Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi. Fərəh Pəhləvi

Чтение книги онлайн.

Читать онлайн книгу Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi - Fərəh Pəhləvi страница 5

Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi - Fərəh Pəhləvi Xatirə ədəbiyyatı

Скачать книгу

ustalıqla apardıqları böyük səbətlər içində bizə mövsüm meyvələrini gətirirdilər. Qışda mandarinlər, portağallar, fırnıda bişirdiyimiz çuğundurlar… Sonra səbirsizliklə yayı gözləyirdik; çiyələkləri, göy ərikləri, almaları dadmaq üçün. Satıcılar təzə-tər qalmaqdan ötrü turpların, təzə soğanların, nanə, tərxun və vəzərilərin üzərinə daim su səpirdilər. Nəhayət, Tehranın həmişə çox isti keçən ilk yay günlərində gilaslar, mis qoxulu almalar, qaysılar, daha sonra da qovunlar, qarpızlar gəlirdi. Və əlbəttə, dondurma satıcıları! Biz bütün bunlara heyrətlənsək də, satıcılara yaxınlaşmağımız yasağıydı. Böyüklər növbəylə ağlagələn hər cür mikrobla dolu olan bu dondurmaların sağlamlığa nə qədər zərərli olduğunu başa salmağa çalışırdılar. Hələ də Rzayla bərabər dovşan kimi qapının üstündən adlayıb nazik halva arasındakı bu nəfis zəhəri yediyimizi unutmamışam. Küçənin tozuna bulaşdıqları üçün “xoruz şəkəri” dediyimiz əmmə konfetləri də bizə qadağan eləmişdilər.

      Ancaq əsl təhlükə sudan gəlirdi; su şəhərdə çox dəyərliydi və o dövrün Tehranında həyatın axarını adətən su göstərirdi. Şəhəri təmin eləyən yalnız iki qaynaq olduğundan içməli su çox azıydı. Atların dartdığı, bütün şəhəri gəzən çənli arabalar bizə də su gətirirdilər. Səyyar səbzi satıcıları kimi, suçular da gəldiklərini xəbər vermək üçün özlərinə xas nəğmələrini oxuya-oxuya çağırırdılar. Dərhal qablar çıxarılır, suçu da onları bir neçə quruş müqabilində doldurub gedirdi.

      Təmizlik və ev işləri üçün istifadə edilən su Tehranın quzeyindəki Elbrus dağlarından gəlir və kiçik açıq kanallardan ibarət ibtidai şəbəkə bütün küçələrə su paylayırdı. Bu bulanıq suyu götürmək üçün hər səmtə müəyyən bir gün ayrılmışdı. Kiçik dəhnələrlə suyun istiqaməti dəyişdirilir, beləcə, bir neçə caat ərzində evlərin altındakı çənlərə, ya da bağçadakı, həyətdəki hovuzlara axıdılırdı. Bizim evdə həm çən, həm də hovuz vardı. Hovuza axan suda yuxarıdan üzüb gələn qarpız qabıqlarını, quru yarpaqları, siqaret kötüklərini, kiçik taxta parçalarını maraqla izləyərdim. Bir neçə gün sonra selinti dibə çökür, su damın altındakı çənə vurulub mətbəxdə və hamamda istifadə olunurdu. Çənə atılan kirəc məhluluna baxmayaraq, bu səbəbdən suyun içində xırda qurdlar qaynaşırdı, bizə kranlardan qəti su içməməyimiz daim təkrarlanırdı.

      Küçənin bizi cəlb eləyən qarmaqarışıqlığı arasında bəzən oyuncaq satıcısının səsi də eşidilirdi. Uşaqların xəyallarını bəzəyən hər cür oyuncaq, başında apardığı səbətin iki tərəfində salxım-salxım, saçaq-saçaq düzülüydü. Taxtadan və ya bişmiş torpaqdan qavallar, rəngbərəng kağız fırlanğıclar, şarlar, fişənglər, ipatdılar və bu cür oyuncaqların hamısı biz uşaqlar üçün xəzinə dəyərindəydi. Ara-sıra satıcıdan bizə oyuncaq alınsa da, əsasən, oyuncaqlarımızı özümüz düzəldirdik, bəzən ev xidmətçiləri də bizə kömək edirdilər. Çağalarımızı araba arzusuyla ayaqqabı qutularında gəzdirirdik. Oğlanlar köhnə velosiped təkərlərini çəmbər kimi çevirirdilər. Kuklalarımıza da böyük ustalıqla ordan-burdan topladıqları parçalar düzəldirdilər… Mənim xəzinəmdə iki xarüqə oyuncaq vardı: “Ana” deyən kukla və sahibinə əlahiddəlik verən BSA markalı, əsl ingilis malı olan velosiped.

      Oyuncaq satıcısından başqa bəzən “səyyar kino” göstərən də peyda olar və sehrbaz kimi bizi əyləndirərdi. Parlaq mislə örtülü qutusunda dörd ədəd göz dəliyi vardı. Uşaqlar pulu verib gözlərini bu deşiyə dayayanda, adamın inana bilmədiyi, fövqəladə mənzərəyə oxşayan rəsmləri və şəkilləri görürdü. Səsi də mənzərənin həyəcanlı, ya da komik olmasına görə, dəyişən tonlara ayrılırdı; mahnı oxuduğu da olurdu. Bizim hərfi mənası “Avropa şəhəri” (Shahre Farang) olan bu böyüdücü qutunun cazibəsinə qarşı durmağımız heç mümkün deyildi. Ona görə də traxomaya yoluxmağımızdan qorxan ailəmiz bizə bu sehrli qutunu da yasaq eləmişdi. Traxomanın o qorxulu bakteriyası gözə çox tez düşür və bir çox uşağın kor olmasına səbəb olurdu.

      Rzayla mənim bəxtimiz gətirdi, traxomaya yoluxmadıq, amma mən “Şərq çibanı”ndan qurtula bilmədim. Bu, traxoma qədər təhlükəli xəstəlik olmasa da, çibanı törədən milçəyin qoyduğu iz ömür boyu qalır. Mənim çiban izim sağ əlimin üstündədi. Fəlakəti yenə asan keçirdiyimizi düşünən atam həkimdən qalacaq izin çox kiçik olması üçün əlindən gələni eləməsini rica edib. Ona: “Bilmək olmaz, doktor bəy, bəlkə də günün birində adamlar qızımın əlini öpəcəklər…”, – dediyini anam mənə danışmışdı.

      Küçədə məni cəlb eləyən bu qədər çox şey olmasına baxmayaraq, ən böyük xoşbəxtlik yayda Tehrandan ayrılıb Elbrus yamaclarında salınan Şəmirana getməyiydi. Beləcə, şəhərin insanı bezdirən cəhənnəm kimi istisindən, tozundan qurtulur, dağların təmiz havasını udur, axşamlar da ləzzətli sərinlik hiss eləyirdik. Bu gün Şəmiran Tehranın quzeyində varlıların yaşadığı, çox yaraşıqlı yaylaq şəhərinə dönüb. Mən uşaq olanda, şəhər mərkəzindən on iki kilometr uzaqda, min səkkiz yüz metr yüksəklikdə salınmış balaca, gözəl bir qəsəbəydi. Bu cənnət guşəsində iki aylığa villa kirayələyirdik. Kef daha çox səfərlə başlayırdı. Hamımız atamın böyük “Ford” maşınına doluşurduq, xidmətçilər də faytonla arxamızca gəlirdilər. Sanki karvandaydıq, başqa yerə köç eləyirdik. Qocaman çinarların, kiçik sarı gül fidanlarının arasında qıvrıla-qıvrıla gedən bu yola heyran olurduq. Analar topladıqları qönçə güllərdən şərbət düzəldərdilər.

      Şəmiranda evləri olan bir çox qohum və tanışla görüşürdük. Onlarla ara-sıra evcik oynadığım olurdu, amma bu çox sürməzdi. Mən daha çox oğlanlar kimi top qovmağı, gizlənpaçı, eşşək belində və ya piyada dağda-daşda dolaşmağı sevir, günorta yuxusundan qaçmaq üçün mümkün olan hər şeyi eləyərdim. Əllərimi palçığa batırıb torpaqla ev tikməkdən xoşlanar, təzə ceviz sındırar, barmaqlarımın qapqara olmasına fikir verməzdim. Əlimizi qaratut yarpaqlarıyla təmizlədiyimizi xatırlayıram. Xoşum gələn şeylərdən biri də ağaclara dırmanmağıydı. Hamısı mənim dostlarımıydı. Armud, alma, ceviz, qarağat, tut ağaclarını bir-bir tanıyırdım, bəzən ağacın başına çıxanda, oyunu belə unudar, düşməyi heç ağlıma gətirməzdim. Budaqların münasib yerinə örtük salır, özümə yuva qurub oturardım; göy üzünün ənginliyinə dalar, xəyallara cumardım; axşam düşər, evdəkilər məni görməyəndə narahat olardılar.

      Şəmiranda axşamlar son dərəcə gözəliydi. Hamımız ailəlikcə kənd meydanında toplanardıq. Şiş kababı, közə basdırılmış qarğıdalı, təzə ceviz, hər cür şirniyyat satıcıları da orda olurdu. Dondurma burada artıq qadağan deyildi. Ata-analar gəzinəndə, ya da qəhvə arxasında oturanda, biz uşaqlar kiçik dükanların arasında dolaşıb şirniyyat yeyər, əylənərdik. Evə dönəndə, çox zaman böyük salonda hamımızın birlikdə yatmağımıza icazə verilərdi. Bütün qışı rahatca ata-anamızın otaqlarında yatdığımızdan, Rzayla məndən ötrü yerə sərilən döşəklərin üstündə yatmaq ağlagəlməz əyləncəydi; elə bil, dünya tərsinə dönürdü.

      Tehrandakı italyan məktəbinə getdiyim

Скачать книгу