İblis busəsi. Яшар Буньяд

Чтение книги онлайн.

Читать онлайн книгу İblis busəsi - Яшар Буньяд страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
İblis busəsi - Яшар Буньяд

Скачать книгу

güllələr göy üzündə bir atəşfəşanlıq yaratmışdı ki!.. Qonşu düşərgədə toplardan atəş açılmasaydı bir göz qırpımında hamımızı it kimi gəbərdəcəkdilər. Amansız döyuş yarım saatdan az çəksə də mənə elə gəldi bu dəhşətin sonucu olmayacaq…

      Polkovnik Romanov özündən çıxmışdı; kəşfiyyatın məlumatına görə çalmalılar çox uzaqda olmalıydı. Sanki göydən düşdülər, bəlkə də yerdən çıxdılar – bilmək olmurdu. Gəldikləri kimi də cəmi üç nəfər itki verərək yoxa çıxdılar. Bizim itkimiz isə iyirmi beşi keçmişdi. Öldürülənlərin çoxu keşikdə duranlar idi – yazıq uşaqların başlarını qurbanlıq qoyun kimi xirtdəyindən üzmüşdülər. Özümü tanıyandan bu qədər qan görməmişdim.

      Səhər meyidləri “Ural” a yükləyəndə bildim ki, Timofeyi də evlərinə “göndərirlər”…

      Onu döydüyümə görə çox heyfisləndim.

      O gündən daha ayıq-sayıq olmağı tapşıran polkovnik Romanov bütün zabitlərə əmr verdi ki, gecə – gündüz gözətçiləri postlara cüt-cüt qoysunlar.(Əlbəttə! Canlı hədəf deyildikmi?!)

      …Yaxınlıqdakı dərənin o üzündə balaca kənd vardı. Kəşfiyatın məlumatına inamını itirən polkovnik əmr verdi ki, çalmalıların – əfqan mücahidlərinini gizlənib-gizlənmədiyin dəqiqləşdirmək üçün ora başqa dəstə göndərmək lazımdır.

      Dəstənin başçısı leytenant Kostalevski məni, Qlebi, bir də tacik Parvozu seçib hazırlıq görməmizi əmr edəndə Andreyin də dəstəmizə qoşulmasını xahiş etdim – bilirdilər – özümdən aralı qalmasını istəmirdim. Qəribədir, leytenant Andreyin zəif görünüşünə baxmayaraq ürəyində “bu ələngəni niyə əsgər çağırıblar” deyə ağzını büzdüsə də, razılaşdı.

      Mən bu cəhənnəmə düşəndən sonra “uçebka” da baş vermiş əhvalatı unutmuşdum. Hər saniyə ölüm qoxusu gələn tozanaqlı əfqan torpağında elə “xırda” dava-dalaşı yada salmaq, nədənsə, gülünc gəlirdi mənə. Amma indi, Andreyin də bizimlə “fərsiz” kəşfiyatçıların məlumatlarını dəqiqləşdirmək üçün (guya biz kəşfiyyat məktəbin bitirmişdik?!) dəstəyə salınmasını xahiş edəndə Qlebin ətli cəmdəyinə vicvicə düşdüyünü hiss etdim. Timofeyin həlakından sonra artıq güvənəcəyi kimsə də yox idi. Hətta, “o gedirsə…  mən qalıram” demək könlündən keçdi də. Amma müharibədə könüldən çox şey keçər. Bizi isə ölməyə gətiriblər bu boz səhralara, ölməyə!..

      Yük torbamıza iki günlük “suxoy payok”, hərəyə dörd maqazin patron, qumbara, siqnal raketləri, yağışdan, həm də gecənin soyuğundan qorunmaqçün plaş-palatkamızı götürüb axşamüstü dağlara tərəf yola düşdük. Avtomatın süngüsünü palçıqla sürtürdük ki, qaranlıqda parıldamasın.

      Bizim mövqeyimizdən baxanda o nəhəng dərənin üstündəki gil və qamışdan, qaya daşlarından yapılmış kənd ovuc içi kimi görünürdü, amma, ora getmək üçün qarşıdakı sıldırım qayalıqların arasıyla üzüyuxarı getmək, sonra da yol-iriz tapıb aşağıya enmək lazım idi. Tacik balası Parvozdan özgə belə sıldırım dağları görməmiş dəstə üzvlərini çətin və təhlükəli aşırım sehirli qüvvə kimi özünə çəkirdi.

      Bir kilometrə yaxın, bəlkə də bir az çox getmişdik ki, narın-narın yağış yağmağa başladı – yayda, ilanmələyən bu yerlərdə nə bivaxt yağış idi, anlamadıq. Cavan leytenantımız avtomatları qundağı yuxarı asmağı əmr etdi ki, süngülərə vurduğumuz palçıqğı yağış yumasın. Elə də etdik. Plaşlar uzun və gen idi, yoxsa biz bəstəboy olduğumuzdanmı balağı ayaqlarımıza dolaşdıqca sürüşkən qaya parçalarının üstüylə yerimək çətinləşirdi? Yuxarı çıxdıqca yol bir üzü uçurum, bir üzü də qayalıq boyu dar cığıra çevrilir, ayaqlarımız çəkmələrin içində “oynayırdı”.

      Arxada qoyduğumuz müdhiş mənzərə gecənin zülmətində itib-batdıqca haradasa bir ayaq enində ağac parçasının üstündə yeriyən kəndirbaz kimi tarazlığı itirmədən kor-koranə, cınqırımızı belə çıxarmadan qarşımızdakı əcaib qaranlığa sarı gedirdik…

      Leytenant bir kaha gördü.” Burda gecələyək!” deyib kahaya girdik. Çörək, tuşonka çıxarıb iştahla yeyəndən sonra plaşımıza bürünüb yatışdıq. Andrey növbə çəkirdi…

      …Nə qədər uzaq da olsa o qədər yaxın xatirələrim Mədəti də yaddaşımın izinə salmışdı. Yenə də “yormuram ki?” soruşdum. Marağını gizlətmədi:” Sonra nə oldu?” dedi.

      …Səhər açılar – açılmaz gözünün acısını almış leytenant qalxmağımızı əmr etdi. Özümüzü sahmana salıb yola düzəldik. Yağış kəsmişdisə də yöndəmsiz qayaların üstüylə axıb gələn lilli suyun son damcıları, ahəstə-ahəstə dar cığır boyu sərələnmiş qənbər daşların arasıyla süzülüb uçrumun altındakı dərəyə tökülürdü. Yüksəklikdəki axırıncı qayalıqdan dönüb aşırıma düşürdük ki, ucu-bucağı görünməyən boz dağların arxasında günəşin ilk işıltısı gözlərimizi qamaşdırdı.

      Bu necə kənddi? Nə bir xoruz banladı, nə azan səsi eşitdik. Səhər isə açılırdı…

      Üzü aşağı düşmək bizə asan gəldi. Yağış kəsdiyinə görə yığıb torbamıza qoyduğumuz uzun plaş daha hərəkətimizi ağırlaşdırmır, nə də daş-kəsək altında gillənmiş torpaq daha ayağımız altında laxlamırdı. Bəzən çəpəki, gah biri-birimizdən, gah da yarpaqları mücəlib qurumuş çır alça kollarından yapışaraq axırıncı aşırımı keçib kəndə çatdıq.

      Bir tərəfdən dağın sinəsində, bizim düşərgəyə sarı isə dibi görünməyən dərənin beş-on metrliyində yerləşən bu məkan kənddən çox, üstünü çətir kimi bağlayan nəhəng qayalığın altında qurulmuş müvəqqəti sığınacağa oxşayırdı; nə bir ağac, nə bulaq vardı, nə də ins-cins həniri gəlirdi. Sanki, yüz illərdi bura canlı ayağı dəyməyib. Balaca, əyri-üyrü dalana qucaq açmış palçıq daxmalar bir haya bənd idilər ki, ovulub tökülsün, yerlə-yeksan olsun.

      Leytenant ətrafı nəzərdən keçirdi.” Bəs hanı bu lənətə gəlmiş düşman? Deməli kəşfiyatçılar düz məlumat veriblər?!” Sakitlik idi. Biz də ogünkü müsibəti yada saldıqca “düşmən” lə üz-üzə gəlmədiyimizə görə gizlincə sevinirdik. Amma bu sevinc üzdə idi, içimizdə anlaşılmaz bir qorxu, ürəyin damarlarını titrədən vahimə vardı. Bunu danmaq mümkün deyil. Beləydi.

      Leytenant Kostalevski boynundakı durbinlə ucsuz-bucaqsız dərə boyu uzanan yola nəzarət edir, Parvozla Andrey isə adamı vahiməyə salan ölü kəndin əhatəsində bu yerlərə nabələd insanı ilk baxışdan aldadan oxşar, ekiz təsəvvürü yaradan, əslində isə hər qarışında bambaşqa mənzərə, başqa rəng, min illərin tarix yaddaşı uyuyan boz dağların tilsiminə düşmüşdülər. Qleb avtomatını dizləri arasına sıxıb dərənin uç metrliyində oturmuşdu.

Скачать книгу