On zənci balası. Агата Кристи
Чтение книги онлайн.
Читать онлайн книгу On zənci balası - Агата Кристи страница 4
– Yəqin, pis havalarda sahilə yanaşmaq çətin olur, – Lombard dənizçidən soruşdu.
– Külək cənub-şərqdən əsəndə, ümumiyyətlə, Zənci adasına yaxın düşmək mümkün deyil, – Narrakott dedi. – Bəzən sahillə əlaqə tamam kəsilir.
Sonra onlar qayalıqlarla yuxarı dırmanmağa başladılar. Hamının üz-gözündən nigarançılıq yağırdı. Sanki buraya gəldiklərinə peşman olmuşdular. Ancaq qayanı dırmanıb evin qarşısındakı meydançaya çatanda kefləri düzəldi. İmarətin taybatay açılmış qapısı ağzında səliqə-sahmanla geyinmiş eşikağası onların pişvazında dayanmışdı. Elə ev özü də çox qəşəng idi.
– İçəri buyurun! – eşikağası təntənəli şəkildə onları imarətə dəvət etdi və özü də içəri girib qulluqçu qadının yanında dayandı.
Qonaqlar evin geniş və işıqlı salonuna daxil oldular.
– Təəssüf ki, cənab Onim evdə deyil, – eşikağası günahkarcasına gülümsəyərək dedi. – Vacib işi çıxdı, sabah gələcək. Mənə tapşırıb ki, sizin qulluğunuzda durum. İstəsəniz, otaqlarınıza çəkilib dincələ bilərsiniz. Şam yeməyi saat 8-də olacaq.
Vera Kleytorn qulluqçu missis Rocersin arxasınca pilləkənləri çıxmağa başladı. Qadın dəhlizin lap axırındakı otağın qapısını açdı. Vera içəri girəndə heyrətdən ağzı açıla qaldı. Otaq çox gözəl idi: geniş, işıqlı, səliqə-sahmanlı… İki pəncərəsi vardi, biri dənizə, o birisi şərqə açılırdı.
– Ümid eləyirəm ki, burada ehtiyacınız olan hər şey var, – qulluqçu dedi.
– Bəli, bəli, – qız cəld dilləndi.
– Yenə də nəsə istəsəniz, zəngi çalarsınız.
Missis Rocersin səsi quru və darıxdırıcı idi. Qız maraqla onun sifətinə baxdı. Bu solğun bənizli qadının üzündə elə bil qan qalmamışdı. Saçlarını təpəsində toplamışdı, əynində qara paltar var idi. «Lap əcinnəyə oxşayır», – Vera fikrindən keçirdi. Qadın danışanda gözlərini qızdan qaçırırdı. «Deyəsən, o nədənsə qorxur», – Vera düşündü. Sonra ucadan dedi:
– Mən missis Onimin yeni katibəsiyəm. Yəqin, sizə bu barədə deyiblər.
– Xeyr, xanım, mənə bu haqda məlumat verilməyib. Yalnız qonaqların siyahısını verib kimi hansı otağa yerləşdirəcəyimi bildiriblər.
– Necə, missis Onim mənim barəmdə sizə heç nə deməyib?
– Mən missis Onimi görməmişəm, xanım. Biz bura dünən gəlmişik.
– Bu Onimlər nə qəribə adamlardır, – qız fikrindən keçirdi. – Evdə başqa qulluqçu var?
– Ərimlə məndən başqa heç kim yoxdur, – qadın dedi. Sonra da tələm-tələsik əlavə elədi: – Mən yaxşı yemək bişirirəm, ərim də evə göz-qulaq olur. Lakin, düzü, bu qədər çox qonağın gələcəyini gözləmirdik.
– İşin öhdəsindən gələ biləcəksiniz? – Vera işgüzarlıqla soruşdu. Əvvəl-axır bu qadını Onimlərin katibəsi olduğuna inandırmaq istəyirdi.
– Bəli, narahat olmayın.
Qulluqçu qadın bunu deyib səssizcə otaqdan çıxdı.
– Bu iş heç mənim xoşuma gəlmədi. Gərək Onimlərlə əvvəlcədən tanış olaydım, – qız öz-özünə mızıldandı. Sonra otağı gözdən keçirməyə başladı.
Bu ən müasir üslubda hazırlanmış yataq otağı idi. Parket döşəməyə açıqrəngli xalı sərilmişdi. Otağın divarları da açıq rəngə boyanmışdı. Buxarının üstündə saat vardı, onun yanına ağ mərmərdən ayı fiquru qoymuşdular, divardan isə parıltılı metal çərçivəyə salınmış perqament[12] parçası asılmışdı.
– Deyəsən, kağızda nəsə yazılıb, – Vera divara yaxınlaşıb oxumağa başladı:
On zənci balası nahar edirdi,
Biri boğuldu, doqquzu qaldı.
Doqquz zənci balası yuxuya daldı,
Biri durmadı, səkkizi qaldı.
Səkkiz zənci balası Devona getdi,
Biri gəlmədi, yeddisi qaldı.
Yeddi zənci balası odun doğrayırdı,
Biri başını yardı, altısı qaldı.
Altı zənci balası bal axtarırdı,
Birini arı vurdu, beş zənci qaldı.
Beş zənciyə məhkəmə quruldu,
Biri güllələndi, dörd zənci qaldı.
Dörd zənci balası üzməyə getdi,
Biri qarmağa keçdi, üç zənci qaldı.
Üç zənci balası meşəyə getdi,
Birini ayı yedi, iki zənci qaldı.
İki zənci balası günəşlənirdi,
Birini günəş vurdu, o biri tək qaldı.
Tək qalan zənci çox kədərləndi,
Özünü asdı, heç kim qalmadı.
– Əcəb şeirdir! – Vera gülümsündü. – Bu Zənci adasından başqa nə gözləmək olar ki…
Sonra qız pəncərəyə yaxınlaşıb dənizə baxmağa başladı. Ətrafda bir ovuc torpaq belə gözə dəymirdi, ucsuz-bucaqsız dəniz, göz işlədikcə mavi sular, köpüklü dalğalar…
5
Həkim Armstronq Zənci adasına axşamdan xeyli keçmiş gəlib çatdı. Yolda qayıqçını çox dilə tutsa da, Onimlər haqqında bir şey öyrənə bilməmişdi. Bərk yorulmuşdu, üstəlik, sükan arxasında oturub yola baxmaqdan gözləri ağrıyırdı. «Adada yaxşıca dincələrəm», – o fikirləşirdi.
Evin qarşısındakı meydançada bir qoca oturmuşdu. Qocanın sifəti həkimə çox tanış gəldi, bir az fikirləşəndən sonra yadına düşdü.
– Bu ki hakim Uorqreyvdir! – Armstronq öz-özünə mızıldandı.
Bir dəfə onun hakim olduğu məhkəmə prosesində şahid qismində çıxış eləmişdi. Münsiflər
12