Beş həftə hava şarında. Жюль Верн

Чтение книги онлайн.

Читать онлайн книгу Beş həftə hava şarında - Жюль Верн страница 1

Beş həftə hava şarında - Жюль Верн Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Coğrafiya Cəmiyyətinin 1862-ci il yanvarın 14-də keçirilən iclasına xeyli adam yığışmışdı. Cəmiyyətin prezidenti ser Frensis öz hörmətli həmkarlarına mühüm xəbər verdi və onun çıxışı tez-tez alqışlarla kəsildi. Ser Frensis nitqini belə yekunlaşdırdı:

– İngiltərə öz cəsur səyyahları sayəsində coğrafi kəşflər baxımından digər xalqlardan həmişə öndə olub. Şübhə yoxdur ki, doktor Samuel Fergüson da vətəninin başını ucaldacaq. Əgər onun cəhdi baş tutsa, Afrika coğrafiyası haqqında təsəvvürümüz daha da genişlənər. Yox, əgər uğursuz olsa, bir o qədər də təəssüflənməyə dəyməz. Çünki doktor Fergüsonun cəhdi, hər bir halda, insan dühasının cəsur ideyası kimi tarixə düşəcək…

İclas zalı alqışlardan, qışqırıqlardan lərzəyə gəlmişdi. Doktor Fergüsonun adı dillərdən düşmürdü. Elə həmin iclasda onun öz planını həyata keçirməsi üçün pul ayrıldı.

Bəs doktor Fergüson kim idi və özünü hansı işə həsr etməyə hazırlaşırdı? Gənc Fergüsonun atası ingilis donanmasının kapitanı idi. O, oğluna lap kiçik yaşlarından öz sənətini sevdirmiş, uşaq elmi işə, həmçinin dəniz ekspedisiyalarından bəhs edən əsərlərə maraq göstərmişdi. Atası ona hidroqrafiya, fizika və mexanikanı sevdirməyi yaddan çıxarmamış, eləcə də Fergüsonu botanika, tibb və astronomiya ilə tanış etmişdi.

Kapitan Fergüson öləndə Samuelin iyirmi iki yaşı var idi. O artıq gəmi ilə dünya səyahətinə çıxmağa macal tapmışdı. Atasının ölümündən sonra donanmanın mühəndis korpusunda xidmət eləyib, hətta bir neçə döyüşə qatılmış və fərqlənmişdi. Ancaq əsgər həyatı gənc Fergüsonun ürəyincə olmamışdı: əmr etməyi xoşlamadığı kimi, əmrə tabe olmağı da sevmirdi. Odur ki istefaya çıxıb gah ovçuluqla, gah da herbari[1] toplamaqla günlərini keçirirdi. Bir dəfə isə səyahətə çıxmaq həvəsinə düşdü və gedib İndoneziyanın şimal hissəsinə çıxdı. Oradan Avstraliyaya yola düşdü və Yeni Hollandiyanın mərkəzi hissəsində yerləşdiyi ehtimal edilən iri bir gölü tapmaq üçün 1845-ci ildə kapitan Stüartın ekspedisiyasına qoşuldu. Samuel Fergüson 1850-ci ildə İngiltərəyə qayıtdı. Onun coğrafi kəşflərə həvəsi daha da alovlanmışdı. Bu səbəbdən kapitan Mak-Klyuru üç il boyunca ekspedisiyalarda müşayiət etdi. Berinq boğazından Farvel burnuna qədər Amerika qitəsini dolanan Samuel qarşılaşdığı çətinliklərin, məhrumiyyətlərin öhdəsindən məharətlə gəldi[2].

Bizim yorulmaz səyyahımız 1855-ci ildən 1857-ci ilə qədər Şlaqintveyt qardaşları ilə Mərkəzi Asiyada yerləşən Tibetin qərb hissəsini tədqiq elədi və evə maraqlı etnoqrafik məlumatlarla qayıtdı. Doktor Fergüson bu ekspedisiyalarda iştirak etməklə yanaşı, həm də İngiltərədə nəşr olunan nüfuzlu “Deyli Teleqraf” qəzetinin müxbiri idi. Heç bir elmi müəssisənin, heç bir coğrafi cəmiyyətin üzvü olmasa da, müxbirliyi sayəsində kifayət qədər tanınırdı.

Doktor bir qədər fatalist idi. O, taleyə inanır və hesab edirdi ki, hansısa gizli qüvvə onu dayanmadan səyahətə çıxmağa təhrik eləyir…

London Coğrafiya Cəmiyyətindəki iclasın səhəri günü “Deyli Teleqraf”da çap olunan məqalədə yazılmışdı: “Nəhayət, Afrika öz hüdudsuz səhralarının sirrini açacaq. Keçmiş zamanlarda Nilin mənbəyini axtarmaq əlçatmaz bir arzu sayılırdı. Doktor Bart, doktor Livinqston, kapitanlar Riçard Burton[3] və Spik[4] – bütün bu səyyahlar müasir sivilizasiyadan ötrü üç yeni yol açmışlar. Bu yollar Afrikanın ürəyində kəsişir. İndiyə qədər ora heç bir səyyahın ayağı dəyməyib. Coğrafi tədqiqatları oxucularımız tərəfindən yüksək qiymətləndirilən doktor Samuel Fergüson elm cəfakeşlərinin çoxillik fəaliyyətini davam etdirmək niyyətindədir. Özü də, qeyri-adi üsulla! Belə ki, bu qorxmaz tədqiqatçı hava şarında Afrikanı şərqdən qərbə keçmək fikrinə düşüb. Əgər yanılmırıqsa, onun səyahətinin çıxış nöqtəsi Afrikanın şərq sahilində yerləşən Zənzibar[5] adasıdır. Səyahətin son nöqtəsinin hara olacağı isə yalnız qəzavü qədərdən asılıdır…”

Təbii ki, məqalə böyük hay-küyə səbəb oldu. Bəzi insanlar bu səyahətə şübhə ilə yanaşır, bəziləri isə bütün çətinliklərə baxmayaraq, səyyaha uğurlar diləyirdilər.

Səyahətə hazırlıq Londonda aparılırdı. Çox keçmədən məlum oldu ki, fabriklərin birində hətta hava şarı üçün ipək parça da sifariş edilib! Britaniya hökuməti isə kapitan Pennetin komandası altında “Mətin” adlı gəmini doktor Fergüsonun ixtiyarına vermişdi.

Beləliklə, ölkədə hamının diqqəti doktor Fergüsona yönəlmişdi. Bir çox ixtiraçı hava şarında istifadə etmək üçün öz cihazlarını ona təklif eləyirdi. Ancaq doktor bu cihazların heç birini istəmədi. Özünün nəsə ixtira edib-etmədiyi ilə bağlı sualları isə cavabsız qoydu…

2

Xarakterləri fərqli olsa da, doktor Fergüsonla Dik Kennedi arasında möhkəm dostluq yaranmışdı. Dik sözün əsl mənasında şotlandiyalı idi: səmimi, qətiyyətli və tərs! O, Edinburq yaxınlığındakı Leyte qəsəbəsində yaşayırdı. Balıq tutmağı xoşlayır, lakin ovçuluğa daha çox maraq göstərirdi. Kennedi əsasən də karabindən sərrast atəş açmaqla tanınırdı. O da Fergüson kimi qırx yaşlarında idi. Görkəmi ilk baxışdan adamı özünə çəkirdi: hündürboylu idi, gündən yanmış sifəti, qara gözləri vardı, baxışlarından səmimiyyət, mehribanlıq oxunurdu…

Dikin Fergüsonla tanışlığı Hindistana gedib çıxırdı; eyni alayda qulluq etmişdilər. Samuel şir, fil ovladığı vaxt Kennedi kolleksiyası üçün bitki və həşərat toplayırdı. Tale onları hərdən ayırır, ancaq qarşılıqlı rəğbət yenə birləşdirirdi. Doktor uzaq ekspedisiyalardan qayıdanda hökmən bir neçə həftə dostunun yanında qalırdı. Dik keçmişi xatırlayır, Samuel isə gələcək üçün planlar qururdu. Fergüson narahat adam idi, Kennedi isə sakitlik mücəssəməsi sayıla bilərdi. Daim təmkinli davranır, nadir hallarda özündən çıxırdı.

Tibet səyahətindən qayıdandan sonra doktor Fergüson iki il boyunca yeni ekspedisiyalardan kənarda qaldı. Dik düşünürdü ki, dostunun sərgüzəştlərə olan həvəsi sönməyə başlayıb. O buna görə hətta sevinirdi də! Çünki gec-tez bu sərgüzəştlərin axırı pis qurtaracaqdı. Nə qədər təcrübəli olsan da, həyatın boyu adamyeyənlərin, yırtıcı heyvanların arasında salamat qala bilməzsən. Dik dostunu yola gətirməyə çalışırdı ki, səyahətlərin daşını atsın, elm üçün onsuz da çox iş görüb, elə bundan ötrü tarixdə qalması kifayətdir. Fergüson isə onun nəsihətlərinə, demək olar, cavab vermirdi. Nəsə müəmmalı hesablamalarla məşğul olur, heç kimə məlum olmayan qeyri-adi cihazlarla təcrübələr keçirirdi. Hiss olunurdu ki, böyük bir plan üzərində düşünür.

“O nə fikirləşir?” – Kennedi baş sındırırdı. Nəhayət, “Deyli Teleqraf”dakı məqalə hər şeyi aydınlaşdırdı.

– İlahi! – Dik qışqırdı. – Dostum ağlını tamam itirib! Afrikanın üzərindən hava şarı ilə keçmək! Bircə bu çatmırdı! Demək, iki ildir bunu düşünürmüş!

Kennedi həmin axşam qatara oturub səhər Londona çatdı. Bir neçə saatdan sonra artıq doktor Fergüsonun evinin qarşısında idi.

– Dik! – Fergüson onun gəlişinə elə də təəc-cüblənmədi. – Ovun bu qızğın çağı xeyir ola Londonda?

– Gəlmişəm ki, ağlını başına yığasan. Qəzetdə yazılanlar doğrudur? Bu səyahətə çıxmaq fikrindəsən?

– Sakit ol, əzizim Dik, – doktor dedi. – Başa düşürəm ki, öz layihələrimlə səni tanış etmədiyimə görə məndən inciyibsən…

– Hələ bunu layihə adlandırır!

– Bilirsən,

Скачать книгу

1

Herbari – qurudulmuş bitkilər kolleksiyası

2

Berinq boğazı Şimal Buzlu okeanında yerləşən Çukot dənizi ilə Sakit okeanın şimalındakı Berinq dənizini bir-birinə bağlayır, Farvel burnu isə Qrenlandiyanın ucqar nöqtəsində yerləşib, eyni zamanda, hündürlüyü 800 metrə çatan zirvədir (red.).

3

Riçard Burton (1821–1890) – ingilis səyyah, yazıçı, etnoqraf

4

Con Henninq Spik (1827–1864) – ingilis səyyah, tədqiqatçı. 1858-ci ildə Viktoriya gölünü və Nilin mənbəyini tapıb.

5

Zənzibar – Afrikanın şərq sahilləri ilə uzanan Hind okeanında 75 adadan ibarət arxipelaq