Haydi. Йоханна Спири

Чтение книги онлайн.

Читать онлайн книгу Haydi - Йоханна Спири страница 1

Haydi - Йоханна Спири Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

      İsveçrədə isti iyun səhəri balaca bir qızla xalası ensiz dağ çığırı ilə üzüyuxarı, yaylağa tərəf qalxırdı. Qızcığaz lap yumağa bənzəyirdi, xalası olan-qalan nəyi vardısa, hamısını onun əyninə keçirmişdi: üç don, böyük, qırmızı pambıq şal və ağır qış çəkmələri.

      İki yolçu yolun yarısını qət edib Dörfli adlı kiçik kəndə çatanda bir qadına rast gəldilər. Qadın dayandı. Üzünü xalaya tutub soruşdu:

      – Sabahın xeyir, Deta. Bu uşaq kimdir?

      – Bacımın qızı Haydidir, – Deta cavab verdi.

      – Təxmin eləmişdim, – qadın dedi. – Yazıq uşaq! Bu yaşda atasız-anasız qalmaq çox çətindir. Yaxşı ki sən onun qayğısına qalırsan.

      – Hə, elədir, – Deta dedi. – Amma bundan sonra mən də ona baxa bilməyəcəyəm. Frankfurta köçürəm. Orada varlı bir adamın evində işə düzəlmişəm, yaxşı donluq[1] alacağam.

      – Bəs uşaq harada qalacaq? – deyə qadın soruşdu.

      – Onu yaylağa, babası Öhinin yanına aparıram, – Deta cavab verdi.

      Dörflidə qoca babaya hamı «Öhi» (əmi) deyirdi. Yaylağa köçüb gedəndən sonra isə adı «Alm-Öhi» (yaylaqda yaşayan əmi) qalmışdı.

      Qadın bu sözləri eşidən kimi dedi:

      – Necə?! Uşağı Alm-Öhinin yanına aparırsan? Dəli olmusan, nədir? Qızcığaza yazığın gəlmir? Dörflidə Alm-Öhi haqqında çox söz danışırlar. Oğlunun və gəlininin ölümündən sonra bir adamla da kəlmə kəsməyib. Yaylaqdakı daxmasında tək-tənha yaşayır, yanına yaxınlaşmaq istəyənləri isə qovur. Sən də uşağı həyatdan küsmüş, heç kimlə yola getməyən bu hirsli qocanın yanına aparırsan!

      Qadın bərk əsəbiləşmişdi, bununla belə, Deta:

      – Fikrim qətidir. Uşaq babasının yanında qalacaq! – dedi.

      Yaxşı ki Haydi bu iki qadının söhbətini eşitməmişdi, həmin vaxt qızcığaz keçi sürüsünü qabağına qatıb otarmağa aparan çoban Peterin arxasınca qaçırdı. Haydi oğlanın tək köynəkdə, ayaqyalın-başıaçıq çəmənlikdə hoppanıb-düşdüyünü görüb dayandı; tez-tələsik paltarlarını, qış çəkmələrini çıxardı. Əynində bircə nazik donu qaldı. Hoppana-hoppana çoban oğlanın arxasınca getdi.

      Deta xala Haydini axtarmağa başladı. Qızı tapan kimi üstünə qışqırdı:

      – Sənə aldığım qəşəng paltarları niyə əynindən çıxarmısan? Nə nankor uşaqsan!

      – Hava çox istidir, o paltarlara ehtiyacım yoxdur, – Haydi dilləndi.

      Çoban oğlan elə güldü ki, az qaldı ağzı qulaqlarına çatsın. İki uşaq keçi kimi atlanıb-düşməyində idi, xala isə ucadan deyinə-deyinə, tər tökərək, təngnəfəs halda dik yoxuşu çıxırdı.

      – Bu keçilər sənindir? – Haydi oğlandan soruşdu.

      Peter başını buladı:

      – Yox. Sahibləri Dörflidə yaşayırlar. Hər səhər keçiləri onlardan alıb otarır, axşam da qaytarıb gətirirəm.

      – Bəs keçiləri harada otarırsan?

      – Yaylağın sıx çəmənliklərində… Keçilər orada təzə-tər otlardan doyunca yeyir, sonra da kefi kök halda hoppanıb-düşürlər.

      Haydi öz-özünə fikirləşdi: «Yəqin, dağın başında keçi otarmaq maraqlı işdir». Buna görə də qızcığaz adının əvvəlinə «Keçi» ayaması qoşduğu Peteri o ki var sual atəşinə tutdu. Peter də həvəslə ona yaylaqdakı həyatından danışmağa başladı. Çox keçmədi ki, Haydi çoban oğlanın harada yaşadığını da öyrəndi.

      Oğlan külək tutmayan dərədəki daxmanı göstərərək:

      – Orada anam və kor nənəmlə birlikdə yaşayıram. Anamın adı Bricitdir, nənəmin adı isə elə nənədir. Sən də onu belə çağıra bilərsən, – dedi.

      Haydi çox sevindi:

      – Çoxdan arzulayırdım ki, mənim də nənəm olsun!

      Qızcığaz xalasının arxadan «Əvvəl öz babanı tanı, sonra başqalarını» dediyini eşitdi. Xala uşaqların ardınca yoxuşu dırmanmaqda çətinlik çəkirdi.

      Axır ki, yaylağa gəlib çatdılar.

      Alm-Öhi daxmanın qarşısındakı skamyada oturub qəlyanını tüstülədirdi. Haydi qocanın yanına gedib ona əl uzatdı.

      – Salam, qoca baba, – dedi. – Bundan sonra mən sənin yanında qalacağam.

      Yaşlı kişi öskürərək mızıldandı:

      – Bunu sənə kim deyib?

      Sonra da sualedici nəzərlərlə Deta xalaya baxdı.

      – Haydi sənin nəvəndir, – Deta dedi. – Oğlun Tobiasla gəlinin Adelhaydanın övladıdır. İndiyə kimi ona mən baxmışam, bundan sonra bir az da sən məşğul ol.

      Ardınca da əlavə elədi:

      – Uşaqla yaxşı davran, yoxsa Dörfli camaatı sənin haqqında daha çox şayiə qoşar.

      Qoca kişi qəlyanını ağzından çıxardı, hirslə ayağa durub Detanın üstünə qışqırdı:

      – Çıx get buradan, bir də gözümə görünmə!

      Detaya da elə bu lazım idi. Dərindən nəfəs alıb arxasına dönərək yola düzəldi. Yolda o artıq Haydi haqqında deyil, Frankfurtdakı gözəl həyatı barədə fikirləşirdi…

      2. Keзi sьdь və saman yataq

      Deta gözdən itəndən sonra qoca yenə skamyada oturub qəlyanını tüstülətməyə başladı. Haydi Alm-Öhinin qarşısında dayanıb gözlərini ona dikərək təəccüblə baxırdı.

      – Nə var, nə baxırsan? – qoca donquldandı.

      – Elə gülməli görünürsən ki! – Haydi dedi.

      – Doğrudan?! Niyə belə fikirləşirsən? – Alm-Öhi maraqla soruşdu.

      – Çünki uzun saqqalın və qalın qaşların var, – Haydi dilləndi.

      – Hmm! Başqa nə kəşf eləmisən? – qoca yenə mızıldandı.

      Haydi əli ilə yamyaşıl çəmənlikləri, sıldırım qayaları göstərərək:

      – Buranın çox gözəl yer olduğunu! – dedi.

      Qızın gözlərinin içi gülürdü. Qoca kişinin qırışmış sifətində də yüngül təbəssüm sezildi:

      – Deməli belə! Onda ətrafına yaxşı-yaxşı bax və zövq al!

      Haydi evin ətrafında dövrə vurmağa başladı. Sonra dayanıb aşağıya, vadiyə tamaşa elədi. Axırda daxmanın yanında bitmiş, başı az qala buludlara dəyən üç şamağacından birinin altında çömbəldi. Uşaq qocaman şamağacılarının yarpaqları arasından uğuldayaraq keçən, budaqları yelləndirib silkələyən küləyin səsinə qulaq asdı. Haydi

Скачать книгу


<p>1</p>

Donluq – maaş, aylıq