Beş uşaq və O. Эдит Несбит

Чтение книги онлайн.

Читать онлайн книгу Beş uşaq və O - Эдит Несбит страница 2

Beş uşaq və O - Эдит Несбит Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

bir halda, əyləncə xatirinə belləri bir kənara qoyub qumu əlləri ilə qazmağa başladılar. Bu, çətin deyildi, çünki dərənin dibindəki qum dəniz sahilindəki kimi narın idi, hərdən uşaqların əlinə balaca balıqqulaqları da keçirdi.

      – İşə bir bax, – Ceyn dilləndi. – Deyəsən, doğrudan da, burada nə vaxtsa dəniz olub. İçində də müxtəlif növ balıqlar və supəriləri…

      – Hə, bir də dibində içi cəvahiratla dolu batmış gəmilər, – Siril əlavə etdi, – qızıl sikkə, ya da qədim dəmir pul tapsaq, əla olardı!

      – Bəs dənizi hara aparıblar? – Robert çaşqınlıqla soruşdu.

      – Ay səfeh, elə bilirsən ki, dənizin suyunu vedrə-vedrə daşıyıb aparıblar? – böyük qardaşı istehza ilə dilləndi. – Atam demişdi ki, qədimdə dənizin dibindəki torpaq bərk isinib. Yayda qalın adyalla yatanda sənə necə isti olur, bax eynilə o cür… İstilənəndə çiynini adyalın altından çıxarırsan, o da sürüşüb kənara düşür. Torpaq da eynilə bu cür silkələnib və dəniz axıb gedib. Yaxşı, gedək bir az balıqqulağı yığaq. Bax orada, deyəsən, kalan balıqqulağı var! Orada gözümə başqa bir şey də dəyir, lap batmış gəminin lövbərinə oxşayır.

      Uşaqların hamısı onunla razılaşdı, bircə Anteyadan başqa. O hələ də əlləri ilə qumu qazırdı. Anteya başladığı işi axıra çatdırmağı sevirdi. İndi də fikirləşirdi ki, mütləq Avstraliyaya gedib çatmalıdır. Yoxsa bu, böyük biabırçılıq olardı…

      Sirilin göstərdiyi yer uşaqları məyus etdi. Birincisi, orada balıqqulağı-zad yox idi, ikincisi, lövbər hesab etdikləri əşya qırıq külüngdən başqa bir şey deyildi. Üstəlik, uşaqlar möhkəm susamışdılar, fikirləşirdilər ki, artıq evə qayıdıb səpsərin limonad içməyin vaxtı gəlib çatıb. Elə bu vaxt Anteya qəfildən qışqırmağa başladı:

      – Siril! Tez bura gəl! Cəld ol! O, diridir, qaçıb yoxa çıxa bilər! Tez elə!

      Uşaqların hamısı Anteyanın qumu qazdığı yerə tərəf boylandı.

      – Yəqin, siçovul görüb, – Robert dedi. – Atam deyirdi ki, belə yerlərdə həmişə siçovullar olur.

      – Bəlkə, ilandır? – Ceyn təşvişlə soruşdu.

      – Gəlin, gedib baxaq, – Siril təklif elədi. – Mən ilanlardan qorxmuram. Hətta onlardan xoşum gəlir. Əgər ilan olsa, onu əhliləşdirəcəyəm, qoy hara getsəm, arxamca sürünsün. Gecələr də boynuma dolanıb mənimlə yatar.

      – Belə şey ola bilməz! – Robert özündən çıxdı. O, Sirillə eyni otaqda yatırdı. – Əgər siçovul olsa, onda sözüm yoxdur, götürüb əhliləşdirə bilərsən. Lakin ilan, qətiyyən!

      – Bəsdir boş-boş danışdınız! – Anteya qışqırdı. – Burada siçovul-filan yoxdur! İlan da deyil. O, böyükdür e! Pəncələri də var, üstü də tüklə örtülüb. Bellərinizi kənara çəkin, onu yaralaya bilərsiniz. Əllərinizlə qazın.

      – Hə, istəyirsən, o bizi yaralasın? – Siril etiraz elədi.

      – Sənə deyirəm ki, olmaz! – Anteya qardaşının üstünə qışqırdı. – İstəyirsiniz inanın, istəyirsiniz yox, o danışdı, nəsə dedi.

      – Nə dedi?

      – Dedi ki, mənimlə işiniz olmasın!

      Siril elə bildi, bacısının başına gün vurub. Oğlanların ikisi də bellərini əllərinə alıb qumu qazmağa başladı. Anteya dərənin kənarında oturub həyəcanla onlara baxırdı. Oğlanlar ehtiyatla qazırdılar, birdən dərənin dibində nəsə tərpənməyə başladı. Anteya artıq yerində dayana bilməyib irəli cumdu:

      – Qoy mən qazım, mən ondan qorxmuram!

      Qız bunu deyib özünü dərənin dibinə atdı. Sonra sümük gizlətməyə hazırlaşan it kimi əlləri ilə qumu qazmağa başladı.

      – Əlim onun tüklərinə dəydi! – Anteya həyəcanla qışqırdı. – Düz sözümdür!

      Buna cavab olaraq dərənin dibindən qeyri-adi, bir qədər xırıltılı səs gəldi. Uşaqlar hamısı bir anda diksinib kənara sıçradılar.

      – Əl çəkin məndən!

      – Lakin biz sənə baxmaq istəyirik, – Robert handan-hana bütün cəsarətini toplayaraq dilləndi.

      – Biz səni görmək istəyirik! – Anteya əlavə elədi.

      – Deməli, məni görmək istəyirsiniz! Yaxşı, siz deyən olsun, – bu sözlər eşidiləndən sonra dərənin dibindəki qum tərpənməyə başladı. Qumun altından qəhvəyi rəngli, tüklü, yupyumru bir məxluq çıxdı.

      O özünü silkələyib üstündəki qumları yerə tökdü. Sonra yerdə oturub əsnəməyə və gözlərini ovuşdurmağa başladı:

      – Deyəsən, möhkəm yatmışdım.

      Uşaqlar dərənin ağzına toplaşıb heyrətlə bu qəribə məxluqa tamaşa eləyirdilər. Həmin məxluq isə gah ilbizin buynuzları kimi irəli uzanan, gah da müşahidə borusu kimi yığılan qəribə gözləri ilə uşaqlara baxırdı. Qulaqları yarasanın palaz qulaqlarına bənzəyirdi, hörümçək bədəninə oxşayan gövdəsi sıx və yumşaq tüklə örtülmüşdü. Pəncələri meymun əlinə bənzəyirdi, barmaqlarını da qalın tük basmışdı.

      – Bu nədir belə? – Ceyn heyrətlə dilləndi. – Onu özümüzlə aparacağıq?

      Bunu eşidən qəribə məxluq qeyri-adi gözlərini Ceynə tərəf çevirib dedi:

      – Bu qız həmişə belə səfeh-səfeh danışır, yoxsa başına qoyduğu şlyapa ona belə təsir göstərib?

      Sonra da nifrətlə qızın başındakı parçadan kəsilmiş çiçəklərlə bəzədilmiş şlyapaya baxdı.

      – Siz onu səhv başa düşdünüz, bacım elə demək istəmədi, – Anteya tez-tələsik dilləndi. – Qorxmayın, bizim sizinlə işimiz olmaz.

      – Bunu mənə deyirsən? – qəribə məxluq özündən çıxdı. – Mən qorxmayım? İşə bir bax! Sən mənimlə elə danışırsan ki, elə bil heç kiməm!

      İndi onun tükləri eynilə pişiklər qəzəblənəndə olduğu kimi qabarıb biz-biz durmuşdu.

      – Üzr istəyirəm, – Anteya mehribanlıqla dilləndi, – əgər sizin kim olduğunuzu bilsəydik, belə danışmazdıq, siz də dediyimiz hər sözdən qəzəblənməzdiniz. Xahiş eləyirəm, əsəbiləşməyin, deyin görək siz kimsiniz? Biz, doğrudan, bunu bilmək istəyirik.

      – Məgər siz məni tanımırsınız? Bu dünyanın

Скачать книгу