Haydi. Йоханна Спири
Чтение книги онлайн.
Читать онлайн книгу Haydi - Йоханна Спири страница 3
Amma Haydi heç nədən qorxmurdu. Odur ki oğlanın sözlərinə bir o qədər də əhəmiyyət vermədi. Qızcığaz sıx otların üstündə oturub çiçəklərin ətrini içinə çəkirdi. Birdən o, başını qaldırıb qayalara baxdı; sanki bu iri daş parçalarının gözü, qaşı, ağzı, burnu vardı, onlar köhnə tanışları kimi Haydini salamlayırdılar.
Haydi qollarını, ayaqlarını oxşayan sərin küləyi hiss elədi. Qızcığaz indi qımıldanmadan çəmənlikdə oturmuşdu; bu günəcən özünü heç vaxt belə rahat, xoşbəxt hiss eləməmişdi!
Haydi ətrafdakı mənzərəyə tamaşa etdiyi vaxt Keçi Peter çəmənlikdə uzanıb yuxuya getmişdi. Birdən qızcığazın başının üstündən qaqqıltı səsi gəldi. Haydi çox qorxdu, başını yuxarı qaldıranda səmada qanadlarını iki yana açmış iri bir quş gördü.
– Peter, oyan! – deyə qışqırdı. – Bax gör nə böyük quşdur!
Peter gözlərini qıyıb yuxarı baxdı:
– Hə, nə olsun? – deyə mızıldandı.
– Bu hansı quşdur? – Haydi soruşdu.
– Yırtıcı quşdur, – Peter əsnəyərək dedi.
– Bəs hara uçdu?
– Öz yuvasına!
– Yuvası haradadır ki?
– Bütün yırtıcı quşlar bax orada, ən yuxarıda özlərinə yuva qururlar.
Peter bunu deyib əli ilə dağın zirvəsini göstərdi. Sonra da ayağa qalxıb keçilərə baxmağa getdi. Keçilərdən bəziləri gözünə dəymədiyindən barmaqlarını ağzına aparıb astadan fit çaldı. Keçilər dərhal qaçıb gəldilər və oğlanın ətrafında hoppanıb-düşməyə başladılar. Haydi də onların arasına qarışaraq atılıb-düşürdü. Sonra üzünü Peterə tutub dedi:
– Bütün keçiləri tanımaq istəyirəm.
Heyvanlardan birinin buynuzundan yapışıb dilləndi:
– Deyəsən, ən nadinc keçi budur.
– Düz tapdın! – Peter dedi. – Adı Türkdür, həmişə o biri keçilərə sataşır, onları buynuzlayır. Bircə Təkədən qorxur. Çünki Təkənin buynuzları çox itidir.
Haydi Təkəni tutmaq istəsə də, bacarmadı: bu iribuynuz keçi çox cəld idi, qaçaraq uzaqlaşdı.
Birdən uşaqların qulağına həzin mələrti səsi gəldi.
Keçi Peter:
– Bu, Qartopudur, – deyərək yerdə yatan qar kimi ağappaq çəpişi göstərdi.
Haydi çəpişin yanına qaçdı, onu qucağına götürdü:
– Yazıq Qartopu nədənsə qorxub, deyəsən…
– Ola bilər, – Peter dedi. – Dünəndən anasından ayrı düşüb. Ana keçini satdılar.
Haydi:
– Zavallı çəpiş! – deyərək heyvanı nəvazişlə sığallamağa başladı. – Bəs nənəsi, ya da babası var? – deyə soruşdu.
– Yoxdur, – Keçi Peter bunu deyib çomağını havada atıb-tutdu.
– Eybi yox, mən buradayam, – Haydi çəpişin qulağına pıçıldadı. – Nə vaxt istəsən, yanıma gələ bilərsən, eşitdin?
Haydiyə elə gəldi ki, çəpiş onu başa düşdü, hətta başını tərpədərək sözlərini anladığını təsdiqlədi. Qız Qartopunu yerə qoydu. Çəpiş ürkək-ürkək Haydiyə baxdı, sonra qaçıb keçilərin arasına qarışdı.
Haydi sevinclə öz-özünə dedi:
– Deyəsən, Qartopuya bir az da olsa, təsəlli verə bildim.
Həmin vaxt Peter heybəsini yerə qoyub içindəkiləri çıxararaq otun üstünə düzmüşdü. Sonra Qucuğazı sağdı və Haydiyə bir kasa dolusu süd verdi. Qoca baba Haydi üçün o qədər çox çörək və pendir qoymuşdu ki, qız hamısını yeyib qurtara bilməzdi. Odur ki həm çörəkdən, həm də pendirdən bir parça kəsib Peterə verdi. Oğlanın üzü güldü, Haydiyə «sağ ol» deyib toqqasının altını bərkitdi.
Yaylaqda vaxt sürətlə keçdi; indiyə kimi Haydinin həyatında bu qədər tez keçib-gedən gün olmamışdı. Qız səssiz-səmirsiz çəmənlikdə oturub günəşin dağların arxasına çəkilməsinə tamaşa eləyirdi. Elə bu vaxt qayalıqlar parıldamağa və ətrafa qığılcım saçmağa başladı. Haydi cəld ayağa qalxıb təşvişlə qışqırdı:
– Peter, yanğın, yanğın! Dağlar yanır! Şamağacılarını od tutub! Yazıq yırtıcı quş! O da yanıb külə dönəcək! Peter, ora bax! Səma da alışıb-yanır!
Çəmənliyə uzanmış Peter yerindən qımıldanmadan dedi:
– Hər gün belə olur. Bu, yanğın-filan deyil.
– Bəs nədir?
– Günəş dağlara «Gecəniz xeyrə qalsın!» deyir.
Haydi «alov» un qayalardan çəkilməsini, dağların yenidən bomboz rəng almasını çaşqınlıqla seyr elədi.
– Sabah da belə olacaq? – deyə soruşdu.
Keçi Peter başı ilə təsdiqlədi. Sonra da soruşdu:
– Mənimlə yenə yaylağa gələrsən?
Haydi sevinclə:
– Lap hər gün gələrəm! – dedi.
4. Keзi Peter və onun kor nənəsi
Haydi Peter və keçilərlə birlikdə bütün yay boyunca qayalıqların ətəyindəki ən gözəl otlaqlarda dolaşdı. Günün altında gəzməkdən rəngi qaralmışdı, təmiz dağ havası isə qızın bədənini möhkəmləndirib gücləndirmişdi. Özünü əvvəllər olmadığı qədər sevincli və xoşbəxt hiss eləyirdi. Payız gəlib, havalar soyumağa, güclü küləklər əsməyə başlayanda Haydi artıq örüşə getməyib qoca babanın yanında qaldı. Babası küləyin qızcığazı yamacdan aşağı atmasından qorxurdu. Haydi və Keçi Peter artıq birlikdə vaxt keçirə bilmədikləri üçün məyus olmuşdular. Keçi Peter «Haydi yanımda olmayanda darıxıram» deyə şikayətlənirdi.
Amma qoca baba soyuq günlərdə dağda balaca uşaqları hansı təhlükələrin gözlədiyini yaxşı bilirdi, odur ki Haydini heç yerə buraxmırdı. Çox keçmədi ki, Haydi qoca babanın yanında da özünə məşğuliyyət