Beş həftə hava şarında. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу Beş həftə hava şarında - Жюль Верн страница 4
London Coğrafiya Cəmiyyəti fevralın 20-də doktor Fergüsonla Kennedinin şərəfinə vida ziyafəti verdi. Məclisdə kraliçanın da teleqramı oxundu. Kraliça hər iki səyyaha uğur diləyirdi.
Ertəsi gün “Mətin” Londonun ortasından axıb gedən Temza çayının mənsəbinə doğru yol aldı. Demək artıqdır ki, gəmidə bütün söhbət doktor Fergüsonun ekspedisiyası ətrafında olurdu. Doktora inanmaq üçün onu görmək və eşitmək kifayət idi. Səfərin uğurla nəticələnəcəyinə tezliklə heç kimin şübhəsi qalmadı.
Səfər zamanı doktor zabitlərə əsl coğrafiya kursu keçdi. Fergüson əmin idi ki, altı min ildir bəşəriyyət üçün müəmma olaraq qalan Afrika on doqquzuncu əsrdə, nəhayət, öz sirlərini insanlara açacaq.
İndi hər kəsi düşündürən bircə şey var idi: doktorun özü ilə götürdüyü ərzağın azlığı! Paroxoddakı zabitlərdən biri marağını gizlədə bilməyib Fergüsondan bunun səbəbini soruşdu.
– Bəyəm siz səfərin nə qədər sürəcəyini düşünürsünüz? – doktor dedi. – Aylar çəkəcəyini güman edirsinizsə, çox yanılırsınız. Əgər səfər uzansa, biz məqsədimizə çatmadan ölərik. Məlumunuz olsun ki, Zənzibardan Senaqalın sahillərinə qədər təxminən üç min beş yüz mildir[12]. Afrikanın üstündən uçub keç-mək üçün bizə bir həftə kifayətdir. Axı biz gecə-gündüz dayanmadan hərəkət eləyəcəyik.
– Belə olan halda, heç nə görməyəcəksiniz, ümumiyyətlə, ölkələri tədqiq eləyə bilməyəcəksiniz, – zabit etiraz etdi.
– Onu nəzərə alın ki, – doktor cavab verdi, – əgər hava şarının sahibi mənəmsə, istədiyim vaxt enib-qalxa, ağlım kəsdiyi yerdə dayana bilərəm. Xüsusən də, güclü hava axınları təhlükə yaratmağa başlayanda!
– Güclü hava axınları ilə rastlaşacağınıza şübhəniz olmasın, – kapitan Pennet söhbətə qarışdı. – Axı orada iki yüz qırx mil sürətlə küləklər əsdiyindən xəbəriniz var.
– Görürsünüz, – doktor gülümsədi, – bu sürətlə Afrikanın üstündən vur-tut on iki saata uçub keçmək olar. Zənzibarda oyanıb Sen-Luidə[13] yatarsan.
– Məgər şar bu cür havada uça bilər? – başqa zabit soruşdu.
– Belə şeylər olub.
– Şar uça bilər, bəs insan? – bu dəfə Kennedi özünü saxlaya bilməyib söhbətə qarışdı.
– İnsan da davam gətirə bilər. Çünki hava şarı onu əhatəyə alan havaya nisbətdə həmişə hərəkətsizdir. Axı şarın özü yox, hava kütləsi hərəkət eləyir. Səbətdə şam yandırsanız, onun alovunun hətta titrəmədiyini görərsiniz. Lakin, istənilən halda, mən belə sürətlə uçmaq fikrində deyiləm. Üstəlik də, özümüzlə iki aylıq azuqə götürmüşük. Yerə enəndə isə mahir ovçumuzun bizi quş ətinə qonaq etməsinə heç nə maneçilik törədə bilməz.
– Əməlli-başlı kefə baxacaqsınız, mister Kennedi! – gənc miçmanlardan[14] biri həsədlə ovçunu süzdü.
– Bilirsiniz, məsələ siz düşündüyünüz kimi deyil…
– Necə? Məgər siz uçmayacaqsınız?
– Yox. Dostumu müşayiət eləyirəm ki, bəlkə, son anda fikrindən daşındıra bildim.
Hamı doktora baxdı.
– Ona qulaq asmayın, – Fergüson sakitcə dedi. – Mənimlə bərabər uçacağını özü gözəl bilir.
– Nəyə istəyirsiniz, and içərəm ki, mən uçmayacağam! – Kennedi səsləndi.
– Əzizim Dik, yaxşısı budur, and içmə. Səni artıq tərəzidə çəkmişik. Təkcə səni yox, barıtını, tüfənglərini, güllələrini də… Ona görə daha bu haqda danış-mağa dəyməz.
Doğrudan da, Zənzibara çatana qədər Dik ağzını açıb bir daha bu barədə danışmadı.
6
Londondan yola düşdükdən 27 gün sonra, martın 30-da üfüqdə Masa dağı göründü. Müşahidə borusu ilə artıq Keyptaun[15] şəhərini görmək olardı. Tezliklə “Mətin” bu şəhərin limanında lövbər saldı. Kapitan kömür ehtiyatı götürmək üçün limana girmişdi, buna isə vur-tut bir gün vaxt getdi. Səhəri gün “Mətin” Afrikanı dolanıb Mozambik boğazına girmək üçün cənuba istiqamət götürdü.
Mozambik boğazında hava xüsusilə əlverişli idi. Hamı Zənzibara tez çatmağı və son hazırlıqlarında doktor Fergüsona kömək etməyi arzulayırdı.
Nəhayət, eyni adlı adada yerləşən Zənzibar şəhəri göründü. Aprelin 15-i, saat 11-də “Mətin” bu dəfə Zənzibarın limanında lövbər saldı. Həmin ada Fransa və İngiltərənin müttəfiqi olan imam Maskatın torpağı idi. Limana qonşu ölkələrdən çoxlu gəmilər girirdi. Ada Afrika materikindən yalnız otuz mil enində boğazla ayrılırdı.
Zənzibar barədə danışarkən bunu da qeyd eləmək lazımdır: orada kitrə[16], fil sümüyü və qul alveri ilə məşğul olurlar. Döyüşlərdə əsir götürülənlər də həmin şəhərə gətirilirlər. Savaşlar isə qurtarmaq bilmir, çünki Afrika qəbilələri ara vermədən bir-biri ilə vuruşurlar.
“Mətin” limana yan alan kimi ingilis konsulu ora gəlib doktor Fergüsona öz xidmətini təklif etdi. Səfər haqqında Avropa qəzetlərindən xəbər tutan konsul doktoru, Dik Kennedini və əlbəttə ki, mehriban Conu öz evinə dəvət etdi. O, söhbət zamanı doktora kapitan Spikin bir neçə məktubunu göstərdi. Fergüson həmin məktublardan öyrəndi ki, kapitan və yoldaşları Uqoqo[17] ölkəsinə çatana qədər aclıqdan, pis hava şəraitindən dəhşətli əziyyət çəkiblər.
– Biz hava şarı sayəsində bax bu cür təhlükələrdən, məhrumiyyətlərdən canımızı qurtara biləcəyik, – doktor dedi.
Hava şarı üçün siqnal dirəyinin yanında əlverişli yer seçildi. Arxadakı iri tikili onu şərqdən əsən külək-lərdən qoruyacaqdı. Ancaq işə başlamağa az qalmış konsula məlumat çatdırıldı ki, yerli əhali buna mane olmaq niyyətindədir. Havaya qalxmaq istəyən xristianın gəlişi yerli sakinləri qəzəbləndirmişdi. Ərəblərdən daha çox həyəcanlanan zəncilər bu uçuşun öz dinləri, Günəş və Ay tanrıları əleyhinə olduğunu düşünürdülər. Afrika xalqları
12
13
14
15
16
17