs yolunuz haradır?
– Bombeyə.
– Yaxşı, cənab. Bəs sizə məlumdur ki, artıq viza üçün müraciət tamamilə gərəksiz rəsmiyyətdən başqa bir şey deyil?
– Bilirəm, cənab, – Fileas Foq dedi. – Amma istəyirəm ki, sizin vizanız mənim Süveyşdən keçdiyimi təsdiqləsin.
– Necə istəyirsiniz, cənab.
Konsul bunu deyib pasporta günün tarixini yazıb möhür vurdu və altına imza atdı. Cənab Foq ona təşəkkür edib viza rüsumunu ödədi və Paspartu ilə birlikdə otaqdan çıxdılar.
8
Konsulun köməyindən əli üzülən xəfiyyə indi bütün ümidini Paspartuya bağlamışdı. Fiks bu fransızın sadəlövh və ürəyitəmiz adam olduğunu dərhal anlamışdı. Odur ki lakeyin saqqızını oğurlayıb onun ağzından söz almaq qərarına gəldi.
Cənab Foq konsulun kabinetindən çıxandan sonra sahildə Paspartuya bir neçə tapşırıq verib gəmiyə mindi və kayutuna çəkildi. Cibindən çıxardığı dəftərçəyə qeyd etdiyi məlumatlara baxaraq yola düşdükdən Süveyşə çatanacan keçən vaxtı hesabladı: indiyədək 158,5 saat və ya altı sutka yarım keçmişdi!
Bu zaman xəfiyyə Fiks sahildə dayanıb ətrafı gözdən keçirən Paspartuya yaxınlaşaraq dedi:
– Dostum, pasportlarınızla bağlı bir problem çıxmadı ki?
– Ah, bu sizsiniz! – Paspartu Fiksi tanıyıb dedi. – Yox, hər şey qaydasındadır. Biz elə sürətlə səyahət edirik ki, sanki yatmışam və bütün bunları yuxuda görürəm.
15
16