Atanız Atatürk. Falih Rıfkı Atay
Чтение книги онлайн.
Читать онлайн книгу Atanız Atatürk - Falih Rıfkı Atay страница 4
Müdir namuslu adam idi. Buna görə də gənc tələbələrinin bada getməsini istəmirdi. İçərini araşdırarkən özünü soyuqqanlı apararaq stolun üstünə düzülmüş yazılara fikir vermədi. Yəni onları görmürmüş kimi davrandı. Sonra da dərsdən kənar işlərlə məşğul olduqları üçün hamısına kiçik cəzalar verməklə məsələni bitmiş elan etdi. Bir müddət keçdi və müdir ümumiyyətlə cəzaları aradan qaldıraraq tələbələrin hamısının günahını bağışladı.
Mustafa Kamal o zamanlar ürəyində olan narahatlığın, duyduğu kədərin səbəbini bu cür anlatmışdı: "O zamanlar İstanbulda, Hərbi Məktəbdə bir əsgər idim. Cəmi iyirmi yaşım vardı. Bu gənc özünü hələ tam şəkildə anlamadığı bir sıra duyğu və düşüncələrə qapdırmışdı. Küskün idi. Üsyankar idi. Kimə və nəyə qarşı küsmüşdü, nəyə üsyan edirdi? Əgər həmin an ondan soruşsaydınız, özü də bu suala dəqiq cavab verə bilməzdi".
Bir gün yoldaşlardan biri ondan soruşdu:
– Sən "qalx" əmri veriləndə heç cür yuxudan ayıla bilmirsən. Növbətçi əsgər çarpayını silkələməyincə, ayağa qalxmaq istəmirsən. Nə olub axı sənə?
Gənc əsgər dedi:
– Axı mən yatağa girdikdən sonra sizin kimi o dəqiqə dərin yuxuya dalmıram… Gözümə səhərə qədər yuxu getmir. Elə yenicə yuxulamaq istəyirəm ki, bir də görürəm, oyanmaq əmri verilir.
Həmin günlərdə hərbi müəllimlərdən biri gözlənilmədən sinifdəki tələbələrlə bir məsələ haqqında danışmağa başladı:
– Müharibənin nə olduğunu artıq bilirsiniz. Ancaq bir də "partizanlıq" deyilən bir şey var ki, bu, qətiyyən asan yol deyildir. Partizanlıq döyüşü aparmaq da, bu döyüşü yatırmaq da çox çətin məsələdir.
Sonra misal göstərə-göstərə tələbələri bir-bir imtahana çəkməyə başladı:
– Məsələn, belə fikirləşin: Osmanlı İmperatorluğunun dövlət mərkəzi İstanbuldur. Təsəvvür edin ki, hansısa səbəbdən Boğaziçinin şərq sahili ilə İzmir körfəzi arasında xalq dövlətə qarşı üsyan qaldırıb. Özləri də partizan dəstəsi yaradıblar. İndi sual verirəm: sizcə, xalq belə bir üsyanı nə üçün qaldıra bilərdi? Və ən əsas məsələ: dövlət belə bir üsyan qalxarsa, öz ordusu ilə onu necə yatıra bilər?
Bu sualların ən gözəl cavablarını başqa biri deyil, həmin o yatmayan uşaq, yəni Mustafa Kamal verdi. Çünki ağlı da, fikri də çox vaxt belə məsələlərə ilişib qalır, dayanmadan bu barədə düşünürdü.
Bu elə bir dönəm idi ki, Mustafa Kamal padşahı da, rejimi də artıq sərbəst şəkildə tənqid etməyə başlamışdı. Düzdür, o bu şirin və cəlbedici söhbətləri ancaq hörmət etdiyi və onun hörmətini qazanan dostları arasında, bir də özünə qəlbən bağladığı tələbələrlə edirdi. Amma bununla belə, aradabir onların içində də Mustafa Kamaldan məktəb idarəsinə şikayət edənlər tapılırdı. Beləliklə də o, yalnız bir-iki dəfə həbs cəzası alaraq məktəb həyatını tamamlamağı bacardı.
Mustafa Kamal min doqquz yüz dördüncü ilin dekabr ayında kurmay yüzbaşı[6] rütbəsi ilə Hərbi Məktəbdən məzun oldu. Bir neçə yoldaşı ilə birləşərək İstanbulda ev tutdular. Hərbi Məktəbdən tanıdığı və inandığı başqa dostları da vardı. Onlar arada bir yerə yığışır və artıq ən az hərbi iş qədər maraqlarını çəkən siyasətlə bağlı söhbətlər edirdilər.
Elə bu ərəfələrdə əsgərlikdən qovulmuş köhnə bir tanışı Mustafa Kamalla görüşməyə gəldi. Mustafa Kamal yaşamağa yeri, dolanmağa pulu olmayan bu zavallını özlərinin tutduqları evə gətirmək məcburiyyətində qaldı. Dostları ilə birləşərək ona da baxmağa başladılar. Amma, sən demə, həmin bu keçmiş zabit saray xəfiyyələrindən biri imiş. Mustafa Kamal ilə dostlarının harada və necə toplandıqlarını, nə barədə danışdıqlarını, onların etdiyi bütün bu yaxşılıqlara baxmayaraq, saraya xəbər verdi. Beləcə, çox keçmədi ki, hamısını həbs etdilər.
Düzdür, əvvəlcə Mustafa Kamalı təkbaşına həbs etmişdilər. Bir müddət saxlayıb buraxdılar. Sonra təkrar tu-tub padşahın sarayındakı mabeyin[7] dairəsinə götürüb istintaqa çəkdilər. Bu sorğu-sual bir neçə gün davam etdi. Uzun-uzadı çək-çeviri bitirib hamısını azadlığa buraxdılar. Amma yüzbaşı Mustafa Kamal bəzi yoldaşları ilə birlikdə min doqquz yüz dördüncü ilin mart ayında Şamdakı orduya sürgün edildi.
Şam o zamanlar Beşinci Ordunun mərkəzi idi. Sürgün kağızında hara göndərildiyi ilə bağlı məlumatdan başqa, "bir yol tapıb dönə bilməyəcəyi bölgəyə göndərmək", – kimi maraqlı bir qeyd də edilmişdi.
Şama getmək Mustafa Kamalın əsgərlik və inqilabçılıq fəaliyyətində böyük rol oynadı. Orada onun əsas işi piyada dəstəsindəki əsgərlərin təlimi ilə məşğul olmaq idi.
Çünki komandir o zamanlar "alaylı" adlandırılan təhsil görməmiş zabitlərdən biriydi.
Mustafa Kamal öz işinə aşiq insan olduğu üçün bütün vaxtını vəzifəsinə həsr edirdi. Onun tez bir zamanda dəstəsinin təlimində qazandığı uğur Şamdakı böyüklü-kiçikli bütün zabitlər arasında tanınmasına səbəb oldu.
Havran Suriya vilayətinin bir bölgəsi idi. Bu bölgədəki dürzilər[8] tez-tez dövlətə qarşı üsyan edirdilər. Yüzbaşı Mustafa Kamal yoldaşları ilə bərabər buradakı üsyanları yatırmaq üçün təşkil olunan əməliyyatlara qatılaraq silahlı qarşıdurmalarda ilk təcrübəsini qazanacaqdı. Əlbəttə, hədəfə dəqiq vurmaq üçün mütləq çalışması, bu işdə də uğur qazanması lazım idi.
Onu da deyim ki, bu cür üsyanlar bəzi adamlar üçün soyğunçuluq etməyə yaxşı fürsət verirdi. Yüzbaşı Mustafa Kamal da bunu başa düşmüşdü. O anlamışdı ki, Havranda tez-tez aranın qarışmasını arzulayanlar və bu gedişatı hazırlayanlar var. Və onlar asan yolla pul qazanmaq istəyən araqarışdıran soyğunçulardır.
Mustafa Kamal bir gün həmin əraziyə dəstə göndəriləcəyi xəbərini aldı. O zamanlar ikiotaqlı kiçik bir evdə yaşayırdı. Axşamüstü zabit yoldaşı Mustafanın evinə gələrək bu xəbəri ona çatdırdı:
– Xəbərin varmı, sən də getmək üzrəsən?
– Kim gedir, hara?
– Bizim təcrübə keçdiyimiz alay Havrana yola düşür də. Bilmirsən məgər?
– Bu necə olur axı? Niyə mənim bundan xəbərim yoxdur?!.
– Hə, gedirik, özü də bu axşam.
Xəbəri
6
Ştabs kapitan
7
Mabeyin Osmanlı sarayında padşahın şəxsi qələm müdürlüyü işlərini görən qurumdur. Xüsusilə də XIX əsrdə bu qurum böyük əhəmiyyət daşımışdı. Mabeyin sözünün mənası ərəbcə iki şeyin arası deməkdir. Əvvəllər sarayın hərəm ve salamlıq bölümləri arasındakı dairəyə verilən ad kimi istifadə olunurdu. Zaman keçdikcə bu dairədə çalışan insanların sayı artdı. Mabeyinçi adı verilən bu adamlar padşahı qorumaq, xalq və Babi Aliylə olan münasibətləri idarə etmək, saraya gələn ziyarətçilərin ziyarətlərini təşkil etmək, saray protokoluna əməl etmək kimi vəzifələri yerinə yetirirdilər. II. Abdülhamidin dövründə dövlətin idarə olunması Babi Aliden daha çox saraydan edildiyi üçün Mabeyin dairəsi 1876-1908-ci illər arasında dövlətin ən güclü qurumuydu. Mabeyin qurumu 1908-ci ildə məşrutə elan edilməsindən sonra öz əhəmiyyətini itirməklə bərabər Səltənətin qaldırılmasına qədər fəaliyyət göstərmişdir.
8
Suriyanın Havran bölgəsində, Livanın bəzi bölgələrində və buralara yaxın bölgələrdə yaşayan və özlərinə aid məzhəbləri olan topluluq.